Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/YASİN SURƏSİ
Quran. YASİN SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(səksən üç ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1 Ya, Sin.
2 Hikmətli Qurana and olsun ki,
3 Həqiqətən Sən peyğəmbərlərdənsən.
4 Doğru yol üzərindəsən.
5 (Bu), qüdrətli, rəhmli (Allahın) nazil etdiyi (Qurandır) ki,
6 sən ata-babalarına öyüd-nəsihət verilməmiş, qəflətdə olan adamlara (onunla) öyüd-nəsihət verəsən.
7 İman gətirmədiklərinə görə onların çoxu barəsində söz [Allahın hökmü] haqq oldu.
8 Biz onların boyunlarına çənələrinə qədər (qalxan) dəmir həlqələr taxdıq və onlar başlarını yuxarı tutası oldular.
9 Onların qarşısından bir sədd, arxalarından da bir sədd qurduq, gözlərinə pərdə çəkdik və onlar artıq görməzlər.
10 Onlar üçün birdir, öyüd-nəsihət versən də, verməsən də, iman gətirməzlər.
11 Sən yalnız Zikrin [Quranın] ardınca gedənə, gözlə görmədiyi Mərhəmətlidən qorxana öyüd-nəsihət verirsən. Onu bağışlanma və gözəl bir mükafatla müjdələ!
12 Ölüləri həqiqətən ancaq Biz dirildirik, onların əvvəllər etdiklərini və qoyduqları izləri Biz qeydə alırıq. Biz hər şeyi aydın Kitabda [Lövhü-Məhfuzda] hesaba almışıq.
13 Sən onlara o kənd əhlinin misalını çək; o zaman onlara elçilər gəlmişdi.
14 O zaman Biz onların yanına (elçilərdən) ikisini göndərdik, onlar isə ikisini də yalançı hesab etdilər. Biz (elçiləri) üçüncüsü ilə qüvvətləndirdik. Onlar dedilər: "Biz sizə elçi göndərilmişik."
15 Onlar dedilər: "Siz də bizim kimi ancaq insansınız və Mərhəmətli heç bir şey nazil etməmişdir. Siz ancaq yalan deyirsiniz!"
16 Elçilər dedilər: "Rəbbimiz bilir ki, biz sizə elçi göndərilmişik.
17 və bizim üzərimizə ancaq təbliğ etmək düşür."
18 Onlar dedilər: "Biz sizdə nəhslik, bəd əlamət gördük! Əgər (bu işdən) vaz keçməsəniz, sizi daş-qalaq edərik və bizdən sizə üzücü bir əzab toxunar."
19 Elçilər dedilər: "Nəhsliyiniz sizin özünüzdədir. Məgər sizə öyüd- nəsihət edilərsə, (bu nəhslik olur)? Doğrusu, siz həddi aşmış adamlarsınız."
20 Şəhərin ucqarından bir nəfər qaça-qaça gələrək dedi: “Ey camaatım, elçilərin ardınca gedin!
21 Sizdən heç bir haqq istəməyən və düz yolda olanların ardınca gedin!
22 Nə üçün də mən məni yaradana itaət etməyim? Siz də Onun hüzuruna qaytarılacaqsınız.
23 Məgər mən Ondan başqalarını (özümə) tanrılar edərəmmi? Əgər Mərhəmətli mənə bir xətər yetirmək istəsə, o tanrıların havadarlığı mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.
24 Onda mən aşkar azğınlıq içərisinə girmiş olaram.
25 Mən sizin Rəbbinizə iman gətirdim, mənə qulaq asın."
26 Ona deyildi: "Cənnətə daxil ol!" O dedi: "Kaş camaatım biləydi ki,
27 niyə Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi!
28 Biz ondan sonra onun camaatı üzərinə göydən heç bir qoşun [ölüm mələkləri] göndərmədik və heç göndərən də deyildik.
29 (Onlan həlak edən şey) yalnız tükürpədici bir tək hayqırtı oldu, onlar da (şam kimi) sönüb getdilər.
30 Vay halına bu bəndələrin! Onlara elə bir peyğəmbər gəlməyib ki, onu məsxərəyə qoymasınlar.
31 Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsli məhv etdiyimizi və məhv edilmişlərin bir daha onların yanına qayıtmadığını görməzlərmi?
32 Sözsüz ki, hamısı birlikdə hüzurumuza toplanılacaqlar.
33 Bizim həyat verdiyimiz və orada onların yedikləri taxılı bitirdiyimiz ölü torpaq onlar üçün bir dəlildir.
34 Orada Biz xurma və üzüm bağları qurduq və çeşmələr qaynadıb çıxartdıq
35 ki, onlar bunların meyvələrindən və öz əlləri ilə yetirdiklərindən yesinlər. Heç onlar şükr etməzlərmi?
36 Yerin bitirdiklərindən, onların özlərindən və bilmədikləri şeylərdən bütün cütləri xəlq edənə [Allaha] təriflər olsun!
37 Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxarırıq və onlar dərhal zülmətdə olurlar.
38 Günəş isə qərar tutduğu daimi yerinə tərəf axıb gedir. Bu, qüdrətli və hər şeyi bilən Allahın hökmü ilədir.
39 Ay üçün də mənzillər müəyyən etdik. (Mənzillərini başa vurduqdan sonra) o, xurma salxımının saralmış saplağı şəklində [hilal] yenidən qayıdır.
40 Nə günəş aya çatar, nə də gecə gündüzü qabaqlayar, hər biri öz yerində üzər.
41 Onlar üçün daha bir dəlil; (bir vaxt) Biz onların əcdadını yüklü gəmiyə mindirib apardıq.
42 Bunlar üçün də ona [Nuhun gəmisinə] bənzər minik vasitəsi yaratdıq.
43 Əgər Biz istəsək, onları suya qərq edərik. Onların harayına çatan olmaz və onlar xilas olunmazlar,
44 Bizdən mərhəmət və müəyyən vaxta qədər güzəran sürmək (möhləti) yoxdursa.
45 Onlara: "özünüzdə [bu dünyada] və arxanızda [axirətdə] olanlardan qorxun ki, bəlkə sizə rəhm oluna,” - deyildikdə (onlar üz döndərərlər).
46 Onlara öz Rəbbindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər.
47 Onlara: "Allahın sizə verdiyi ruzidən (ehtiyac olanlara) sərf edin!” - deyildikdə kafirlər iman gətirənlərə deyərlər: "Allahın istəsə yedirə biləcəyi kəsi bizmi yedirəcəyik? Siz yalnız aşkar bir yanılma içərisindəsiniz."
48 Onlar deyərlər. “Əgər düz deyirsinizsə, onda bu vəd nə vaxt olacaqdır?”
49 Onlar bir-birilərilə çəkişmədə olduqları halda, özlərini yaxalayacaq tək bir tükürpədici hayqırtıdan başqa heç bir şey gözləyə bilməzlər.
50 Onlar nə bir vəsiyyət edə biləcək, nə də ailələrinə qayıda biləcəklər.
51 Sur çalınan kimi onlar qəbirlərdən qalxaraq öz Rəbbinə tərəf axışacaqlar.
52 Onlar deyərlər: "Vay halımıza! Uyuduğumuz yerdən bizi kim qaldırdı? Bu ki Mərhəmətlinin vəd etdiyidir, elçilər doğru deyirlərmiş!"
53 Bircə hayqırtı ilə onlar hamısı hüzurumuzda hazır olacaqlar.
54 Bu gün bir kəsə də haqsızlıq edilməyəcəkdir. Sizə ancaq tutduqlarınız əməllərin əvəzi veriləcəkdir.
55 Cənnət əhli bu gün öz məşğuliyyətlərindən zövq alır.
56 Onlar və zövcələri kölgəliklərdə taxtlar üzərində mütəkkələrə dirsəklənirlər.
57 Onlar üçün orada meyvələr və ürəkləri istəyən hər şey vardır,
58 bir də rəhmli Rəbbdən söz olaraq "Salam!" vardır.
59 Ey günahkarlar, bu gün siz (möminlərdən) ayrılın!
60 Ey Adəm övladları, məgər Mən sizə əmr etməmişdimmi ki, şeytana ibadət etməyəsiniz? Axı o, sizin açıq-aşkar düşməninizdir!
61 (Əmr etməmişdimmi) ki, Mənə ibadət edəsiniz? Doğru yol budur!
62 O [şeytan] sizdən bir çox nəsilləri yoldan çıxartmışdı. Məgər siz (bunu) anlamırdınız?
63 Sizə vəd olunmuş cəhənnəm bax, budur!
64 Küfr etməyinizə görə bu gün oraya girin!
65 Bu gün Biz onların ağızlarına möhür vurarıq, Bizimlə onların əlləri danışar, qazandıqları (günahlara) isə ayaqlan (və başqa bədən üzvləri) şahidlik edər.
66 Əgər Biz istəsəydik, onların gözlərini silib yox edərdik və onlar yenə də bir-birilərini ötməyə can atardılar. Lakin (yolu) necə görəydilər?
67 Əgər Biz istəsəydik, onları öz yerlərindəcə dəyişdirib elə şəklə salardıq ki, onlar nə irəli gedə bilər, nə də geri qayıda bilərdilər.
68 Biz kimi uzunömürlü ediriksə, onun yaradılmasını tərsinə çeviririk [aciz və zəlil bir vəziyyətə qaytararıq]. Onlar bir düşünməzlərmi?
69 Biz ona [Məhəmmədə] şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu, ancaq bir öyüd-nəsihət və aydın Qurandır ki,
70 həyatda olanlara öyüd-nəsihət versin və kafirlər üzərində söz [əzab vədi] haqq olsun.
71 Məgər onlar üçün Öz əllərimizlə mal-heyvan yaratdığımızı və özlərinin buna sahib olduqlarını görmürlərmi?
72 Bu mal-qaranı onların ixtiyarına verdik, minikləri də ondandır, ondan yeyirlər də.
73 Onlar üçün onda başqa faydalar və içməli (süd) də vardır. Onlar şükr etməzlərmi?
74 Onlar isə Allahdan başqa tanrılar götürdülər ki, bəlkə onlara kömək olunsun.
75 Özləri o tanrıların xidmətində duran əsgərlər olduqları halda, o tanrılar onlara kömək edə bilməzlər.
76 Qoy onlann sözləri səni kədərləndirməsin. Biz onlann nəyi gizlətdiklərini və nəyi aşkar etdiklərini bilirik.
77 Məgər insan onu nütfədən xəlq etdiyimizi görmürmü ki, hətə bır düşmən də kəsilir və özünün yaradılmasını unudub:
78 "Çürümüş sümükləri kim cana gətirə bilər?” - deyərək bir məsəl də çəkir.
79 De: "Onları ilk dəfə yaradan (Allah) onları cana gətirəcəkdir. O, bütün məxluqat haqqında (hər şeyi) bilir.
80 O [Allah] ki, sizin üçün yaşıl ağacdan od yaratdı, siz də budur, ondan od alırsınız."
81 Məgər göyləri və yeri yaradan onlara bənzərini yaratmağa qadir deyildir? Bəli, O, yaradandır, hər şeyi biləndir!
82 O, bir şeyin olmasını istərsə, əmri ancaq “Ol !“ - deməkdir və o da (dərhal) olur.
83 Hər şeyin ixtiyan əlində olana (Allaha} təriflər olsun və siz Ona qaytarılacaqsınız!