Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/TUR SURƏSİ

Vikimənbə saytından
Quran. TUR SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(qırx doqquz ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1. And olsun Tur dağına,

2. yazılan kitaba,

3. açılmış dəri (səhifələr) üzərində yazılan kitaba,

4. Beytül-məmura [mələklərin ibadətgahına],

5. yüksək tavana [səmaya],

6. Ləbələb dolmuş dənizə ki,

7. həqiqətən, sənin Rəbbinin əzab verməsi mütləq olacaqdır.

8. Onu bir dəf edən olmaz.

9. O günü səma möhkəm silkələnəcək

10. və dağlar sürətlə hərəkət edəcəkdir.

11. O günü vay o yalan hesab edənlərin halına ki,

12. onlar (daldıqları) bir yalan içərisində əylənərlər!

13. O günü onlar cəhənnəm odu içərisinə itələnib salınacaqlar.

14. (Onlara deyiləcək): "Sizin yalan hesab etdiyiniz cəhənnəm odu bax, budur!

15. Bu, bir sehrdirmi, yoxsa siz görmürsünüz?

16. Oraya girin! Dözün və ya dözməyin, sizin üçün birdir. Sizə ancaq etdiyiniz işlərin əvəzi verilir.

17. Həqiqətən, müttəqilər cənnət bağlan və nemətlər içərisindədirlər.

18. Onlar öz Rəbbinin bəxş etdiyi (nemətlərin) zövqü-səfasını alarlar. Onlann Rəbbi onları cəhənnəm əzabından qoruyar.

19. (Onlara deyiləcək): "Tutduğunuz işlərə görə sağlıqla yeyib-için,

20. səf-səf düzülmüş taxtlar üzərində dirsəklənərək." Biz onları iri gözlü hurilərlə qovuşduracağıq.

21. İman gətirən və imanda nəsilləri özlərinin ardınca gedənlər Biz onların nəsillərini özləri ilə qovuşdurduq və əməllərindən heç bir şeyi əskiltmədik. Hər kəs qazandığı şey qarşısında girovdur.

22. Biz onlara ürəkləri istəyən meyvələri və əti verəcəyik.

23. Onlar orada bir-birilərinə badə ötürərlər; onun içərisində nə boşboğazlığa, nə də günaha sövq edəcək bir şey vardır.

24. Onların ətrafına onlar üçün (sədəfdə) gizlədilmiş incilərə bənzər oğlanlar dolanar.

25. Onlar bir-birilərinə müraciətlə sorğu-sual edərlər.

26. Onlar deyərlər: "Biz əvvəllər ailəmizin yanında [dünyada] olanda (Allahın əzabından) qorxurduq.

27. Allah isə bizə mərhəmət göstərdi və bizi səmum əzabından qorudu.

28. Axı biz əvvəllər [dünyada] Onu çağırardıq. Həqiqətən də həmişə yaxşılıq edən, rəhm edən Odur!

29. Yada sal! Axı sən Rəbbinin lütfü sayəsində nə kahinsən [gələcəkdən xəbər verən], nə də dəli-divanə.

30. Yoxsa onlar "O, şairdir, onun zamanın fəlakətinə uğramasını gözləyirikmi?" - deyirlər.

31. De: "Gözləyin, sizinlə birlikdə mən də gözləyənlərdənəm."

32. Yoxsa onlara bunu xülyalı ağılları əmr edir, yaxud onlar yoldan azmış adamlardır?

33. Yoxsa onlar. "O, bunu [Quranı] özü uydurub!" - deyirlər? Xeyr, onlar iman gətirmirlər.

34. Əgər onlar düz danışandırlarsa, qoy buna bənzər bir söz desinlər.

35. Yoxsa onlar heçnəsiz [yaradıcısız] xəlq olunublar, yaxud özləri yaradandırlar?!

36. Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onların (buna) yəqinliyi yoxdur.

37. Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır, yaxud onlar hökm sahibidirlər?!

38. Yoxsa onların üzərinə çıxıb (vəhyi) dinlədikləri nərdivanlarımı vardır? Onlardan vəhyi dinləyən qoy aydın bir dəlil gətirsin.

39. Yoxsa qızlar Allahın, oğlanlar sizindir?

40. Yoxsa sən onlardan bir haqq istəyirsən ki, onlar da bir ağır borca düşürlər?

41. Yoxsa onlar qeybdən xəbərdardırlar və (ondan alıb) yazırlar?

42. Yoxsa onlar tələ qurmaq istəyirlər? Lakin kafirlərin özləri tələyə düşərlər.

43. Yoxsa onların Allahdan başqa bir tanrısımı vardır? Allah özünə şərik çıxarılanlardan yüksəkdir!

44. Onlar səmadan parçaların (əzab olaraq üzərlərinə) düşdüyünü görsələr: “Qalaq-qalaq buludlardır." - deyərlər.

45. Sən onları sarsıntıya düşəcəkləri günlə [qiyamət günü ilə] üzləşəcəkləri vaxta qədər tərk et.

46. O günü qurduqları tələləri onlara bir fayda verməz və onlara kömək də olunmaz.

47. Həqiqətən də haqsızlıq edənlərə bundan əvvəl də əzab olacaqdır. Onların çoxu isə bilmir.

48. Öz Rəbbinin hökmünə səbr et, axı sen Bizim nəzərimiz altındasan! Qalxarkən Rəbbinə həmd ilə təriflər de!

49. Gecənin bir hissəsində və ulduzlar batanda da Ona təriflər de!