Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ZUXRUF SURƏSİ
Quran. ZUXRUF SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(səksən doqquz ayədən ibarət Məkkə sursi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1 Ha, Mim.
2 Aydın Kitaba and olsun!
3 Biz onu ərəbcə Quran etdik ki, bəlkə siz anlayıb ağıla gələsiniz.
4 O, dərgahımızdakı ana Kitabda [Lövhi-Məhfuzda] mövcuddur. O, ucadır, hökm və hikmətlə doludur.
5 Siz həddini aşmış adamlarsınız deyə Biz Zikri [Quranı] sizə çatdırmaqdan məgər əl çəkməliyik?
6 Biz əvvəlki nəsillərə də neçə-neçə peyğəmbər göndərdik.
7 Onlara elə bir peyğəmbər gəlmədi ki, onlar onu məsxərəyə qoymasınlar.
8 Biz onlardan da güclülərini məhv etdik və (kitablarda) əvvəlki nəsillərin əhvalatından misallar getmişdir.
9 And olsun ki, onlardan göyləri və yeri kim yaradıb deyə soruşsan, əlbəttə: "Onları qüdrətli, hər şeyi bilən (Allah) yaratmışdır". - deyəcəklər.
10 O, yer üzünü sizin üçün beşik etdi və sizə orada yollar yaratdı ki, bəlkə düz gedəsiniz.
11 O, göydən qədərincə su endirdi. Onunla ölü bir ölkəyə həyat verdik. Siz də bax beləcə (dirildilib qəbirlərdən) çıxarılacaqsınız.
12 O, (erkəkli-dişili) bütün cütləri yaratdı, gəmilərdən və heyvanlardan sizin üçün minik etdi
13 ki, onları minəsiniz, sonra isə minib oturarkən Rəbbinizin yaxşılığını xatırlayıb deyəsiniz: "Bizim gücümüz çatmadığı halda, bunu bizim xidmətimizə verənə təriflər olsun!
14 Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq.”
15 Onlar [müşriklər] Onun bəndələrindən bəzisini (Ona övlad sayaraq) Onun bir hissəsi hesab etdilər. Həqiqətən, insan açıq-aşkar naşükürdür!
16 Yoxsa O, yaratdıqları içərisindən qızları Özünə götürərək oğlanları sizə verdi?
17 Əgər onlardan birinə mərhəmətli (Allaha) aid edilən (qız uşağının) müjdəsi verilərsə, onun üzü hirsindən qapqara qaralar.
18 Məgər (onlar) zinət içərisində böyüdülən və mübahisədə gücsüz olanını (Allaha aid edirlər)?
19 Onlar mərhəmətli (Allahın) bəndələri olan mələkləri qızlar hesab etdilər. Məgər onlar mələklərin yaradılışının şahidi olublar? Onların bu (yalan) şahidliyi qeydə alınacaq və onlar sorğu-suala tutulacaqlar.
20 Onlar dedilər: "Əgər Mərhəmətli [Allah] istəsəydi biz onlara [bütlərə] ibadət etməzdik!" Onlar bunu heç bir biliyə istinad etmədən (deyirlər), onlar ancaq yalan uydururlar!
21 Yoxsa Biz bundan [Qurandan] əvvəl onlara (Allahdan başqasına ibadəti təlqin edən) bir kitabmı vermişdik ki, onlar da ona istinad edələr?!
22 Xeyr! Onlar dedilər: "Biz ata-babalarımızı (özgə) bir etiqad üzərində gördük, biz də onların izi ilə düz gedirik."
23 Həmçinin Biz hər hansı bir məmləkətə səndən əvvəl elə bir öyüd- nəsihətçi göndərməmişik ki, orada firavan güzəran sürən (başçıları) deməsinlər: "Biz ata-babalarımızı (özgə) bir etiqad üzərində gördük, biz də onların izi ilə düz gedirik."
24 (Hər peyğəmbər öz ümmətinə) dedi: Əgər mən sizə ata-babalarınızın üzərində gördüyünüz (etiqaddan) daha doğrusunu gətirsəm necə?" Onlar dedilər: "Biz sizinlə göndərilən şeylərə əsla inanmırıq."
25 Buna görə də Biz onlardan [kafirlərdən] intiqam aldıq. Gör (peyğəmbərləri) yalançı hesab edənlərin aqibəti necə oldu!
26 O zaman İbrahim öz atasına və camaatına dedi: "Sizin ibadət etdiyiniz (bütlərlə) heç bir bağlılığım yoxdur,
27 bircə məni yoxdan yaradan istisna olmaqla. Həqiqətən də O, mənə düz yol göstərəcəkdir!"
28 İbrahim bu sözləri öz sonrakı nəsli üçün daimi qalacaq tövsiyə etdi ki, bəlkə onlar (haqqa) dönələr.
29 Doğrusu, Mən bunlara da, atalarına da özlərinə haqq və aşkar bir peyğəmbər gələnə kimi güzəran verdim.
30 Haqq onlara gələndə isə dedilər: "Bu, sehrbazlıqdır və biz buna inanmırıq."
31 Onlar dedilər "Barı bu Qurian iki şəhərdən birində olan böyük bir adama nazil ediləydi!"
32 Onlar sənin Rəbbinin mərhəmətinimi bölürlər? Biz, bu dünya həyatında onların ruzilərini aralarında böldük, bir qismini digərindən bir neçə mərtəbə üstün etdik ki, biri o birisini xidmətə götürsün. Sənin Rəbbinin mərhəməti onların (dünyada) topladıqlarından daha xeyirlidir.
33 Əgər insanların (küfrdə) tək bir ümmət halına gəlməsi (qorxusu) olmasaydı, onda Biz mərhəmətli (Allahı) inkar edənlərin evlərinin tavanını da, çıxdıqları pilləkənləri də gümüşdən edərdik,
34 evlərinin qapılarını da, üzərində uzandıqları taxtları da.
35 Eləcə də bər-bəzəkli edərdik. Bütün bunlar bu dünya həyatının ötəri ləzzətidir. Axirət isə sənin Rəbbinin dərgahında müttəqilər üçündür!
36 Kim Mərhəmətli (Allahı) zikr etməkdən yayınarsa, Biz ona bir şeytanı qoşarıq və o, ona yol yoldaşı olar.
37 Şeytanlar onları yoldan çıxaracaqlar və onlar güman edəcəklər ki, düz yolla gedirlər.
38 (Qiyamət günü) hüzurumuza gələndə isə o, (şeytana) deyəcək: "Kaş mənimlə sənin aranda gündoğandan günbatana qədərki uzaqlıq olaydı. Sən nə pis yoldaşsanmış!"
39 (Onlara deyiləcək): “Haqsızlıq etdiyiniz üçün bu gün (peşmançılıq) sizə heç bir fayda verməyəcəkdir. Çünki siz əzabda müştərəksiniz”.
40 Karlara sənmi eşitdirəcəksən, yaxud kor və aşkar yolunu azmışlara sənmi düz yol göstərəcəksən?
41 Əgər Biz səni (onlara cəza verməzdən əvvəl dərgahımıza) aparsaq (bil ki), Biz onlardan mütləq intiqam alacağıq.
42 Yaxud vəd etdiyimiz (əzabı) onlara necə verəcəyimizi sənə göstərəcəyik. Biz ki onlara (istədiyimizi etməyə) qadirik!
43 Sənə vəhy olunan Qurandan) yapış! Həqiqətən, sən düz yoldasan.
44 Bu [Quran] sənin üçün və sənin ümmətin üçün bir öyüddür və (onun barəsində) siz sorğu-suala tutulacaqsınız.
45 Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərimizdən [onların ümmətlərindən] soruş görək məgər biz Mərhəmətli (Allahdan) başqa ibadət ediləsi tanrılar düzəltmişik?!
46 Biz Musanı möcüzələrimizlə Fironun və əyanlarının yanına göndərdik. Musa dedi: “Mən aləmlərin Rəbbi olan Allahın peyğəmbəriyəm”.
47 O, möcüzələrimizi onlara gətirdikdə onlar möcüzələrimizi lağa qoyub güldülər.
48 Biz onlara biri digərindən böyük möcüzələr göstərdik. Onları əzaba düçar etdik ki, bəlkə (haqqa) dönələr.
49 Onlar dedilər: "Ey sehrbaz! (Əzabı üzərimizdən götürmək üçün) Rəbbini sənə etdiyi əhd ilə çağır, biz də haqqa dönərik.”
50 Biz əzabı onların üzərindən götürən kimi onlar dərhal əhdi pozdular.
51 Firon öz tayfasına təkəbbürlə dedi: Ey camaatım, məgər Misrin mülkü, saraylarımın altından axan çaylar mənim deyilmi? Görmürsünüzmü?
52 Yaxud mən öz fikrini çətinliklə izah edən bu həqir kimsədən daha xeyirli deyiləmmi?
53 (Əgər peyğəmbərdirsə), barı ona qızıl bilərzik taxılaydı və ya onunla birlikdə mələklər də gələydi!"
54 Beləliklə o, öz tayfasını sözlərilə aldatdı, onlar da ona itaət göstərdilər. Doğrudan da onlar yoldan çıxmış adamlar idilər.
55 Onlar Bizi hiddətləndirdikdə Biz onlardan intiqam aldıq və onlann hamısını suya qərq etdik.
56 Və onları sonra gələnlər üçün gəlib keçmiş ibrətverici misallar etdik.
57 Məryəm oğlu [İsa] misal çəkiləndə sənin camaatın buna (etiraz əlaməti olaraq) hay-küy salmağa başladı.
58 Onlar dedilər: "Bizim tanrılarımız yaxşıdır, yoxsa İsa?" Bunu isə onlar sənə ancaq mübahisə xatirinə dedilər. Axı onlar höcəti çox sevən adamlardır.
59 İsa Bizim nemət [peyğəmbərlik] verdiyimiz və İsrail övladları üçün misal etdiyimiz bir bəndədən başqa kimsə deyildir.
60 Əgər Biz istəsəydik, yer üzündə özünüzdən sizi əvəz edəcək mələklər yaradardıq.
61 Həqiqətən də İsa qiyamətin olacağı üçün bir əlamətdir, buna [qiyamətə] şübhə etməyin və Mənim əmrimə tabe olun! Budur doğru yol!
62 Qoy şeytan sizi yoldan çıxartmasın, axı o, sizin açıq-aşkar düşməninizdir.
63 İsa aydın dəlillər gətirincə dedi: “Mən sizə hikmət gətirmişəm və ixtilafda olduğunuz bəzi məsələləri sizə aydın edərəm. Allahdan qorxun və mənə itaət edin!
64 Həqiqətən, Allah mənim də, sizin də Rəbbinizdir. Ona ibadət edin! Budur doğru yol!"
65 Firqələr öz ararlarında ixtilafa düşdülər. Üzücü günün əzabından vay haqsızların halına!
66 Məgər onlar heç özləri də duymadan qəflətən onlara gələcək qiyamət günündən başqa bir şeymi gözləyirlər?
67 O günü müttəqilərdən başqa, dost olanlar bir-birinə düşmən kəsiləcəklər.
68 (Müttəqilərə deyəcəyik): “Ey bəndələrim! O günü sizə nə bir qorxu, nə də bir kədər üz verəcəkdir,
69 ey ayələrimizə iman gətirib müsəlman olmuş bəndələrim!
70 Siz və zövcələriniz sevinclə cənnətə daxil olun!"
71 Onlar üçün qızıldan sinilər və piyalələr dolandırılacaqdır. Orada ürək istəyən və göz oxşayan şeylər olacaqdır və siz orada əbədi qalacaqsınız.
72 Varis olduğunuz bu cənnət etdiyiniz işlərə görədir.
73 Orada sizin üçün növbənöv meyvələr olacaqdır. Siz də onlardan yeyəcəksiniz.
74 Günahkarlar isə cəhənnəm əzabı pərisində əbədi qalacaqlar.
75 Onların halı heç vaxt yüngülləşməyəcək və onlar orada ümidsiz qalacaqlar.
76 Biz onlara qarşı haqsızlıq etmədik, lakin onlar özləri haqsızlar idilər.
77 (Onlar cəhənnəm gözətçisinə): "Ey Malik! Qoy sənin Rəbbin canımızı alıb qurtarsın!" - deyəcəklər. O isə: "Siz (burada əbədi) qalacaqsınız." - deyəcəkdir.
78 (Allah deyər): "Biz sizə haqqı çatdırdıq, lakin sizin çoxunuz haqqı sevmədiniz.
79 Yoxsa onlar hər hansı bir iş barəsində hökmmü verdilər? Şübhəsiz, qəti hökmü Biz veririk.
80 Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirrini və xəlvət söhbətlərini eşitmirik? Xeyr, (eşidirik). Onların yanındakı elçilərimiz [mələklərimiz] hər şeyi yazırlar.
81 De: "Əgər Mərhəmətli (Allahın) bir övladı olsaydı, mən ona ilk ibadət edənlərdən olardım."
82 Göylərin və yerin Rəbbinə, ərşin Rəbbinə təriflər olsun, O, onların ona verdikləri sifətlərdən yüksəkdədir!
83 Qoy onlar vəd olunduqları günə qovuşana qədər (batil işlərini) davam etdirsinlər və oynayıb əylənsinlər.
84 Göydəki tanrı Odur, yerdə də tanrı Odur. O, hökm və hikmət sahibidir, hər şeyi biləndir.
85 Göylərin, yerin və onlann arasında olan hər şeyin ixtiyar sahibi (Allah) xeyir-bərəkətlidir. Qiyamət günü haqqında bilgi Ondadır və siz Ona da qaytarılacaqsınız.
86 (Sözlərinin həqiqət olduğunu) bilərək, haqqa şəhadət verənlər istisna olmaqla, Allahı qoyub başqalarına ibadət edənlər heç bir havadarlıq tapa bilməzlər.
87 And olsun ki, sən onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə "Allah" - deyərlər. Elə isə necə olur ki, (haqdan) döndərilirlər.
88 (Peyğəmbər) deyər: "Ey Rəbbim, bunlar iman gətirməyən adamlardır!".
89 Sən onlardan uzaqlaş və "Salam." - de [ayrıl]. Sonra onlar biləcəklər.