Qurdlar tayfası

Vikimənbə saytından
Rəvayətlər. Qurdlar tayfası
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qədim zamanlarda bir tayfa var idi. Bu tayfanın başçısı sonsuzmuş. Çox qurbandan, nəzir-niyazdan sonra onun bir oğlu olur. Uşaq dörd-beş yaşına çatır, amma yeriyə bilmir, heç ayaq üstə də dura bilmir.Atası başlayır ağlamağa ki, bəs mən öləndən sonra bu şikəst oğlumun axırı nə olacaq?

Elə bu vaxtı düşmənlər basqın edirlər bütün tayfanı qırıb-çatırlar. Bütün kişiləri öldürüb, arvad-uşağı qul eyləyirlər. Bu uşağı da şikəst olduğuna görə aparmırlar, atırlar bir daşın dibinə ki, qurd-quş yesin. Düşmənlər tutduqları əsirləri götürüb gedəndən sonra buraya bir canavar gəlir. Uşağı əmizdirir, sonra götürüb aparır öz yuvasına, başlayır bunu saxlayıb bəsləməyə. Neçə illər keçir, uşağın ayaqları açılır. Özü də bir pəhləvan olur ki, gəl görəsən, əl atmağıynan yüzillik çinarı kökündən çıxarmağı bir olur. Nərəsi gələndə şir, pələng girməyə deşik axdarır. Oğlanın adı hər yana yayılır. Düşmənlər də bunun sorağını eşidip gəlirlər ki, onu öldürsünlər. Ancaq bir yanan oğlan və bir yanan da canavar bunların əhədini kəsir, bir nəfəri belə sağ buraxmayıb hamısını öldürürlər. Sonra həmin pəhləvan gedir tayfasının sağ qalanlarını da qurtarır öz topraqlarına gəlirlər. Oğlanı başçı seçib yaşamağa başlayırlar.

O vaxtdan bu tayfaya qurdlar tayfası deyirlər. Naxçıvan əhalisindən Qurdlar tayfasından olmayan qalmadı.

Mənbə[redaktə]