Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/TAHA SURƏSİ

Vikimənbə saytından
Quran. TAHA SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(yüz otuz beş ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, Rəhmli Allahın adı ilə !


1. Ta, Ha.

2. Biz Quranı sənə göndərməmişik ki, sən əziyyətlərə düşəsən.

3. Onu ancaq (göndərmişik ki,) (Allahdan) qorxan kəs üçün bir öyüd- nəsihət ola.

4. (Quran) yeri və uca göyləri yaradandan hissə-hissə olaraq nazil edilmişdir.

5. Mərhəmətli Allah ərşdə qərar tutmuşdur.

6. Göylərdə, yerdə, onların arasında və yerin altında nə varsa, Ona məxsusdur.

7. Sən səsini yüksəltsən də, (yüksəltməsən də fərqi yoxdur). Çünkü O, sirri də, çox gizli olanı da bilir.

8. Allah! Ondan başqa bir tanrı yoxdur. Ən gözəl adlar Ona aiddir

9. Musa haqqındakı hekayət sənə gəlib çatıbmı?

10. O zaman o, bir alov gördü və öz ailəsinə dedi: "Siz burada durun. Mən bir od yandığını görürəm. Bəlkə gedib oradan sizə bir köz gətirəm, yaxud odun yanında bir yol göstərən tapam”.

11. O, oraya çatanda ona bir nida gəldi: “Ey Musa!

12. Mən sənin Rəbbinəm. Nəleynlərini çıxart, axı sən müqəddəs Tuva vadisindəsən.

13. Mən səni seçdim. Sənə vəhy olunanlara qulaq as!

14. Mən, həqiqətən, Allaham. Məndən başqa tanrı yoxdur. Mənə ibadət et və Məni zikr etmək üçün namaz qıl !

15. Həqiqətən də qiyamət günü gələcəkdir. Qiyamət günü hər kəsə öz səyinə görə əvəz verilsin deyə Mən onu [qiyamət gününü] az qala gizli saxlayıram.

16. Qoy buna inanmayan və öz istəyinə uyan kəs səni bundan yayındırmasın və sən məhv olmayasan.

17. Sağ əlindəki nədir, ey Musa?"

18. Musa dedi: "Bu, mənim əsamdır. Mən ona söykənirəm və onunla sürümə yarpaq tökürəm. Ona mənim başqa ehtiyaclarım da vardır”.

19. Allah dedi: "At onu yerə, ey Musa!"

20. Musa onu atdı və o, dərhal sürünərək gedən ilana çevrildi.

21. Allah dedi: "Onu götür və qorxma. Biz onu əvvəlki vəziyyətinə qaytaracağıq

22. Əlini qoltuğunun altına qoy, çıxartdıqda o, bir möcüzə olaraq ləkəsiz dümağ olacaqdır.

23. ki, sənə Biz ən böyük möcüzələrimizdən göstərək.

24. Fironun yanına get. O, lap həddini aşıbdır”.

25. Musa dedi: “Rəbbim, sinəmi geniş et,

26. işimi yüngülləşdir,

27. dilimdəki düyünü aç

28. ki, onlar dediklərimi anlasınlar.

29. Ailəm içərisindən mənə bir köməkçi ver -

30. qardaşım Harunu.

31. Onunla mənim gücümü artır

32. və onu işimdə mənə şərik et

33. ki, biz sənə çoxlu təriflər deyək

34. və Səni çox zikr edək.

35. Axı Sən bizi yaxşı görürsən".

36. Allah dedi: "İstədiyin şey sənə verildi, ey Musa,

37. Biz sənə bir dəfə də kəramət göstərmişdik.

38. O zaman Biz vəhy olunası şeyi sənin anana təlqin etdik:

39. "Onu [Musanı] sandığa qoy, dəryaya tulla, qoy dərya onu sahilə atsın. Onu Mənim və onun bir düşməni [Firon] götürəcəkdir”. Mən (insanlarda) sənə məhəbbət yaratdım ki, sən gözlərim qarşısında boya- başa çatdırılasan.

40. O zaman bacın (sənin ardınca) getdi. O (Firon camaatına) deyirdi: "Onun qeydinə qalacaq adamı sizə göstərimmi?" Beləliklə Biz səni anana qaytardıq ki, gözləri aydın olsun və qəm-qüssə yeməsin. Sən bir nəfəri öldürdün, Biz isə səni qəmdən xilas etdik. Səni başqa sınaqlara da çəkdik. Sən illərlə Mədyən əhli içərisində qaldın, sonra isə öz qismətinə [peyğəmbərliyə] qovuşdun, ey Musa!

41. Mən də səni Özümə (peyğəmbər) etdim.

42. Sən və qardaşın Mənim möcüzələrimlə (insanlar içərisinə) gedin və Məni zikr etməkdə zəiflik göstərməyin.

43. Fironun yanına gedin. Doğrudan da, o, həddini aşıbdır.

44. Ona yumşaq bir söz deyin, bəlkə ağla gələ və ya qorxa".

45. Onlar [Musa və Harun] dedilər: "Rəbbimiz, biz onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq".

46. Allah dedi: “Qorxmayın, Mən sizinləyəm, hər şeyi eşidirəm və görürəm.

47. Onun yanına gedərək deyin: “Biz sənin Rəbbinin peyğəmbərləriyik. İsrail övladlarını bizimlə göndər, onlara əziyyət vermə! Biz sənin Rəbbindən bir dəlillə gəlmişik. Düz yolla gedənlərə salam olsun!

48. Bizə vəhy olunmuşdur ki, əzab, (gətirdiklərimizi) yalan hesab edib üz döndərənlərə olacaqdır",

49. Firon dedi: "Sizin Rəbbiniz kimdir, ey Musa?"

50. Musa dedi: "Rəbbimiz hər şeyə öz şəklini verən, sonra isə ona düz yol göstərəndir".

51. Firon dedi: "Bəs əvvəlki nəsillər necə?"

52. Musa dedi: "Onlar haqqındakı bilgi Rəbbimin dərgahındakı Kitabdadır. Mənim Rəbbim nə səhv edər, nə də unudar".

53. Yer üzünü sizin üçün döşəyib orada sizin üçün yollar açan, göydən su endirib onunla cürbəcür bitkilərdən qoşa-qoşa çıxaran Odur.

54. (Onlardan) yeyin və mal-heyvanınızı otarın. Həqiqətən, ağlı başında olanlar üçün bunda dəlillər vardır.

55. Biz sizi ondan [torpaqdan] xəlq etdik. Sizi oraya da qaytaracağıq və sizi bir də oradan yenidən çıxaracağıq.

56. Biz ona [Firona] möcüzələrimizin hamısını göstərdik. O isə yalan hesab edib qəbul etmədi.

57. Firon dedi: "Sən öz sehrbazlığınla bizi torpağımızdan çıxarmaq üçünmü yanımıza gəlmisən, ey Musa?

58. Biz də sənə buna bənzər bir sehr göstərərik. Sən bizimlə özün arasında nə bizim, nə də sənin pozmayacağın bir vaxt, eləcə də bir yer təyin et".

59. Musa dedi: "Sizin üçün vaxt zinət [bayram] günüdür ki, adamlar səhər çağı bir yerə toplaşalar".

60. Firon dönüb getdi və öz sehrbazlarını toplayıb gəldi.

61. Musa onlara dedi: “Vay halınıza ki, Allaha qarşı yalan uydurasınız. Yoxsa O, sizi əzabla məhv edər. İftira uyduran peşman olar".

62. Onlar [Firon camaatı] işlərini öz aralarında müzakirə etdilər və xəlvətcə məsləhətləşdilər.

63. Onlar dedilər “Bunların hər ikisi həqiqətən sehrbazdır. Onlar öz sehrləri ilə sizi öz torpağınızdan çıxartmaq və sizin bu gözəl yolunuzu (dininizi) məhv etmək istəyirlər.

64. Bütün hiylələrinizi bir yerə cəm edin, sonra isə cərgə ilə gəlin. Üstünlük qazanan bu gün şad olacaqdır".

65. Onlar dedilər:"Ey Musa, ya sən at, ya da birinci atan biz olaq”.

66. O dedi: "Yox, siz atın!" Ona elə gəldi ki, onların kəndirləri və əsaları onların sehrindən sürünüb gedirlər.

67. Musa öz içərisində bir qorxu duydu.

68. Biz dedik: "Qorxma, axı üstün olan sənsən!

69. Sağ əlindəkini yerə at. O, onların düzəltdiklərini tutub udacaqdır. Onların düzəltdikləri ancaq sehrbaz kələyidir. Sehrbaz isə (hansı sehri) edir etsin, xoşbəxt olmaz".

70. Sehrbazlar səcdəyə gətirildilər. Onlar dedilər. “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!"

71. Firon dedi: "Necə ola bilər ki, mən sizə icazə verməzdən əvvəl ona inandınız? Axı o, sizə sehrbazlığı öyrədən böyüyünüzdür. Mən sizin hamınızın əllərini və qıçlarını çarpaz kəsərəm, sizi xurma ağacının gövdəsində çarmıxa çəkərəm və onda siz kimin daha şiddətli və uzun müddətli əzab verən olduğunu bilərsiniz".

72. Onlar [sehrbazlar] dedilər: "Biz səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. Sən nə hökm verirsən ver. Sən ancaq bu dünya həyatı üçün hökm verə bilərsən.

73. Biz Rəbbimizə iman gətirdik ki, günahlarımıza və sənin bizə məcbur etdirdiyin sehrbazlığa görə bizi bağışlasın. Axı Allah (mükafatca) daha xeyirli və əbədidir.

74. Kim günahkar olaraq Rəbbinin hüzuruna gəlsə, onun üçün cəhənnəm vardır. O, orada nə ölər, nə də diri qalar.

75. Kim mömin olub əməlisaleh kimi gələrsə, onlar üçün yüksək dərəcələr -

76. dibindən çaylar axan, əbədi qalacaqları Ədn (cənnət) bağları vardır. Bu, pak olmuş kəsin mükafatıdır.

77. Biz Musaya vəhy etdik: "Gecə vaxtı bəndələrimlə səfərə çıx, ərişilməktən qorxub çəkinmədən dənizdə onlar üçün bir quru yol aç

78. Firon öz qoşunu ilə onları təqib etdi və dəniz onların [qoşunun] üstünü alıb suya qərq etdi.

79. Beləcə Firon öz camaatını azdırdı və bir düz yol göstərə bilmədi.

80. Ey İsrail övladlarıl Biz sizi düşməninizdən xilas etdik, sizə dağın sağ tərəfində (görüş) vədəsi verdik və üzərinizə qüdrət halvası və bildirçinlər endirdik.

81. Sizə verdiyimiz gözəl ruzilərdən yeyin və bunda həddinizi aşmayın. Yoxsa Mənim sizə qəzəbim tutar. Kimə qəzəbim tutarsa, o məhv olub gedər.

82. Həqiqətən də Mən tövbə edəni, əməlisaleh olub sonra düz yolla gedəni bağışlayanam.

83. (Allah dedi): "Camaatından səni ayrılmağa tələsdirən nə oldu, ey Musa?"

84. Musa dedi: "Onlar mənim ardımca gəlirlər. Mən isə Sənə tərəf tələsdim ki, Rəbbim, (daha çox) razı qalasan".

85. Allah dedi: "Biz sənin camaatını səndən sonra sınadıq və samiri [şeytanlardan biri] onlan yoldan çıxartdı".

86. Musa qəzəb və peşmançılıq içində camaatının yanına qayıdıb dedi: "Ey mənim camaatım! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdi? Bu vədin vaxtı sizə çox uzun göründümü? Yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?"

87. Onlar dedilər: "Biz sənə verdiyimiz vədə özbaşına xilaf çıxmadıq. Lakin bizi (Firon) camaatının zinət şeylərindən olan yüklərlə yüklədilər. Biz onları (oda) atdıq, samiri də atdı".

88. Samiri onlar üçün (zinət şeylərinin ərintisindən) böyürtüsü olan bir buzov cəsədi [heykəli] düzəltdi. Onlar dedilər "Bu, sizin tanrınız və Musanın tannsıdır. Lakin o unutmuşdur".

89. Məgər onlar görmürdülərmi ki, o,onlara bir cavab vermir, onlara nə zərər, nə də xeyir yetirə bilir?

90. Harun isə hələ bundan əvvəl onlara demişdi: “Ey camaatım! Siz bununla sınağa çəkilirdiniz. Həqiqətən, sizin Rəbbiniz mərhəmətli Allahdır. Mənim ardımca gəlin və əmrimə tabe olun!"

91. Onlar dedilər "Musa yanımıza qayıtmayınca biz buna [buzova] sitayiş etməkdən ət çəkən deyilik".

92. Musa dedi: "Ey Harun! Onların azdığını görəndə sənə nə mane oldu

93. ki, ardımca gələsən? Əmrimə tabe olmadın?"

94. Harun dedi: “Ey anam oğlu! Mənim saç-saqqalımdan tutma. Mən qorxdum ki, sən deyəsən: “Sən İsrail övladiarı içərisində təfriqə törətdin və mənim sözümə əməl etmədin?’

95. Musa dedi: “Sənə nə olmuşdu (bu işi tutdun), ey samiri?

96. Samiri dedi: “Mən onların görmədiyini gördüm. Mən peyğəmbərin izindən bir ovuc torpaq götürüb (oddakı ərintinin üstünə) atdım. Nəfsim məni (buna) sövq etdi.”

97. Musa dedi: “Çıx get! Sən həyatın boyu: “Mənə toxunmayın!" - deməli olacaqsan. Sənin üçün poza bilməyəcəyin bir vəd [əzab] də olacaqdır. Sən sitayiş etdiyin öz tanrına bir bax. Biz onu yandıracağıq və külünü dənizə sovuracağıq.

98. Sizin tanrınız Özündən başqa heç bir tanrı olmayan Allahdır. O, hər şeyi Öz biliyi ilə əhatə edir".

99. Olub keçmiş əhvalatlardan sənə belə danışırıq. Biz sənə Özümüzdən bir Zikr [Quran] da vermişik.

100. Kim ondan üz döndərsə, qiyamət günü o, ağır günah yükü daşıyacaqdır

101. və onun altında əbədi olacaqdır. Qiyamət günü onların yükü nə pis olacaqdır!

102. O günü sur çalınacaqdır və Biz gözləri göyərmiş günahkarları məhşər ayağına toplayacağıq.

103. Onlar bir-birinə pıçıldayacaqlar: "Orada [dünyada] siz cəmi on (gün) qaldınız".

104. Biz onların nə deyəcəklərini yaxşı bilirik. Onlardan daha doğru yol tutanı isə deyəcəkdir: "Siz cəmi bir gün qalmısınız".

105. Səndən dağlar barəsində soruşarlar. Sən de: "Rəbbim onları dağıdıb toz kimi sovuracaqdır.

106. və onları bomboş düzəngaha çevirəcəkdir,

107. sən orada heç bir eniş-yoxuş görməyəcəksən".

108. O günü onlar heç bir tərəfə meyl etmədən carçının [İsrafilin] ardınca gedəcəklər. Səslər mərhəmətli Allahın hüzurunda sakitləşəcək və sən ancaq pıçıltı eşidəcəksən.

109. O günü mərhəmətli Allahın izn verdiyi və söz deməsinə razı olduğu kəslərdən başqa kiminsə kiməsə havadarlıq etməsi bir fayda verməyəcəkdir.

110. O, onların əllərindəkini [axirət məsələlərini] və onların arxalarındakını [dünyadakı əməllərini] yaxşı bilir. Onların biliyi isə bunu əhatə edə bilməz.

111. Üzlər diri və hər şəyə hakim olan Allah qarşısında müti görkəm alar və haqsızlıq yükü ilə gələnlər peşman olarlar.

112. Mömin olan əməlisaleh kəs nə haqsızlıqdan, nə də (haqqının) tapdalanmasından qorxar.

113. Beləliklə Biz onu ərəbcə bir Quran olaraq nazil etdik və onun içərisində dönə-dönə hədə-qorxular verdik ki, bəlkə bəd əməllərdən çəkinələr və ya bu, onlarda bir yaddaş [ibrətalma] yarada

114. Haqq hökmdar olan Allah (Hər şeydən) ucadır. Quran sənə vəhy olunub tamamlanmayınca sən Quranı oxumağa tələsmə və "Rəbbim, mənim biliyimi artır“ - de.

115. Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. O isə unutdu. Biz onda əzm görmədik.

116. O zaman Biz mələklərə dedik: "Adəmə səcdə edin!" Onlar da səcdə etdilər, tək iblisdən başqa. O imtina etdi.

117. Onda Biz dedik: "Ey Adəm, bu, sənə də, sənin zövcənə də düşməndir. Qoy o, sizi cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan.

118. Axı sən (cənətdə) nə ac, nə də çılpaq olursan.

119. Sən orada nə susuzluq, nə də isti əzab-əziyyəti bilirsən".

120. Şeytan onun qulağına pıçıldayaraq dedi: "Ey Adəm! Əbədi həyat ağacını və heç vaxt dağılmayacaq bir mülki sənə göstərimmi?"

121. Onlar ikisi də ondan [ağacın meyvəsindən] yedilər və onların ayıb yerləri özlərinə göründü. Onlar cənnət yarpaqlarından üstlərinə yapışdırmağa başladılar. Beləliklə, Adəm öz Rəbbinin sözündən çıxmış oldu və səhv yol tutdu.

122. Sonra Rəbbi onu (peyğəmbərlik üçün) seçərək tövbəsini qəbul və düz yol göstərdi

123. Allah dedi: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan yerə enin! Məndən sizə yol göstəricisi gələndə isə, kim mənim yol göstəricimin ardınca gedərsə, o, azmaz və bədbəxt olmaz.

124. Kim Mənim Zikrimdən [Qurandan] üz döndərsə, onun üçün sıxıntılı bir güzəran olacaqdır. Biz onu qiyamət günü kor kimi məhşər ayağına çəkəcəyik.

125. O deyəcək: "Rəbbim, nə üçün məni məhşər ayağına kor halda çəkdin? Axı mən (əvvəllər) görürdüm".

126. Allah deyəcək: "Elədir. Ayələrimiz sənə gələndən sonra sən onları unutdun. Sən də bu gün belə unudulacaqsan."

127. Həddi aşanı və Rabbinin ayələrinə inanmayanı Biz belə cəzalandırırıq. Axirət əzabı daha şiddətli və daha uzun sürəndir.

128. Məgər onlardan əvvəl (indi) yurdlarında gəzib dolaşdıqları neçə-neçə nəsli məhv etdiyimiz onlara bəlli olmadımı? Ağıl sahibləri üçün bunda ibrətlər vardır.

129. Əgər senin Rəbbindən öncədən bir söz (hökm) və müəyyən edilmiş bir vaxt olmasaydı, onda (əzab onları dərhal) yaxalayardı.

130. Sən onların sözlərinə döz. Günəş doğandan və batandan əvvəl öz Rəbbinin şəninə təriflər de. Gecə vaxtı da, səhər və axşam da Ona həmd et ki, bəlkə razı qalasan.

131. İnsanların bəzi zümrələrini sınamaq üçün onlara verdiyimiz bu dünya həyatının çiçəyində [mal-dövlətində] əsla gözün olmasın. Sənin Rəbbinin ruzisi daha xeyirli və daha uzun sürəndir.

132. Öz camaatına namaz qılmağı əmr et, özün də qılmaqda səbrli ol. Biz səndən bir ruzi istəmirik. Biz sənə ruzi veririk. Aqibət təqvadan [Allahdan qorxmaqdan] asılıdır.

133. Onlar dedilər: "Nə üçün o [Məhəmməd], bizə öz Rəbbindən bir möcüzə gətirmir?" Məgər ilk kitablarda olanların bəyanı onlara gəlib çatmayıbmı?

134. Əgər Biz onları ona [Məhəmmədə] qədər əzabla məhv etmək istəsəydik, onda onlar deyərdilər: "Rəbbimiz, nə üçün Sən bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl ayələrinin ardınca gedək?"

135. De: “Hamı gözləyir, siz də gözləyin. Onda siz kimin doğru yol sahibi olduğunu və kimlərin düz yola çıxdığını bilərsiniz!"