Məzmuna keç

Rübailər (Ömər Xəyyam)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Rübailər
Müəllif: Ömər Xəyyam

Lalələr bitirən hər laləzarın,
Laləsi qanıdır bir şəhriyarın.
Torpaqdan göyərən incə bənövşə
Xalıdır bir gözəl dilbər nigarın.

Dünən meyxanada mən bir qocadan,
Soruşdum ki, gedib bu qədər insan.
Onlardan xəbər ver. Dedi: - Şərab iç!
Gedənlər qayıtmaz bir də heç zaman.

Əlimdə olsaydı, əgər iqtidar,
Bu köhnə fələyi kökündən yıxar,
Təzədən elə bir fələk qurardım
Ki, hər kəs yaşardı azad, bəxtiyar.

Başımda olsa da məstlik havası
Şərab ver, şərabdır ruhun qidası.
Dünya əfsanədir, ovcuma mey qoy!
Ömür bir küləkdir, yoxdur vəfası.

Bir əlimdə qədəh, birində Quran,
Gah haram insanam, gah halal insan.
Firuzə qübbənin ətəyində mən
Nə mütləq kafirəm, nə də müsəlman.

Gətir yaqut rəngli şərabi sadə,
Məhrəmdir azadlıq sevənə badə.
Şərab ver, bilirsən, tez əsib keçən
Küləyə bənzəyir ömür dünyadə.

Mey içsən ağıllı bir insanla iç,
Ya incə gülüşlü bir cananla iç
Çox içmə, gizlin iç, meyə alışma,
İçsən xumar gözlü bir ceyranla iç.