Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/TARIQ SURƏSİ
Quran. TARIQ SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(on yeddi ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə |
1 And olsun səmaya və gecə gələnə!
2 Gecə gələnin nə olduğunu sən haradan biləsən?!
3 O, (qaranlıqlara) nüfuz edən bir ulduzdur.
4 Həqiqətən də hər kəsin üzərində bir gözətçi vardır!
5 Qoy insan nədən xəlq olunduğuna bir baxsın.
6 O, elə bir təzyiqlə axan sudan [nütfədən] xəlq olunub ki,
7 o, bel sümüyü və döş sümükləri arasından çıxır.
8 Həqiqətən də O, insanı (öləndən sonra) bir də diriltməyə qadirdir.
9 Sirlərin ortaya çıxarılacağı günü
10 onun [insanın] nə bir gücü, nə də bir kömək edəni olar.
11 And olsun qaytarıb endirməyə (yağmuru) olan səmaya!
12 And olsun yarılan yerə!
13 Bu [Quran], həqiqətən də (haqq ilə batili) ayırd edən bir kəlamdır.
14 O, bir əyləncə vasitəsi deyildir.
15 Onlar [kafirlər] hiylə qururlar,
16 Mən də hiylələrinə qarşı tədbir qururam.
17 Sən kafirlərə möhlət ver! Onlara bir az da möhlət ver!