Məzmuna keç

Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl-Mutəffifin surəsi

Vikimənbə saytından

Bismillahir-rəhmanir-rəhim!

1 Vay halına çəkidə və ölçüdə aldadanların!

2 O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,

3 Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.

4 Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!

5 Özü də dəhşətli bir gündə?!

6 O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!

7 Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!

8 Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?)

9 O, yazılı bir kitabdır!

10 O gün vay halına yalan sayanların!

11 O kəslər ki, haqq-hesab gününü yalan sayarlar.

12 Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar.

13 Ayələrimiz ona oxunduğu zaman: "(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)" - deyər.

14 Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.

15 Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!

16 Sonra Cəhənnəmə varid qalacaqlar.

17 Sonra da onlara: "Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!" deyiləcəkdir.

18 Xeyr! (Mö’minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan mö’minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır!

19 Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?!

20 O, yazılı bir kitabdır.

21 Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər!

22 Həqiqətən, yaxşı əməl və itaət sahibi olan mö’minlər Nəim cənnətlərində olacaqlar.

23 Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi ne’mətlərə) tamaşa edəcəklər.

24 Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!

25 Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir.

26 Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!

27 Ona təsnim (suyu) qatılmışdır.

28 O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər).

29 Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.

30 (Mö’minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər.

31 Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar.

32 Onlar (mö’minləri) gördükdə: "Doğrusu, bunlar (haqq yoldan) azanlardır!" - deyirdilər.

33 Halbuki onlara (mö’minlərə) nəzarətçi göndərilməmişdir.

34 Bu gün isə mö’minlər kafirlərə güləcəklər.

35 Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər).

36 Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)


Əvvəlki surə:
İnfitar surəsi
Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl-Mutəffifin surəsi Sonrakı surə:
İnşiqaq surəsi
Əvvəl nazil olan surə:
Ənkəbut surəsi
Sonra nazil olan surə:
Bəqərə surəsi

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114