Qurbanın olum, getmə, Əli, bircə dayan, dur
Qurbanın olum, getmə, Əli, bircə dayan, dur Müəllif: Hacı Rza Sərraf |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Qurbanın olum, getmə, Əli, bircə dayan, dur,
Göz yaşıma bax, gör necə ardınca rəvandır.
Qardaş, nə anam var, nə bacım, xarü zəliləm,
Bu nərgisi-məstin kinü bimarü əliləm,
Gəl salma nəzərdən məni, rəhm eylə, dəxiləm,
Axır sənə bu dərdi-dilim şərhü bəyandır.
Sənsən, Əli qardaş, güli-gülzari-Mədinə,
Getsəm, pozular rövnəqi-bazari-Mədinə,
Bu halına ağlar hamı divari-Mədinə,
Qan ağlamayım mən necə, bağrım dolu qandır.
Səndən sora bir kəs mən ilə həmnəfəs olmaz,
Qeyr əz qəmü ənduhü bəla dadrəs olmaz,
Bu dərd, müsibət mənə dünyada bəs olmaz,
Düşdükcə anam yadə, işim ahü fəğandır.
Çün eyləmişəm dərdü bəla ilə əlaqə,
Bu bəstəri-qəmdən dəxi mən durmam əyağə,
Hərgiz demərəm gər məni yandırma fərağə,
Bax gör dözə billəm, Əli, ondan sora yandır.
Bundan sora, qardaş, məni saldıqca xəyalə,
Ollam səri-zülfün kimi piçidə məlalə,
Müşkül görürəm bir də yetəm bəzmi-vüsalə,
Cismim əriyir, yerdə qalan bir quru candır,
Getsən cigərim lalə sifət qan olu sənsiz,
Məmurəyi-eyşim,Əli, viran olu sənsiz,
Bu şəhri-Mədinə mənə zindan olu sənsiz,
Gəl getmə gözüm nuru, ayaq saxla amandır.
Saldıqca sənin xali-xətin yadə vətəndə,
Bundan sora gəlləm, Əli, fəryadə vətəndə,
Heç kimsə qərib olmaya dünyadə vətəndə,
Qürbət qəmi, bimar qəmi eşqə yamandır.
Bu dərdılə mən olməyin axır nə rəvadır,
Çün şərbəti-vəslin dili bimarə şəfadır,
Fikri-xəmi-zülfün mənə zənciri-bəladır.
Zikri-ləbi-ləlin mənə bir ruhi-rəvandir.
Yanmış anasızlıq oduna bəs ki, bu canım,
Qalmıb qəmi-hicranə dəxi tabü təvanım,
Vardır yeri dünyanı tuta əşki-rəvanım,
Tufani-bəla çeşmeyi-çeşmimdən əyandır.
Sərrafi-günəhkarəm əya, qadiri-qəffar,
Gözdən tökərəm göz yaşı çün dirhəmi-dinar,
Bu kəsbdən öz mərhəmətinlə məni qurtar,
Cərmayəsi qəm, kəsbi ölüm, sudi ziyandır.