Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ZARİYAT SURƏSİ
Quran. ZARİYAT SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(altmış ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1. And olsun (torpağı) sovurub səpələyənlərə [küləklərə],
2. yük daşıyanlara [buludlara],
3. asanlıqla üzənlərə [gəmilərə],
4. işləri bilənlərə [mələklərə]!
5. Sizə vəd olunan həqiqətən doğrudur.
6. Haqq-hesab həqiqətən çəkiləsidir.
7. İşıqlı yolları olan səmaya and olsun ki,
8. siz həqiqətən də cürbəcür fikirlər içərisindəsiniz!
9. Sözə gedən kəs ondan [haqdan] aldadılıb döndərilər.
10. Ölüm olsun yalançılara!
11. Onlar cəhalət girdabına düşmüş bixəbərlərdir.
12. Onlar soruşurlar: "Haqq-hesab günü nə vaxt olacaqdır?"
13. O günü onlar cəhənnəm oduna mübtəla ediləcəklər.
14. Onlara deyiləcək: "Əzabınızı dadın! Bax sizin tezləşdirmək istədiyiniz budur!"
15. Şübhəsiz ki, müttəqilər cənət bağlarında və çeşmələr başında
16. öz Rəbbinin onlara bəxş etdiyi mükafatları alacaqlar. Çünki onlar bundan əvvəl [dünyada] xeyir əməllər tutan olublar.
17. Onlar gecəni çox az yatarlar,
18. səhərlər isə bağışlanmaq diləyərlər.
19. Onların mal-dövlətlərində dilənçinin və məhrumun [yoxsulun] payı vardır.
20. Yəqinlikli insanlar üçün yer üzərində neçə-neçə dəlil vardır,
21. öz ürəklərinizdə də. Məgər siz görmürsünüz?
22. Sizin ruziniz və sizə vəd olunmuş şeylər səmadadır.
23. Göyün və yerin Rəbbinə and olsun ki, sizin danışmağa nitqiniz olduğu kimi, bu da bir həqiqətdir.
24. İbrahimin hörmətli qonaqlarının əhvalatı sənə gəlib çatıbmı?
25. O zaman onlar onun yanına daxil olaraq: "Salam!” demişdilər. İbrahim də: "Salam!" - demişdi. Öz-özünə isə: “Bunlar naməlum adamlardır", - demişdi.
26. O öz ailəsinin yanına gedərək kök bir buzov (qızardıb) gətirmişdi.
27. O, onu onlara yaxın çəkərək: "Yeməzsinizmi?" - demişdi.
28. O, (yemədiklərini görüb) onlardan qorxuya düşmüşdü. Onlar isə: "Qorxma!" - deyərək ona elm sahibi olacaq bir oğlan uşağı müjdəsi vermişdilər.
29. Onun qadını üz-gözünə döyə-döyə, çığıra-çığıra gələrək: "Mən ki sonsuz bir qarıyam." - dedi.
30. Onlar [mələklər] dedilər: "Sənin Rəbbin belə deyir, axı O, hökm və hikmət sahibidir, hər şeyi biləndir."
31. İbrahim dedi: "Məqsədiniz nədir, ey elçilər?"
32. Onlar dedilər "Biz günahkar adamların yanına göndərilmişik ki,
33. onların üzərinə kəsəklər yağdıraq,
34. həddini aşanlar üçün sənin Rəbbin tərəfindən nişan qoyulmuş (kəsəkləri).”
35. Biz orada [o ölkədə] olan möminləri (oradan) çıxartdıq.
36. Orada bir evdən başqa müsəlman tapmadıq.
37. Üzücü əzabdan qorxanlar üçün orada bir ibrət dərsi qoyduq.
38. Musa əhvalatında da (ibrət) vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərdik.
39. Firon isə öz dəstəsi ilə üz döndərərək dedi: “O bir sehrbazdır, ya da bir divanədir."
40. Biz onu və qoşunlarını yaxalayaraq dənizə tökdük. O, doğrudan da öz-özünü məzəmmət edirdi!
41. Ad əhvalatında da. O zaman Biz onların üzərinə xeyirsiz külək göndərdik.
42. O, nəyin üzərinə əsirdisə, onu kül kimi edib sovururdu.
43. Səmud əhvalatında da. O zaman deyildi: "Siz bir vaxta kimi yaşayıb güzəran sürün."
44. Onlar isə öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu,
45. nə qalxa bildilər, nə də onlara kömək edənlər oldu.
46. Bunlardan əvvəl də Nuh camaatını (məhv etmişdik). Doğrudan da onlar (haqdan) dönmüş adamlar idilər.
47. Biz səmanı qüdrətimizlə qurduq, Biz onu genişləndiririk.
48. Yeri də döşədik. Nə gözəl yer hazırlayanıq!
49. Düşünüb ibrət alasınız deyə, Biz hər şeyi cüt-cüt yaratdıq.
50. De: "Allaha tərəf qaçın! Mən Allah tərəfindən sizə göndərilmiş aşkar bir öyüd-nəsihətçiyəm.
51. Allahla bərabər başqa bir tanrı tutmayın. Həqiqətən də mən Onun tərəfindən sizə göndərilmiş aşkar bir öyüd-nəsihətçiyəm."
52. Onlardan əvvəlkilər də özlərinə elə bir peyğəmbər gəlmədi ki, (onun barəsində): "Sehrbazdır, yaxud divanədir!" -deməsinlər.
53. Məgər onlar bunu bir-birilərinə vəsiyyət ediblər? Xeyr, onlar həddi aşanlardır!
54. Onlardan üz döndər, sənə tənə edilməz!
55. Yada sal [öyüd-nəsihət ver], axı yada salmaq möminlərə fayda verir.
56. Mən cinləri və insanları ancaq ona görə yaratdım ki, onlar Mənə ibadət etsinlər.
57. Mən onlardan bir ruzi istəmirəm, Məni yedizdirmələrini də istəmirəm.
58. Axı Allah Özü ruzi verəndir, qüvvət sahibidir, möhkəmdir!
59. Haqsızlıq edənlər üçün (özlərindən əvvəlki) dostlarının qismətinə bənzər bir qismət vardır. Qoy onlar Məni tələsdirməsinlər!
60. Özlərinə vəd olunmuş gündən [axirət əzabından] vay o kafirlərin halına!