Qurdağızlı uşaq

Vikimənbə saytından
Rəvayətlər. Qurdağızlı uşaq
Müəllif: Şifahi xalq ədəbiyyatı


Deyirlər, keçmişlərdə iki cavan bir-birini sevirmiş. Nə gecələri gecə, nə də gündüzləri gündüz imiş. Aranı xəlvət eyləyib görüşər, “lal-dinməz” oyunu oynayarmışlar. Amma nə fayda... Qızı gözü yaşlı, ürəyi niskilli edib istəmədiyi qoca bir adama ərə verirlər. Ayrılığa tab gətirməyən oğlan yurd-yuvasından didərgin düşüb çöllərə pənah aparır.

Yaz başı el dağa köçürmüş. Qız gözdən yayınıb həsrətini çəkdiyi sevgilisiylə görüşür. Dərdini danışır, ərinin zalımlığını deyib acı-acı göz yaşları tökür. Bu görüşdən sonra qız uşağa qalıbmış. Ay keçib vədə tamam olanda gözəl bir oğlan uşağı dünyaya gəlir. Yazıq qız iki daş arasında qalır. Bir yandan ər qorxusu, bir yandan ana ürəyi. Axırda körpəni əskiyə bükür, obalardan uzaq bir yerə aparıb bir kol dibində qoyur, xəlvətcə qayıdır. Bir dişi qurd uşağı tapıb döşünə salır, doyunca əmizdirdikdən sonra dişlərinə alıb aparır. Qızın sevgilisi bir gün ana qurdla qarşılaşır, uşaq əmizdirdiyini görüb çaşbaş qalır. Aman vermir, qurdu öldürür, uşağı da götürüb öz yanında saxlayır.

Günbəgün böyüyən körpə onun özünə oxşayırmış. Oğlan başa düşür ki, bu uşaq sevgilisinin atdığı doğma balasıdı. Daha açıbağartmır. Günlərin bir günü təzək yığmağa gedən ana həmin uşaqla qarşılaşır. Amma tanıya bilmir. Çünki o, adam yerişli, insan dilli, qurd ağızlı bir məxluq idi. Uşaq qadını görəndə qurd kimi onun üstünə atılır, dişləri ilə bir göz qırpımında didib parçalayır. Ovdan qayıdan ata qana boyanmış qadını görəndə şivən qoparır. Üzünü oğluna tutub deyir:

– Niyə öldürdün, oğul. O, mənim sevgilim, sənin də anan idi.

Qurdağızlı uşaq hər şeydən xəbərdar kimi cavab verir:

– Mənim süd anamı sən öldürdün, sümük anamı da özüm. Bil ki, hər kəsin süd anası sümük anasından daha əzizdi.

Ata daha bir söz deməyib qanlı yerdən uzaqlaşır. Deyirlər, ataoğul həmin qocanı öldürüb son günlərinədək çöllərdə, dağlarda yaşayıb ömür sürmüşlər.

Mənbə[redaktə]