Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/TALAQ SURƏSİ

Vikimənbə saytından
Quran. TALAQ SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(on iki ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1 Ey peyğəmbər, qadınları boşamaq istəyəndə iddə vaxtı (bir aybaşından sonra) boşayın, iddəni hesablayın və Rəbbiniz olan Allahdan qorxun. Aşkar bir qəbahət işlətməyiblərsə. onları öz evlərindən qovub çıxartmayın, onlar da çıxmasınlar. Allahın qoyduğu hüdudlar budur. Kim Allahın qoyduğu hüdudları aşarsa, özünə zülm etmiş olar. Sən bilmirsən, bəlkə də Allah bundan sonra başqa bir vəziyyət yaradar.

2 O qadınlar öz iddə vaxtlarına çatanda, ya onları xoşluqla saxlayın, ya da xoşluqla onlardan ayrılın. Aranızdan iki ədalətli adamı şahid edin və şəhadəti Allah üçün edin. Allaha və axirət gününə iman gətirənə belə nəsihət olunur. Kim Allahdan qorxarsa, O, onun üçün bir çıxış yolu qoyar.

3 və heç gözləmədiyi yerdən ona ruzi verər. Kim Allaha təvəkkül edərsə, O, ona bəs edər. Allah istədiyini edəndir. Allah hər şeyi qədərincə etmişdir.

4 Aybaşından kəsilmiş qadınlarınızın - əgər şübhə edirsinizsə - eləcə də hələ aybaşısı olmamış qadınların iddəsi [gözləmə müddəti] üç aydır. Hamilələrin müddəti isə boynundakını yerə qoyana qədərdir. Kim Allahdan qorxarsa, O, onun işini asan edər.

5 Bu, Allahın sizə nazil etdiyi əmrdir. Hər kim Allahdan qorxarsa, O, onun pisliklərini [günahlarını] örtər və mükafatını böyük edər.

6 (Boşandıqdan) sonra imkanınız daxilində öz yaşadığınız yerdə onlara da yaşamağa yer verin. Sıxıntı vermək üçün onları incitməyin. Əgər hamilədirlərsə, boynundakıları yerə qoyana qədər onlar üçün xərc çəkin. Əgər sizin üçün (uşaq) əmizdirirlərsə, onların haqqını verin. Öz aranızda xoşluqla razılığa gəlin. Əgər çətinlik çəkərsinizsə, qoy onda onu başqa qadın əmizdirsin.

7 Qoy varlı kəs öz varından xərc etsin, ruzisi az edilmiş kəs isə, Allahın ona verdiyindən xərc etsin. Allah heç bir kəsin üzərinə Özünün ona verdiyindən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verər.

8 Neçə-neçə məmləkət öz Rəbbinin və Onun peyğəmbərlərinin əmrinə qulas asmadı. Biz də onlarla sərt haqq-hesab çəkdik və onlara görünməmiş bir əzab verdik.

9 Onlar öz əməllərinin cəzasını daddılar və onların işlərinin aqibəti ziyana düşmək oldu.

10 Allah onlar üçün şiddətli bir əzab hazırlayıb. Allahdan qorxun, ey iman gətirən ağıl sahibləri! Allah sizə Zikr [Quran] nazil etmiş

11 və Allahın aydın ayələrini sizə oxuyan bir peyğəmbər (göndərmişdir) ki, iman gətirib əməlisaleh olanlan zülmətlərdən işığa çıxartsın. Kim Allaha iman gətirib əməlisaleh olarsa, O, onu (möminlərin) əbədi qalacaqları, dibindən çaylar axan cənnət bağlarına daxil edər. Allah ona gözəl bir ruzi verər.

12 Yeddi (qat) göyü və yerdən də bir o qədər yaradan Allahdır. Siz Allahın hər şeyə qadir olduğunu və hər şeyi bilgi ilə əhatə etdiyini biləsiniz deyə, (Onun) əmrləri onların [göylər və yerin] arasından nazil olur.