Məzmuna keç

Rübailər/Abbasqulu ağa Bakıxanov

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Rübailər
Müəllif: Abbasqulu ağa Bakıxanov


Biliklər, önündə bir müşgülatdır,
Səni dərk etməkdə ağıllar matdır.
İqrar etməsək də cəhlimizi biz
O fəxri-kainat olan bir zatdır.

Qəlbimin istəyi hər arzu, məram,
Əqlin istəyində əks olmuş təmam.
Müxalif olursa iki yoldaş bil,
Onların cəhdi də boş çıxar müdam.

Kafirlik ömrümü etmişdir hədər,
Məqsədçin mən hara eyləyim səfər?
Hardadır dünyada o müsəlmanlıq
Ki, olsun bu yolda qəlbimə rəhbər?!

Dərgahda olmaq bir böyük dövlətdir,
Ona qulluq etmək bir səadətdir,
Qüdsi bir aləmdən yaranmış Qüdsi,
Onun öz adından bir əlamətdir.

O gözlər qəlbimi edir tarmar,
Şərabsız məst edir, yuxusuz bidar,
Ey Qüdsi, bu odlu baxışdan qorxma
Bu odla sulanır bizdəki gülzar.

Sözlərin şəkərdir şirin bir nabat,
Xoşdur şəkərdən də o bir neçə qat.
Bizim məktubları cavabsız qoydun,
Görünür beləymiş səndə iltifat.

Ruhumu çox tərif etsən də kamil,
Nə xaric söylərsən, nə də ki, daxil.
Dəniz başdan-başa bir ünsürdəndir,
İstər o dib olsun, ya səth, ya sahil.

Əgər can nur isə, bu zülmət nədir?
Zülmətsə, bəs nurlu məhəbbət nədir?
Demək var vücudda zülmət də, nur da,
İfrata varmaqda bu adət nədir?

İradə çox olsa, təəssüb artar,
Qorxaqlıq çox olsa, gedər ixtiyar.
Ağıllı odur ki, ifrat etməsin,
Hər şeydə bilməli bir tənasüb var.

Tərsinə dolanır amansız dövran,
O xalqı həmişə edir imtahan.
Sən laqeyd olduqca kam verir sənə,
Kamini istərkən o verir ziyan.

Sənətin fırçası köhnə, şahkar--
Bir işi etməzsə bizə aşikar,
O hansı babadır, yeni nəsilçin.
Qoymasın qiymətli töhfə, yadigar?

Əlində tutduğun dolu peymanə,
Şərabə bənzəyir, belə məstanə.
O suyun rənginə baxarkən sanki,
Günəşdir eyləmiş bir bürcü xanə.

Talein yar olsa sənə hər zaman,
Hər hünər qarşında diz çökər inan!
Əflatun olsan da, tale dönərsə
Hər işin tərsinə çevrilir haman.

Təkcə nöqsan görər eyib axtaran,
Düzü də o əyri görür hər zaman.
Əgər belə isə bəs nə üçün o,
Özündə görməyir tək bircə nöqsan?!

Yaxşılıq sevməyir dünyada riya,
Hünərlə eyb ki, birləşməz əsla.
Quranda müvafiq bir ayə vardır
Yaxşılıq eyləyən çatar yaxşıya.

Fəryad ki, əksimə dövr edir fələk,
Hicran çox, vüsalı o məhv edərək--
Bu hürkmüş qəlbimə verir təsəlli,
Yaşar boş təvəkkül, ümidlə ürək.

Davada tüfəng də verir bizə səs,
Düşməni məhv edir ondakı nəfəs,
Düşməni məhv etmək lazım gələndə
Ona göz ucuyla bir işarə bəs.

Halım etmiş məni həyatdan bizar,
Sağlamkan, etmişdir sağalmaz bimar.
Hicran bir dərddir ki, sonu bilinməz,
Bir sözlə kim edər bu halı izhar?

Allahım istəsə qurtarram qəmdən,
Qəzanın əksinə, şad olaram mən,
Düşmənlər könlücə keçdisə ömrüm,
Bir az da dostlarçın yaşayaram şən.

Bürümüş tənimi, canımı fəraq,
Ağırdır, günlərim keçsə bu sayaq.
Yar hicri, rəqibin dərdi, fələklə,
Məhvimçin qurmuşlar necə ittifaq?!

Odunla alışdı bu can xirmənim,
Min ələm bürüdü qəlbimi mənim.
Odlu göz yaşımdan anladım axır.
Cigər şişməsindən yanmış bədənim.

Saqi, gəl badə ver, dağılsın bu qəm,
Dağılsın bəlkə bu qəlbimdən ələm.
Açıb dil deyim bu viranə yerdən,
Nə vaxt çıxıb getmiş Xosrov ilə Cəm.

Sinəmə dağ çəkir mənim bu dövran,
Halımı dərk edər kim çəksə hicran.
Qəlb odu bir yazıq xəstə qəribin,
Gözündən axıdır gör necə sel, qan.

Ümidim çoxdur ki, hicran tükənər,
Xoş keçər bəlkə bu ömür bir qədər.
Günəş tək camalın çıxanda bəlkə,
Gecəmiz məhv olub açılar səhər.

Sənsiz rahatlığım yoxdur, a canım,
Nə şadlıq varımdır, nə xoş zamanım.
Belə bir dolaşıq aləmdə hələ,
Azacıq ömrə də gəlmir gümanım.

Gözəlim bilmədi necəyəm bir az,
Kim ona aşiqsə bəxtiyar olmaz.
Zəmanə dərdindən turtarsam əgər,
Kefimi edərəm yar yanında saz.

Tamahla səadət birləşməz inan,
Tamahkar həsrətdir şadlığa hər an.
Heç kəsdən götürmə azacıq minnət,
Bar çoxsa, tez sınar budaq hər zaman.

Ayrıldıq, ürəyim qana döndü yar,
Nə deyim bilmirəm yoxam, ya da var.
Örtüksüz görünüb keçdi məclisdən.
Lakin bir kimsəyə baxmadı nigar.

Bu fələk işləri etdi pərişan,
Şadlığı fitnəylə o qoydu viran.
Zəmanə kələkdir ürək vermə, bil,
Kim könül verdisə buraxdı nöqsan.

Söz yandı qələmin ucuyla həmən,
Fitnənin əliylə soldu bağ, çəmən,
Bu ürək mülkündə canını qoru,
Hər yandan hücuma keçmişdir düşmən.

Ah necə mən tapım bu dərdə dərman,
Ki, zülfü, dodağı, rüxsarı haman.
Sünbültək, qönçətək, lalətək məni,
Dağıdır, qan edir, yandırır hər an.

Saraldı Günəşin üzu bu səhər,
Məhtabım boyuyla sərvi xar edər.
Üzünün kitabı yazılan zaman,
Qələm yox, reyhanla yazılmış əsər.

Ey könül, yanmaqdan qorxmursan sən də?
Pərvanə xisləti varmıdır səndə?
Hansı daş sındırdı qol-qanadını?
Yuvana dönmürsən qəlbin əsəndə.

Dost yoxsa bir an da olmaram aram,
Ancaq didariylə alıram mən kam.
Ömür sona çatdı, yüksəldi ahım,
Ürəyim vermədi işə sərəncam.

Ey könül zülfünə sən düşmə dəxil,
Yüksəlmək bu yolda heç mümkün deyil
Bu yol qorxuludur, sürəti azalt,
Artırsan, fəlakət törəyəcək, bil!

Olsaydı əlimdə mənim ixtiyar,
Qəlbimi qoymazdım çəksin intizar,
Xəncəri çəkməkdə qətlimsə məqsəd,
Bir göz et canımı ovla, et şikar.

Yolları ey gizli, ahəstə gedən,
Həyatın məhv olar ayrılsan məndən.
Belə gedirsən ki, görməyim səni,
Sən çıxa bilməzsən əsla ürəkdən.

Nəsimin baxışı ruhpərvərdir,
Gül fəsli, gecəylə gün bərabərdir.
Şadlıqdan muştuluq gətirmiş bülbül
İlin də tarixi indi sağərdir.

Dünyada bir yerdə olur şadlıq, qəm,
Şadlıq kədər ilə bağlanmış möhkəm.
Şadlıq keçən kimi qəm edər zühur,
Şadlıq zühur edər, qəmlər keçən dəm.

Cünunluq etməyə maildir bəşər,
Birində az olur, birində bətər.
Hər kəs qafildir öz cünunluğundan,
Başqası edərsə tez tutar xəbər.

Dörd heydən bir yerdə olmasa asar,
O yerin əhlini bil əhli-məzar.
Həkimü həmamü həsarü hakim,
Qüdsi, gəl bununla sözünü qurtar!

Güldür bu? deyil, gül belə xəndan olmaz,
Gündürmü? deyil; gün gecə rəxşan olmaz.
Derdim mələkü mələk məhəbbət bilməz,
Kimdir bu ki, təşbihinə imkan olmaz?!

Bu şəhin zatini haq məzhəri-tofiq etdi,
Namini çünki Qədir isminə tətbiq etdi.
Aləmi-qüdsdə təqdiri-əzəldən olaraq,
Qədri gör kim, qədəri həm onu təsdiq etdi.