Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/YUSUF SURƏSİ
Quran. YUSUF SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(yüz on bir ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, Rəhmli Allahın adı ilə ! |
1. Əlif. Lam, Ra. Bu, aydın Kitabın ayələridir.
2. Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, bəlkə anlayasınız.
3. Biz bu Quranı sənə vəhy etməklə ən gözəl əhvalatlar danışırıq. Baxmayaraq ki, sən də bundan əvvəl qəflətdə olanlardan idin.
4. Bir zaman Yusuf öz atasına dedi: “Ata, mən (yuxuda) on bir ulduz, günəş və ayı gördüm; onların mənə səcdə etdiyini gördüm".
5. O dedi: "Oğlum, yuxunu qardaşlarına danışma, yoxsa onlar sənə bir tələ qurarlar. Axı şeytan insanın açıq düşmənidir!
6. Rəbbin səni beləcə seçər, rəvayətləri [yuxuları] yozmağı sənə öyrədər və Öz nemətini [peyğəmbərliyi] əvvəl sənin ata-babaların İbrahim və İshaq üçün tamamladığı kimi sənə də, Yaqub nəslinə də tamamlayar. Həqiqətən, sənin Rəbbin hər şeyi biləndir və hikmət sahibidir!"
7. Yusuf və onun qardaşları haqqındakı (əhvalatda) soruşub maraqlananlar üçün ibrət dərsləri vardır.
8. O zaman onlar [qardaşları] dedilər “Biz bir dəstə olsaq da, Yusuf və onun doğma qardaşı atamıza bizdən daha əzizdir. Doğrudan da atamız açıq-aydın yanılma içərisindədir!
9. Yusufu öldürün, ya da onu (uzaq) bir yerə atın. Onda atanızın üzü sizə tərəf çevrilər və siz bundan sonra əməlisaleh adam ola bilərsiniz".
10. Onlardan başqa birisi dedi: "Yusufu öldürməyin, onu bir quyunun dibinə atın! Əgər belə etsəniz, onu keçib-gedənlərdən kimsə götürüb aparar.”
11. Onlar dedilər: "Ey atamız, biz Yusufun yaxşılığını istədiyimiz halda sənə nə olub ki, Yusufu bizə etibar etmirsən?
12. Sabah onu da bizimlə göndər, qoy o oynayıb əylənsin! Biz ondan muğayat olarıq!"
13. O dedi: "Onu aparmağınız məni narahat edir, qorxuram ki, onu canavar yeyə, sizin isə ondan xəbəriniz olmaya".
14. Onlar dedilər: “Biz bir dəstə olduğumuz halda, canavar onu yesə, onda kül bizim başımıza!"
15. Sonra onlar onu apardılar və onu quyunun dibinə atmaq barəsində razılığa gəldilər. Biz isə ona [Yusufa] vəhy etdik: "Vaxt gələr ki, onların bu əməli barəsində özləri duymadan onlara xəbər verərsən!"
16. Axşam onlar ağlaya-ağlaya atalarının yanına gəldilər
17. və dedilər: "Ey atamız, Yusufu şeylərimizin yanında qoyub biz ötüşməyə getdik. Onu canavar yedi. Ancaq biz düzünü desək də, sən bizə inanan deyilsən".
18. Onlar onun köynəyinə yalandan qan ləkəsi (yaxıb) gətirdilər. O [Yaqub] dedi: "Xeyr, sizin ürəyiniz sizi bu əmələ sövq etmişdir. Yaxşıca səbr (lazımdır). Haqqında danışdığınız işlərə qarşı isə Allahdan kömək dilənməlidir".
19. Bir dəstə yolçu gəldi və onlar özlərinin suçusunu (su üçün) göndərdilər. O, su qabını (quyuya) endirdi və dedi: “Xoş xəbər! Bu ki, oğlan uşağıdır!" Onlar onu bir satlıq mal kimi gizlətdilər. Allah isə onların nə etdiyini yaxşı bilirdi.
20. Onlar onu ucuz qiymətə - bir neçə dirhəmə satdılar, çünki onların onda gözü yox idi.
21. Onu satın alan bir misirli öz arvadına dedi: "Ona yaxşı bax, bəlkə bizə bir xeyri dəyə və ya biz onu oğulluğa götürək". Beləcə Yusufu bu yerdə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Axı Allah Öz işini zəfərlə başa vurandır! Lakin insanların çoxu bunu bilmir.
22. O, kamala çatanda Biz ona (sağlam) mühakimə yürütmək (qabiliyyəti) və bilik verdik. Biz yaxşı iş tutanları belə mükafatlandırırıq!
23. Evində olduğu qadın onu tovlayaraq şirnikləndirmək istədi. Qapıları örtərək: "Tez bura gəl!" - dedi. O isə dedi: "Allah, köməyim ol! O [kişi] mənim ağamdır, mənə yaxşı baxmışdır. Haqsızlar yaxasını qurtara bilməz!"
24. O [qadın] ona tamah saldı, o da öz Rəbbindən dəlil görməsəydi ona meyl edəcəkdi. Pis əməli və qəbahəti Biz ondan belə kənar etdik. Həqiqətən, o, Bizim sadiq bəndələrimizdəndir!
25. Onlar hər ikisi qapıya tərəf qaçdılar. O [qadın] arxadan onun köynəyini cırdı və ikisi də qapının yanında onun ağası ilə üz-üzə gəldilər. O [qadın] dedi: "Sənin külfətinə pislik etmək istəyənin cəzası yalnız zindan və ya üzücü əzabdır!"
26. O [Yusuf] dedi: "O məni yoldan çıxartmaq istəyirdi". Onun [qadının] ailəsindən olan bir nəfər belə şahidlik etdi: “Əgər köynəyi qabaq tərəfdən cırılıbsa, bu [qadın] düz deyir, o isə yalançıdır.
27. Əgər onun köynəyi arxadan cırılıbsa, onda bu yalan deyir, o isə doğru deyir.”
28. (Kişi) onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: "Bu sizin [qadınların] məkrinizdir. Həqiqətən, sizin məkriniz böyük olur!
29. Yusuf, bu (əhvalatı) unut! Sən isə (arvad), günahının bağışlanmasını istə. Axı sən xəta törətmisən!"
30. Şəhərdə qadınlar (belə) danışdılar: "Şəhər hakiminin qadını cavan oğlanı yolundan çıxarmaq istəyir. O, onun [qadının] ürəyini məhəbbətlə coşdurmuşdur. Biz onu [qadını] açıq-aşkar yolunu azmış görürük".
31. O [qadın] bunların tənəsini eşidəndə onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı. Onlardan hər birinə bir bıçaq da verdi. Sonra isə (Yusufa) dedi: "Onların yanına çıx!" Onlar onu görəndə elə valeh oldular ki, öz əllərini kəsik-kəsik etdilər. Onlar dedilər: "Aman Allah, bu ki, bəşər deyil, olsa-olsa sevimli bir mələkdir!"
32. O [qadın] dedi: "Barəsində mənə tənə etdiyiniz bax budur! Mən onu tovlayıb yoldan çıxarmaq istədim, o isə möhkəm dayandı. Əgər o, buyruğumu yerinə yetirməsə, mütləq zindana salınacaq və zəlil olacaqdır".
33. O [Yusuf] dedi: "Rəbbim, məni sövq etdirdikləri (işdən) zindan mənim üçün daha yaxşıdır. Əgər onların məkrini məndən kənar etməsən, mən də onlara meyl edərəm və cahillərdən olaram".
34. Rəbbi onun səsinə səs verdi və onların məkrini ondan kənar etdi. Həqiqətən, O, hər şeyi eşidəndir, biləndir!
35. Dəlilləri gördükdən sonra məsələ onlar [adamlar] üçün aydınlaşanda mütləq onu bir müddətə qədər zindanda saxlamaq (qəranna gəldilər).
36. Onunla birlikdə zindana iki gənc də girdi. Onlardan biri dedi: "Yuxuda görürəm ki, şərab sıxıram". O biri isə dedi: "Mən isə yuxuda görürəm ki, başım üzərində çörək aparıram və quşlar ondan yeyirlər. Bunların yozumunu bizə bildir. Görürük ki, sən yaxşı iş görənlərdənsən!"
37. O dedi: "Yeyəcəyiniz yemək sizə gələnə qədər bunların yozumunu sizə bildirəcəyəm. Bu iş Rəbbimin mənə öyrətdiklərindəndir. Mən Allaha iman gətirməyən və axirətə küfr edən adamların dinini tərk etmişəm.
38. Ata-babalarım İbrahim, İshaq və Yaqubun dini ardınca getdim. Biz Allaha heç bir şeyi şərik tutmamalıyıq. Bu, Allahın bizə və (bütün) insanlara olan fəzilətindəndir. Lakin insanların çoxu buna şükr etmir.
39. Ey zindan yoldaşlarım! Ayrı-ayrı rəbblər yaxşıdır, yoxsa bir olan qadir Allah?
40. Onu qoyub ibadət etdiyiniz (bütlər) yalnız sizin və atalarınızın ad qoyduqları (şeylərdir). Allah onlara heç bir hökm nazil etməmişdir. Hökm yalnız Allahındır. O əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Düz din budur, lakin insanların çoxu bilmir.
41. Ey zindan yoldaşlarım! Sizlərdən biri öz ağasına şərab içirəcək, o biri isə çarmıxa çəkiləcək və quşlar onun başını dimdikləyib yeyəcək. Haqqında soruşduğunuz iş barəsində bax belə hökm verilib".
42. Canının qurtardığını zənn edənə o dedi: "Mənim barəmdə ağana danış!" Lakin şeytan onu [Yusufu] öz ağasının yanında yada salmağı buna unutdurdu və o [Yusuf], zindanda bir neçə il də qaldı.
43. Şəhər hakimi dedi: "Mən yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini və yeddi yaşıl sünbülün başqa quru sünbülləri (basdığını) gördüm. Ey əyanlar, əgər yoza bilirsinizsə, yuxumu yozub mənə bir qərar verin!"
44. Onlar dedilər: "Qarışıq yuxulardır! Belə yuxuları yozmağı biz bacarmarıq".
45. (Zindandan) xilas olan bir qədərdən sonra yadına salaraq dedi: "Bunun yozumunu sizə bildirərəm. Məni (Yusufun yanına) göndərin!"
46. "Yusuf, ey həqiqəti söyləyən! Yeddi arıq inəyin yeddi kök inəyi yediyini, yeddi yaşıl sünbülün başqa quru sünbülləri (niyə basdığını) bizə aç ki, mən adamların yanına qayıdım, onlar da bəlkə bilələr!"
47. O dedi: "Yeddi il öz qaydası Hə əkərsiniz. Biçdiyinizi, yeyəcəyiniz az bir hissədən başqa, sünbüldə [başaqda] saxlayın.
48. Bundan sonra yeddi ağır il gələcək və (həmin illər) tədarük etdiyiniz az bir hissədən başqa onlar üçün qabaqcadan hazırladığınızı yeyəcək.
49. Bundan sonra isə insanlara bol yağışları olan il gələcək və onlar (mer-meyvə şirəsi) sıxacaqlar".
50. Hakim dedi: "Onu yanıma gətirin!" Qasid onun [Yusufun] yanına gələndə o (qasidə) dedi: "öz ağanın yanına qayıt və ondan soruş: "Əllərini kəsik-kəsik etmiş qadınlara nə olubdur?" - Həqiqətən, mənim Rəbbim onların məkrlərindən xəbərdardır!"
51. O [hakim] qadınlara dedi: "Məqsədiniz nə idi ki, Yusufu tovlayıb yoldan çıxarmaq istəyirdiniz?" Onlar dedilər: "Aman Allah! Biz onda heç bir pis şey görmədik". Hakimin arvadı dedi: "İndi haqq yerini tutdu. Onu mən tovlayıb yoldan çıxartmaq istədim. Həqiqətən, o, düzünü deyir".
52. (Yusuf dedi): "Bu, ona görə idi ki, mənim gizlində ona [hakimə] xəyanət etmədiyimi və xainlərin məkrinə Allahın yol verməyəcəyini o bilsin.
53. Mən özümə bəraət qazandırmıram. Rəbbimin rəhmi gəlməsə nəfs (adamı) pis işlərə vadar edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhmlidir!"
54. (Hakim dedi); "Onu yanıma gətirin! Onu özümə yaxın adam edəcəyəm". Onunla söhbət edəndə isə dedi: "Sən bu gün bizim yanımızda yüksək məqamlı, etibarlı adamsan".
55. O dedi: "Məni bu yerin xəzinələri üzərinə (nəzarətçi) qoy. Axı mən qoruyanam, (idarə etməyi) bilənəm".
56. Beləliklə də Biz Yusufu bu yerdə bərqərar etdik ki, o, istədiyi yerdə qala bilsin. Biz Öz mərhəmətimizi istədiyimiz kəsə verərik və yaxşı iş görənlərin haqqını itirmərik.
57. Axirətin mükafatı isə iman gətirənlər və müttəqilər üçün daha xeyirlidir.
58. Yusufun qardaşları gəlib, onun yanına daxil oldular. O, onları tanıdı, onlar isə onu tanımadılar.
59. Onların ərzaq yükünü tutduqdan sonra o dedi: "Atadan bir olan qardaşımızı yanıma gətirin. Məgər görmürsünüzmü ki, mən ölçünü düz, verir və ən yaxşı qonaq qəbul edirəm?
60. Əgər onu yanıma gətirməsəniz, onda məndə sizin üçün bir qab belə ərzaq olmayacaq və mənə heç yaxın da gəlməyin".
61. Onlar dedilər: "Onu atasından bir yolla alarıq, biz əlbəttə, belə də edərik".
62. O, öz xidmətçilərinə dedi: "Onların (gətirdikləri) mallarını da (xəlvətcə) çuvallarına qoyun ki, ailələrinin yanına qayıtdıqda bəlkə bunu görüb birdə yanımıza dönələr".
63. Onlar atalarının yanına qayıtdıqda dedilər: "Ey atamızl Daha bizə (ərzaq) verilməyəcək. Qardaşımızı bizimlə göndər, onda alarıq. Biz ondan muğayat olarıq"!
64. O dedi: "Qardaşını sizə bundan əvvəl etibar etdiyim kimi onu da sizə necə etibar edə bilərəm? Allah Özü ən yaxşı qoruyandır. Axı O, rəhm edənlərin ən mərhəmətlisidir!"
65. Onlar yüklərini açanda gördülər ki, malları özlərinə qaytarılıb. Onlar dedilər: "Ey atamız! Daha biz nə istəyirik ki? Budur, malımız özümüzə qaytarılıb. Biz ailəmizi ərzaqla təmin edər, qardaşımızı qoruyar, bir dəvə yükü qədər də artıq alarıq. Bu isə asan bir işdir".
66. O dedi: "Əgər sizə bir bəla üz verməsə, onu yanıma gətirəcəyinizə Allaha and içməyincə onu sizinlə göndərməyəcəyəm". Onlar and içdikdə o dedi: "Allah bizim dediklərimizə şahiddir!"
67. O dedi: "Ey oğullarım! (Nəzərləri cəlb etməyəsiniz deyə) bir qapıdan yox, ayrı-ayrı qapılardan (şəhərə) daxil olun! Mən sizi heç cür Allahdan xilas edə bilmərəm. Həqiqətən hökm ancaq Allaha məxsusdur; mən Ona təvəkkül etdim, qoy təvəkkül edənlər ancaq Ona bel bağlasınlar".
68. Onlar atalarının buyurduğu yerlərdən (şəhərə) daxil olanda bu onları heç cür Allahdan xilas etmədi, yalnız Yaqubun ürəyində bir istək olaraq qaldı. Biz onu öyrətdiyimiz üçün o, bir elm sahibi idi, lakin adamların çoxu bilmir.
69. Yusufun yanına daxil olanda o, qardaşını bağrına basaraq "Mən sənin qardaşınam. Onların tutduqları işdən kədərlənmə", - dedi.
70. Onların ərzaq yükünü tutarkən o, qardaşının çuvalı içərisinə bir piyalə qoydu, sonra isə birisi car çəkdi: "Ey yolçular. Siz ki, oğrusunuz!"
71. Onlar isə bunlara üz tutaraq soruşdular “Nə itirmisiniz?"
72. Dedilər: "Biz hakimin piyaləsini itirmişik. Kim onu gətirsə, ona bir dəvə yükü!" (Carçı): “Mən də buna zaminəm." -dedi.
73. Onlar dedilər: "Allaha and olsun! Siz ki bilirsiniz, biz bu yerə fitnə-fəsad üçün gəlməmişik və biz oğru deyilik".
74. Onlar dedilər. "Əgər yalanınız çıxarsa, onda bunun cəzası nə olar?"
75. Onlar dedilər: "Cəzası? Kimin yükünün içindən o tapılsa, cəzası elə o, özüdür [qul edilməlidir]. Haqsızları biz belə cəzalandırırıq".
76. O öz qardaşının yükündən əvvəl onların yükündən başladı, sonra isə onu qardaşının yükündən tapıb çıxartdı. Biz Yusufun xeyrinə belə bir oyun qurduq. Əgər Allah istəməsəydi, o öz qardaşını hakimin qanunu ilə (onlardan) ala bilməzdi. İstədiyimiz kəsi Biz dərəcə-dərəcə yüksəldirik; axı hər bilik sahibindən də üstün bir bilən vardır!
77. Onlar dedilər: "Əgər o oğurlayıbsa (bilin ki,) onun qardaşı ondan əvvəl oğru olub". Yusuf bunu ürəyində gizli saxlayıb, onlara açıb bildirmədi və (öz-özünə) dedi: "Mövqeyiniz çox pisdir. Allah isə sizin nə demək istədiyinizi yaxşı bilir".
78. Onlar dedilər: "Ey hakim! Onun çox qoca atası vardır. Onun əvəzinə birimizi götür. Görürük ki, həqiqətən də sən xeyirxah adamsan".
79. O dedi: "Allah eləməsin, biz (yükündə) malımızı tapdığımız kəsdən başqasını götürək! Onda biz zalım olarıq".
80. Onlar ondan əllərini üzdükdə bir yana çəkilərək məsləhətləşdilər. Onlardan böyüyü dedi: "Atanızın sizə Allah qarşısında and içdirməsi və bundan əvvəl isə Yusufun başına oyun gətirməniz yadınızdadırmı? Atam izn verməyincə, yaxud Allah mənə bir hökm verməyincə, mən bu torpağı tərk etməyəcəyəm. Axı O, ən yaxşı hökm verəndir.
81. Atanızın yanına qayıdın və deyin: "Ey atamız! Sənin oğlun oğurluq edib. Biz yalnız bildiyimizə şahidlik edərik, gözlə görmədiyimizə zamin deyilik.
82. Olduğumuz şəhərdən və (birlikdə) gəzdiyimiz karvandan soruş! Biz, həqiqətən, düz deyirik".
83. O [ata] dedi: "Xeyr, nəfsiniz bu işi sizin üçün bəzəyibdir. (Mənə) yaxşı səbr lazımdır, bəlkə də Allah onların hamısını yanıma gətirdi. Axı O, hər şeyi biləndir və hikmət sahibidir!"
84. O, onlardan üz döndərərək: "Heyf Yusufdan!" - dedi. Kədərdən gözlərinə ağ gəldi. İçərisi də qəzəblə dolmuşdu.
85. Onlar dedilər: "Allah haqqı, Yusufu xatırlamaqdan əl çəkməsən, xəstə düşərsən, ya da ölüb gedərsən".
86. O dedi: "Mən qüssə-kədərimi ancaq Allaha açıram, sizin bilmədiklərinizi mən Allahın köməyi ilə bilirəm!
87. Ey oğullarım! Gedin, Yusufdan və qardaşından bir xəbər tutun və Allahın mərhəmətindən əlinizi üzməyin! Allahın mərhəmətindən yalnız kafir adamlar əl üzərlər".
88. Onlar onun yanına gələrək dedilər. "Ey hakim! Bizə və ailəmizə sıxıntı üz vermişdir. Bir az mal gətirmişik, bizə çoxlu ərzaq ver və bizə əl tut. Həqiqətən, Allah əl tutanları mükafatlandırar."
89. O dedi: "Siz bilirsinizmi ki, cahil olduğunuz vaxt Yusufa və qardaşına nə etmisiniz?"
90. Onlar dedilər: "Sən doğrudan da Yusufsan?" O dedi: "Mən Yusufam, bu da qardaşımdır. Allah bizə rəhm etdi; kim ki Allahdan qorxandır, səbrlidir, həqiqətən, Allah xeyir iş görənlərin haqqını itirmir!"
91. Onlar dedilər: "Allaha and olsun! Allah səni bizdən üstün etmişdir. Həqiqətən, biz günahkar olmuşuq".
92. O dedi: "Bu gün sizə bir tənə yoxdur. Allah sizi bağışlasın, axı O, rəhm edənlərin ən mərhəmətlisidir!
93. Bu köynəyimi aparıb atamın üzünə atın [sürtün] gözü açılar. Bütün ailənizi də götürüb yanıma gəlin".
94. Karvan aralanan kimi onların atası dedi: "Məni ağlını itirmiş sanmasaydınsız, (deyərdim ki,) doğrudan da Yusufun iyi burnuma dəyir".
95. Dedilər: "Allaha and olsun ki, sən əvvəlki kimi yenə də yanılırsan".
96. Müjdəçi gələn kimi onu [köynəyi] onun üzünə atdı [sürtdü]. O, yenidən görməyə başladı və dedi: "Mən sizə deməmişdimmi ki, mən Allahın köməyi ilə sizin bilmədiyiniz şeyləri bilirəm?"
97. Onlar dedilər: "Atamız! Günahlarımızın bağışlanmasını Allahdan dilə! Doğrudan da biz xəta işlətmişik".
98. O dedi: "Mən sizin üçün öz Rəbbimdən bağışlama istəyərəm. Axı O, bağışlayandır, rəhmlidir".
99. Onlar [Yaqub ailəsi ilə] Yusufun yanına gələndə o, ata-anasını bağrına basaraq: "İnşaallah, əmin-amanlıqla Misirə daxil olun!" - dedi.
100. O, ata-anasını öz taxtına qaldırdı. Onlar da onun üçün səcdəyə qapandılar. Yusuf dedi: "Ata! Bu, mənim əvvəlki yuxumun yozumudur. Mənim Rəbbim onu çin etdi və mənə yaxşılıq göstərdi. O, məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarım arasında ixtilaf saldıqdan sonra sizi səhradan (bura) gətirdi. Həqiqətən, Rəbbim istədiyi kəsə qarşı lütfkardır. O, hər şeyi biləndir və hikmət sahibidir.
101. Rəbbim, Sən mənə bir qədər mülk verdin və mənə yuxulan yozmağı öyrətdin. Ey göylərin və yerin yaradıcısı, bu dünyada da, axirətdə də Sən mənim himayəçimsən. Mənim canımı bir müsəlman [Allaha təslim] olaraq al və məni əməlisalehlərə qovuşdur!"
102. Bu, qeyb xəbərləridir ki, sənə vəhy edirik. Axı onlar yığışaraq məkr quranda sən onların yanında deyildin.
103. İnsanların çoxu isə, sən nə qədər can atsan da, iman gətirən deyildir.
104. Bunun üçün sən onlardan heç bir haqq istəmirsən. Bu, yalnız aləmlər [insanlar] üçün bir öyüd-nəsihətdir.
105. Göylərdə və yerdə neçə-neçə dəlil vardır ki, onlar üz çevirib bunların yanından ötüb keçirlər.
106. Onların çoxu Allaha iman gətirmir, onlar müşriklərdir.
107. Onlara Allahın əzabından bir bəlanın gəlməyəcəyinə, yaxud qiyamətin qəflətən heç özləri də duymadan gəlməyəcəyinəmi əmindirlər?
108. De: “Mənim yolum budur. Mən (dəlilləri) görə-görə (insanları) Allaha dəvət edirəm. Mən də, ardımca gələnlər də (Allah yolundayıq). Uca Allaha şükürlər olsun ki, mən müşriklərdən deyiləm!“
109. Səndən əvvəl də şəhər əhli içərisindən vəhy etdiyimiz adamları (peyğəmbərlər) göndərdik. Onlar [müşriklər] yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu bir görməzlərmi? Müttəqilər üçün axirət evi daha xeyirlidir. Məgər anlamırsınız?
110. Peyğəmbərlər ümidsizliyə düşəndə və zənn edəndə ki, onları yalançı hesab edirlər, onlara dərhal Bizim köməyimiz gəlir və Bizim istədiyimiz kəs nicat tapırdı. Günahkar adamlardan isə cəzamız dəf olunmaz.
111. Onların əhvalatlarında ağıl sahibləri üçün bir ibrət vardır. Bu [Quran], uydurulmuş bir söhbət deyildir. Ancaq ona qədər nazil olanları təsdiqləmək, hər şeyi müfəssəl aydınlaşdırmaq üçündür və iman gətirən adamlara düz yol göstəricisi, bir mərhəmətdir.