Məzmuna keç

Rübailər/Xaqani Şirvani/Xəlil Yusiflinin tərcüməsində

Vikimənbə saytından
Rübailər
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Xəlil Yusifli
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004.

206.
Baxsa üzünə ay necə etməz heyrət,
Aşiqləri etdin yuxuya sən həsrət.
Göylərdə günəş qısqanaraq söylər ki,
Yandın oda mən bəs su hanı, ey afət.
207.
Züniardı xətin, üzün Məsih bayramı,
Ənbər saçına qurban edər can hamı.
Könlüm mənim od, saçın çəlipa olsun,
Kuyində əgər olsa sədə axşamı.
 
208.
Nur saçdı üzün göydə günü sındırdı,
Tər basdı, xəcalət belini lap qırdı.
Sarsıldı, xəcil oldu, Qərbə üz tutdu,
Yas paltarı geydi, onu qəm yandırdı.
209.
Xaqani, sənə, düzdür, ağıl heyrandır,
Həmdərdin olar, eşqə qul olan, can yandır.
Eşqin odu var səndə cəhənnəm neylər?
Yanmışdır o od odunla, bu, candandır.
210.
Könlümdə bir od var onu tutmaz göylər,
Qəlbimdəki dərdi de necə dil söylər.
- Dünyada - soruşdun - nə qəmin, dərdin var?
- Bu dərdimi dünyaya desəm dərd eylər.
211.
Zər yox, elə gil qədəh gətir, ey könlüm,
Batdım qəmə, qurtar məni bir, ey könlüm.
Qəbrimdə tikanlar bitəcək bir gün, gəl,
Gülgün meyi gil qədəhdə ver, ey könlüm.
212.
Alçaqlara olmuş bu cahan bir meydan,
Hər yerdə yetirməz nəcib insan dövran.
Xaqani, bu dünyada sən insan gəzmə,
Yollarda oturma, hələ gəlməz karvan.
213.
Bir bax, necə bu rafizilər şeytandır,
Gör bir necə bidin, necə bimandır.
Əhdində vəfa, sözündə düzlük yoxdur,
Xaqanini xariçi bilir, nadandır.
 
214.
Dünyada bilirsən nə götürdüm? Heç nə.
Dövrandan ələ mən nə gətirdim? Heç nə.
Şadlıq şamıyam, heç nəyə döniom sönsəm,
Cəmşid camıyam, sınanda gördüm heç nə.
215.
Xaqani, əgər olsa nəsibin himmət,
Axtarma hər alçaq kimi sən var-dövlət.
Düz get yolunu, olma, ey aqil, fərzin,
Mümkünsə piyada ol, yolu sən düz get.
216.
Xaqani, tutub dünyanı bidad, yeri,
Tərk et bu kədərxanəni sən şad yeri.
Can verdi fələk sənə, səni qul etdi,
Qaytar sən onun borcunu azad yeri.
217.
Xaqani, cəfa görsən əgər hər kəsdən,
Pisliklə ona vermə cavab gəl qəsdən.
Burda elə iş tut ki, cahan əhliylə,
Qəm çəkmə özün görəndə hər nakəsdən.