Məzmuna keç

Rəşid bəy və Səadət xanım

Vikimənbə saytından
Rəşid bəy və Səadət xanım
Müəllif: İsmayıl bəy Qutqaşınlı
Mənbə: Ismayıl bəy Qutqaşınlı. Rəşid bəy və Səadət xanım — azadliq.org saytı. Yayımlanıb: 20.03.2011.


May ayının gözəl bir günü idi. Bütün təbiətin canlandığı və bəzəndiyi bir zamanda Azərbaycan bəylərinin birinin Səadət adında yeganə bir qızı sübh vaxtı günəş şərq tərəfdən doğmağa başlarkən, kiçik, lakin gözəl bir evdən çıxıb xoş bir hava ilə oxşanmaq, çiçəklərin nəşə verən ətirlərini iyləmək və quşların nəvazişli nəğmələrini dinləmək üçün səfalı bir bağa girdi.

Qız bağa girər-girməz bütün təbiət sanki başqalaşdı. Göyün üzü daha da gözəlləşdi. Şad və fərəhli quşlar ağaclardan onun ayağına töküldülər, hava lətif ətirlərlə doldu.

Bütün təbiət sanki son dərəcə şən halda özünü ona bəyəndirmək istəyirdi. Belə bir gözəl vücuda özünü bəyəndirməyi kim istəməz!

Gözəl Səadət bir qədər bağda gəzdikdən sonra böyük şabalıd ağacının dibində, çəmənlikdə əyləşdi.

O, indi fikir dəryasına qərq olaraq, özü də səbəbini bilmədən tez-tez «ah» çəkirdi. Onun həyatında sanki heç bir çatışmayan cəhət yox idi.

Gözəl Səadət bir sevgili arzusunda idi. Sevgisiz həyat-bədbəxtlik və qəm-qüssədir.

Qızın pənah gətirdiyi bu romantik bucaq ona o qədər xoş gəlirdi ki, səhərlər həmin bağa gəlib ətirli qızılgüllərdən hörülmüş köşkün yanında, ortasındafəvvarə vuran bir hovuzun kənarında oturardı.

Bir gün dərin xəyallara dalan qızın qulağına həzin bir səs gəldi: «Ah! Mən sevgimi gizli saxlamaq üçün nələr etməzdim. Ocaq üstündə qaynayan bir qab su mənim könlüm qədər qaynar ola bilməz».

Bu sözləri eşitdikdə nazənin Səadət əyləşdiyi yerdən çəkilib getmək istədi. Lakin bu təsirli sözləri oxuyan şəxsi görmək üçün utana-utana ətrafa baxdı; heç bir kəsi görə bilmədikdə, bu səsin sehrkar bir səs olduğunu zənn etdi.

Lakin sevgi kəlməsi onun könlünü həyəcana gətirdi və bütün hissiyyatını alovlandırdı. Bu vaxt Səadətin mehriban dayəsi Şamah bağa girdi. Şamah Səadəti uzaqdan rəngi qaçmış və iztirab içində görüb cəld onun yanına gəldi və onu qucaqlayıb öpərək, həyəcanının səbəbini soruşdu.

Səadət əli ilə güllərin solmuş yarpaqlarına və ağacdan tökülüb yerdə çürümüş meyvələrə işarə edərək, dedi:

—Mənim də taleyim belədir!

Bu sözlər təcrübəli qadına gənc qızın həyəcanının səbəbini bildirdi. Vəfalı Şamah qızı gecikmədən evə aparmaq istədi, lakin bağın qapısına yaxınlaşdıqda yenə həmin səs eşidildi: «Sən mənim nəzərimdən uzaqlaşmaq istəyirsən, lakin mənim qəlbimdən uzaqlaşa bilməzsən!»

Hər ikisi heyran bir halda, yerlərində dayanıb ətrafa baxdılar, lakin kimsəni görmədilər. Bağdan çıxıb qapını bağladılar. Nəhayət, evə yetişdilər. Evdə Səadətin anası Tutuxanım onları gözləyirdi.

Səadətin və Şamahın sükutu və qəmginliyi qohumlarını təşvişə saldı. Gənc qızdan heç bir cavab almayaraq, Şamaha müraciət etdilər.

Şamah eşitdiklərini onlara müfəssəl danışdıqdan sonra, onu qız ilə yalqız buraxmaları üçün işarə etdi. Lakin Şamah bir az əvvəl qızda olan şadlığı təkrar oyandırmaq istədisə də, müvəffəq olmadı.

Bağda eşidilən sehrkar səsin sahibini aydınlaşdırmaq üçün bütün ailə toplanmışdı. Xeyli fikirdən sonra belə qərara gəldilər ki, bağ sehrlənmişdir və o gündən sonra qıza bağa girmək qadağan edildi.

Zavallı Səadətin xəyalları, qəmləri və pərişanlığı günbəgün, saatbasaat artırdı.

Nə dayəsinin qayğısı, nə anasının mehribanlığı, nə oyun, nə musiqi onu sakit edə bilmirdi. O, cazibəli sözləri bir də eşitmək üçün əbəs yerə bağa getmək fikrinə düşdü, əbəs yerə üzüyünü bağda itirdiyini anasına söylədi. Anası onun bütün yalvarışlarını rədd edərək, cavab verdi:

—Əziz qızım, bağın qapısı bağlıdır, tam bir möhtərəm və müqəddəs dərviş gəlib o bağı paka çıxarmayınca, kimsəyə ora daxil olmağa icazə yoxdur.

Bəyin ailəsini dərvişin yolunu gözləməkdə qoyaq. Qafqaz ölkələrində hər evin yanında qadınların yeganə seyrəngahı olan bir parça olar. belə bir seyrəngahdan məhrum olan Səadəti də öz otağında qüssə çəkməkdə qoyaq.

Bir az da öz səsilə Səadətin qəlbini alovlandıran Rəşid bəydən danışaq. O zaman iyirmi iki yaşına girmiş Rəşid bəy İsmayıl adlı bir bəyin oğlu idi. Bu bəyin alicənablığı və nəzakəti sərvətindən çox idi.

Bəy, oğluna da öz səliqəsilə tərbiyə vermişdi, lakin gəncin nəcibliyi, qəlbinin həssaslığı ilə cəsarət və mərdliyi ilə atasını da keçmişdi. O, «Şahnamə»ni və başqa qəhrəmanlıq dastanlarını, xüsusilə fars qəzəllərini oxumağı çox sevirdi.

Bundan başqa onun at sürməkdə, tüfəng, tapança atmaqda, silah oynatmaqda böyük məharəti var idi. Onun ikicə arzusu vardı: bütün məşhur igidlərə qalib gəlmək və bütün zəiflərə, yoxsullara kömək etmək.

On səkkiz yaşından başlayaraq, Rəşid bəy vaxtını gah at oynatmaqda, gah par-par parıldayan silahlara sarılaraq, vətənini çapıb-talayan və əkinçiləri incidən quldurlar ilə çarpışmaqda keçirirdi.

Bəzən məhsuldar, dağ ətəklərində ov edərək, atını sürüb daima qar və buludlarla örtülmüş dağlann başına, qalın meşələrə və çıxılmaz qayalara dırmaşırdı; oralarda quldurların ən gizli yuvalarını axtarıb tapır və onların əziyyətindən əkinçiləri xilas etmək üçün vuruşub yuvalarını tarmar edərdi.

Bir səhər Rəşid bəy yüksək bir dağın başında oturub, onun atını yedəyində saxlayan və ondan heç bir zaman ayrılmayan Əziz adlı nökərilə söhbət edirdi.

Ovdan danışaraq hər ikisi təbiətin gözəllik və əzəmətini seyr edirdilər. Sübhün dumanı düzənlərdən qalxaraq göylərə yüksəlir, coşqun çaylar, dərə və düzləri suvarmağa tələsərək güllərin, yasəmənlərin və başqa çiçəklərin arasilə axırdı.

Ağaclar yaşıl yarpaqlarla bəzənməyə başlamışdı. Bu vaxt onların qulağına zəif bir qışqırıq, həzin bir nalə səsi gəldi.

Hər ikisi quş kimi uçaraq bu səs gələn tərəfə yüyürdü. Bir cavan oğlanı bir neçə quldurun əlində əsir gördülər. Quldurlar o cavanı başqa quldurlara satmaq niyyətilə aparırdılar. Qoçaq Rəşid bəy atını Əzizə tapşıraraq, xəncərini sıyırıb quldurların üzərinə atıldı.

Onlardan ikisini xəncərlə vurub öldürdü, başqalan isə əsir oğlanı buraxıb meşəyə qaçdılar.

Qaçan quldurların da bir neçəsi Rəşid bəyin zərbəsindən xilas olmadı. Vuruşma qurtardıqdan sonra rəhmdil Rəşid bəy tələsik cavan oğlanın köməyinə yüyürdü; cavan yaralanmışdı. Yarasını qurşağı ilə sarıyıb, yaxın bir evə gətirmək üçün onu Əzizin atına mindirdi.

Bir kəndə yetişər-yetişməz, onları bir dəstə qadın ağlaşma ilə qarşıladı. Əziz bunun səbəbini dərhal anlayıb ağasının göstərdiyi igidliyi onlara söylədi. Rəşid bəy də öz yükü ilə yetişdi. Aman, nə böyük səadət! Bir neçə saat əvvəl quldurlar əlində əsir olmuş əziz Mərdanı yenidən görmək bu biçarə qadınlar üçün nə böyük xoşbəxtlik idi.

Gənc Mərdanın anası, arvadı və bacıları qollarını açıb Rəşid bəyin ayağına yıxıldılar və onun dizlərini öpməyə başladılar. Sonra Rəşid bəyi evə apardılar. Mərdanın gənc arvadı Rəşid bəyin paltarının qanını yudu, plov üçün düyü hazırladı və Rəşid bəyə bir tafta qurşaq bağışlayıb ona «qardaş» dedi.

Yalnız ərinin üzünə gülüb mehribançılıq etmək üçün o, bəzən Rəşid bəyi tərk edirdi.

Bu mənzərə, evin daxili həyatı, bu gənc ər-arvad arasında olan nəzakət və zərif mehribançılıq, bunların hamısı Rəşid bəy üçün yeni bir aləm idi. Bu cazibəli mənzərə onu heyran edirdi. Qafqazın bir çox yerlərində bacı və

qardaşı olmayan cavanlar ailə səadətindən bixəbər olurlar. Bizim qəhrəman da belə idi.

Son dərəcə qonaqcıllıq göstərdikləri üçün Rəşid bəy ev sahiblərinə təşəkkür etdikdən sonra atına minib Əziz ilə bərabər evlərinə tərəf yola düşdü. Onlar dərin bir sükut içində yol gedirdilər. Nəhayət Rəşid bəy üzünü Əzizə tutub dedi:

—Mənim vəfalı yoldaşım Əziz, Mərdanın arvadındakı nəzakəti və ərinə olan mehribanlığı gördükdə, özümün yalqız olmağımı hiss edirəm və bu qərara gəlirəm ki, mənə məni ürəkdən sevən bir həyat yoldaşı lazımdır. elə yoldaş ki, Mərdanın arvadı kimi, yorğun və təhlükəli zamanlarda mənə təsəlli versin.

- Bəli, bu fikir çoxdan mənim başımda dolaşır, - deyə Əziz cavab verdi.— Sizin gözəl bir əmi qızınız var ki, uşaqlıqdan ata-anası tərəfindən sizin deyikliniz olduğunu söyləyirlər və deyirlər ki, ata-anasının arzusunu yerinə yetirmək üçün o qız bir neçə nucəbaların elçilərini geri qaytarmışdır. Bundan başqa, sizin qonşu bəylərindən birinin böyük sərvəti və yeganə bir qızı var. Deyirlər ki, həmin qız sizə ərə getməyi arzu edirmiş, lakin bu şərt ilə ki, siz ata-ananızı və rəiyyətinizi atıb onların evində yaşamağı qəbul edəsiniz. Bir də mən, Səadət xanım adlı qəşəng və gözəl bir qız sorağı eşitmişəm. O xanım bir o qədər sərvətilə deyil, ancaq gözəlliyi və rəhmdilliyilə şöhrət tapmışdır. Bu xanım Qəbələ xanlarının nəslindəndir, öz anasilə bərabər sizdən səkkiz ağac məsafədə yaşayır.

Rəşid bəy Əzizə çox diqqətlə qulaq asdıqdan sonra ona cavab verdi: --Ah! Əziz, mən o gözəl əmiqızımı təxtisəltənətdən məhrum etmək istəmirəm, bir də kim bilir, bəlkə gələcəkdə o, heç məni sevməyəcək, həm də tanımadığım, bilmədiyim bir qızdan ötrü mən candan əziz tutduğum və pərəstiş etdiyim mehriban atamı, gözəl vətənimi və vəfalı rəiyyətlərimi atıb, qonşu bəyə xidmət etməliyəmmi? Yox, əzizim, bu iki qızdan mən vaz keçirəm. Gedək Səadəti istəyək.

Bu sözləri deyib Rəşid bəy üzünü Qəbələ tərəfə çevirib atın başını boşladı. Bir az keçmədən Əziz ilə bərabər Səadətin ata-anasının mülkünə yetişdi. Bu mülk yaşıl meşələr, meyvəli bağlar və abad kəndlər ilə örtülmüşdü.

Bir tərəfdə yüksək dağlar və onların üzərində uçan qartallar görünürdü. O, biri tərəfdə köçəri xalqın ilxıları və sürüləri otlayırdı. Bağbanlar meyvə ağacları və ya ətirli güllər əkməkdə, əkinçilər buğda, düyü, arpa, pambıq, tənbəki və sair məhsullar becərməkdə idilər.

Bu mənzərə bizim qəhrəmana çox xoş gəlsə də, bir dəqiqə belə dayanmadan atını sürətlə çaparaq, nəhayət, şəhərə girdi. Rəşid bəyin birinci fikri Tutu xanımın evinə gəlib-gedən qarıları və qoca kişiləri axtarıb tapmaq idi. Rəşid bəy belə qocalardan bir neçəsini tapıb, onları bir-bir Səadətin evinə göndərdi.

Onlar qızın gözəlliyindən, həya və ismətindən, xasiyyətindən müfəssəl məlumat toplayıb Rəşid bəyin yanına qayıtdılar. Onların gətirdikləri məlumat Rəşid bəyin sevgisini daha da alovlandırdı. Xüsusən, Səadətin evində Rəşid bəyin haqqında olan rəy onun öz məqsədinə çatmasına böyük ümidlər verdi.

Verilən məlumatı yoxlamaq üçün Rəşid bəy Səadəti öz gözü ilə görmək niyyətinə düşdü. Bütün müsəlmanlar evlənənə qədər, gələcəkdə onların həyat yoldaşları və rəfiqələri olacaq qadınları görmək səadətindən məhrumdurlar.

Buna görə də Rəşid bəy onun könül evini bərbad edən sevgini hələlik gizli saxlamaq istədi. O, bir bağban paltarı geyib Səadətin hər gün gəlib gəzdiyi qonşu bağa bağban oldu.

Yüksək bir hasar o iki bağı bir-birindən ayırırdısa da, Rəşid bəyə Səadətin nəğmələrini dinləməyə mane olmurdu.

Bir dəfə, gecənin qara pərdəsi bağın üzərinə çəkiləndə Rəşid bəy hasarın üstündən keçib Səadətin bağına atıldı və səhərə qədər böyük bir kolun arasında gizləndi. Səhər açılacaq, Rəşid bəyin gözləri qarşısında bir tərəfdən günəş, o biri tərəfdən Səadət göründü. Rəşid bəy Səadətə baxdı, güc ilə nəfəs alaraq bihuş bir halda ağacın dibinə yıxıldı.

Səadət bir neçə dəfə bağı dolandıqdan sonra evə qayıtdı. Bizim zavallı aşiq də huşa gəlib öz bağına qayıdanda orada bağ sahibini gördü. Rəşid bəy bağda işləmək istədisə də, qıçları titrədi, əlləri hərəkətdən düşdü və gözləri Səadətin xəyalından başqa bir şey görmədi. Günəşin üfüqdə gizlənməsini səbirsizliklə gözlədi.

Ulduzlar göy üzündə görünər-görünməz, öz yarını görmək və onun Şamah ilə Sədinin və başqa şairlərin qəzəllərindən danışmasını dinləmək üçün Rəşid bəy təkrar eşq yolunu tutdu.

Hər gün Səadətin gözəlliyi, nəzakəti, fərasəti və xoşdilliyi Rəşid bəyin nəzərində artırdı.

Bir gün Rəşid bəy özünü ona təqdim etmək, onun qarşısında diz çöküb adını söyləmək, ona gəlməyini rica etmək niyyətinə düşdü. Lakin, təklifinin rədd edilməsindən, həm də Səadətin anasında və qohumlarında şübhə oyandırmaqdan qorxaraq, yalnız bir neçə qəzəl oxumaqla kifayətləndi.

Səadətə o qədər dərin təsir bağışlayan və nəhayət, bağın qapılarını bağlatdıran qəzəllər bu qəzəllər idi.

Rəşid bəy hər gün bağa gəlir, ancaq bir daha Səadəti görə bilmir, darıxır, canı sıxılır, qəm dəryasına qərq olur, gözləri yaş ilə dolurdu. O, bağda sərgərdan dolanır, sevgilisinin ən çox xoşladığı çiçəkləri bəsləyirdi. Birdən qapının yanına düşmüş bir qızıl üzük onun gözünə sataşdı, üzüyü götürüb baxdı və Səadətin adını onun üstündə oxudu. Üzüyü dönə-dönə öpdü və bağrına basıb bağdan çıxdı.

Rəşid bəy Səadətin bağa gəlməməsinin səbəbini öyrənmək üçün bağban paltarını çıxarıb şəhərə getdi. Orada əhvalatı öyrəndikdən sonra nökəri Əzizlə, ata minib öz yurduna qayıtdı.

Rəşid bəy dərin iztirab içərisində susurdu. Onun uzun qara kirpikləri o dərəcədə gözünü qapamışdı ki, yolu güclə görürdü. Əllərində cilovu tutmağa taqət qalmamışdı. At da sahibinin qəmginliyini hiss edirmiş kimi, onu atasının evinə tez yetirməyə tələsirdi.

Nəhayət, Rəşid bəy evlərinə yetişdi. Atası onu bağrına basıb öpdü və qəmginliyinin səbəbini soruşdu. O zaman vəfalı Əziz ta evdən çıxandan bu günə qədər oğlunun başına gələn əhvalatı bəyə danışdı. Əziz Rəşid bəyin məhəbbət dərdinə düçar olmasını və Səadət xanımı almaq istədiyini ona xəbər verdi.

Mehriban ata onlara təsəlli verib, tez Qəbələ şəhərinə elçilər göndərdi. Elçilər rədd cavab xəbəri gətirdilər. Səadətin anası öz qızını o yerin varlı bir xanına vermək niyyətində imiş.

Bu xəbərin Rəşid bəydə və onun atasında doğurduğu kədəri təsvir etmək mümkün deyildir. Tutu xanımın sərvəti və rütbəni Rəşid bəyin alicənablığına tərcih etməsini Rəşid bəyin atası özü üçün böyük bir təhqir saydı və oğluna bir daha o qızın adını çəkməsini qəti qadağan etdi. Lakin Rəşiddə eşqin hücumuna müqavimət göstərmək imkanı qalmadığından gizlincə Qəbələyə qayıtdı.

Səadət xanım yoxsul və dilənçilərin pənahı idi. O, yoxsullara çoxlu ehsan verərdi. Səadət xanımın yanına dilənçilərdən başqa kimsənin yolu yox idi. Ona görə Rəşid bəy Səadət xanımın yanına bir yol tapıb eşqini ona bildirmək üçün dilənçi paltarı geyinməyi qət etdi.

Vəfalı Əziz də paltarını dəyişib dilənçi paltarı geydi. Hər ikisi ağ, uzun saqqal qoyub Səadətin evinə gəldilər. Sədəqə almaq üçün onları Səadətin yanına gətirdilər.

Rəşid evə daxil olub sevgilisini görcək, bütün vücudu titrədi və ondan sədəqə diləmək əvəzinə camaatın içində onunla sevgisindən danışmaq istədi, lakin bir söz belə söyləməyə qüdrəti olmadı; əl-ayağı qurudu, dizləri titrədi, bihuş bir halda Səadətin qabağında yerə yıxıldı.

Səadətin qışqırığına Şamah və başqa qadınlar gəldi. Əziz, yoldaşının xəstə və zəif olmasını bəhanə edib tez onu yerdən qaldırdı və otaqdan çıxartdı. Bir neçə gün sonra şəhərdə bir bayram büsatı quruldu. Bu bayramda cavanlar tüfəng, tapança, ox atmaq və qılınc oynatmaq məharətlərini göstərməli idilər.

Məşq üçün hazırlanmış meydan, bayram paltarı geyinib gözəl atlar minmiş cavanlar ilə dolmuşdu. Meydanın bir tərəfində qoca kişilər, o biri tərəfində isə, üzləri ağ rübəndli qadınlar oturmuşdular. Səadət də onların içərisində idi. Bu zaman Rəşid bəy də bir atın belində meydana daxil oldu.

Onun qızıl yəhər və üzəngisinin, əlvan paltarının parıltısı günəşin işığına üstün gəlirdi.

Rəşid bəyi camaat böyük bir ehtiramla salamlayır və belə oyunlarda məharətli olduğu üçün oyunu başlamağı ondan rica edirdilər. Rəşid bəy bir neçə igidlik göstərdikdən sonra keçib qadınlar tərəfdə atını saxladı. Onun igidliyinin və gözəlliyinin tərifini eşitmiş Səadət bu dəfə onun boyunu və gözəlliyini seyr etməyə imkan tapdı.

Bu görüşdən Səadət öz qəlbində gələcəyini həll edəcək bir sevgi doğduğunu duydu. Gün batdıqdan sonra camaat dağılıb getdi. Səadət də evə qayıdandan sonra ürəyi Rəşid bəyin fikri və xəyalilə çırpınmağa başladı.

Gecə yatağa girdikdə, Səadət tez-tez dərin «ah» çəkib Şamah ilə Rəşid bəydən danışırdı. Şəfəqin parlaq ziyası qarşısında gecənin pərdəsi məhv olmaqda idi. Günəşdən bütün təbiətə həyat yayılırdı. Günəşin şüaları Səadətin otağına düşür, divarlara parlaq işıq saçırdı. Pəncərədəki ətirli çiçəklər gənc qıza tərəf əyilmişdi, güllər sanki yaz yarpaqlarib onun lətif əllərini öpmək və şəbnəmlərilə onun üzünü sərinlətmək istəyirdi. Lakin pəncərənin qabağında oturub dərin sükuta dalmış Səadət yalnız Rəşid bəyin xəyalilə yaşayırdı.

Şamah Səadətin kədərinin səbəbini bilsə də, yenə ondan: «Nə üçün bu qədər məhzun və qəmginsən?»—deyə soruşdu. Səadət iztirab içində ona cavab verdi:—-Ah, əzizim Şamah! Bütün dünya Rəşid bəyin tərifini söyləyir, mən o gözəllikdə və qoçaqlıqda bir qardaşım, ya bir sevgilim olmasını nə qədər arzu edərdim.

Mən onu da düşünürəm ki, bu yaxın zamanda mən öz nəcabəti və sərvətilə məğrur olan Əsgərağanın arvadı olmalıyam. Mən onun xasiyyətinə bələd deyiləm, bəlkə o heç məni sevmir. Ah! Elə bir uşağa ərə getməkdənsə, mən daim anamın və sənin yanında yaşamağı nə qədər xoş bir səadət hesab edərdim!

Elə bir adam məndən nə məhəbbət, nə də həssas bir könül uma bilməz. Gənc xanın ata-anası öz oğullarını evləndirmək istəyirlər, lakin fikir eləmirlər ki, bu işdə iki şəxsin bədbəxtliyinə səbəb olurlar: biri öz oğullan, o biri də gələcək gəlinləri. Bəli, əzizim, qəmlərimin və iztirablarımın əsl səbəbi budur.

Bu sözlər Səadətin ağzından çıxar-çıxmaz bir dəstə dilənçi əllərini açaraq yalvara-yalvara qapıdan daxil oldu. Mərhəmətli Səadət onların halına yanır, əhvallarını soruşur və mərhəmətli bir tövr ilə təsəlli verirdi. Dilənçilər Səadət xanıma təşəkkür edə-edə evi tərk etdikdə, Rəşid bəy dilənçi əbasına bürünmüş bir halda özünü camaatın içinə qatıb yarı ilə bir neçə söz danışmağa səy etdisə də, ürəyinin şiddətlə döyünməsi ona mane oldu.

O, Səadətin üzünə baxmaq istəyirdi, lakin Səadətin gözlərində parlayan nur onun qüvvətini əlindən alırdı. Rəşid bəy danışmaq istəyirdi, lakin ağzı yarıya qədər açılırdı və dili kəkələyərək anlaşılmaz sözlər söyləyirdi.


Nəhayət, gənc qız yalançı dilənçiyə müraciət etdi, lakin ona yanaşırkən qızda anlaşılmaz bir həyəcan oyandı. Qız dilənçiyə müraciətlə:

—Möhtərəm qoca, məndən nə xahiş edirsiniz?! - dedi.

Rəşid cavabında:

- Ey zavallıların ümidi, pənahı, mənim bir dərdim var ki, heç bir dil onu izhar etməyə qadir deyil.

- Sizin dərdinizin davası mənim qüdrətim xaricində olmazsa, mən onu sizdən əsirgəmərəm,—deyə Səadət cavab verdi və yenə də sözünə davam etdi. - Əgər sizin cəsur bir dilavərə ehtiyacınız varsa, o zaman bütün zavallılar yavəri Rəşid bəyə müraciət etmənizi sizə tövsiyə edirəm, onun ləyaqət və cəsarətinə heç bir şey çatmaz, mən onu dünən özüm gördüm...

Sözünün bu yerində Səadətin səsi qırıldı, o, Rəşid bəyin mədhinə davam edə bilmədi. Bu sözlərdən sonra Rəşid bəy Səadətin ona qarşı bəslədiyi məhəbbəti duymazdımı? Onun alovlar saçan gözlərində zərif, lütfkar və atəşli bir hissin macərasını oxumazdımı? Artıq o, dilənçi əbası altında qoca saqqalı ilə üzünü gizlədə bilərdimi?

Yox, bu olan şey deyil! O, özünün qondarma paltarını və saqqalını bir tərəfə ataraq, qızın ayaqlarına döşənib sevgilisinə müraciətlə:

—Sizin bəhs etdiyiniz xoşbəxt Rəşid mənəm. Sizi görmək və dinləmək məqsədilə paltarımı dəyişib bağınızın qonşuluğunda aylarla bağbanlıq edən mənəm. «Ah» və naləni bir cadugər təranəsi sayaraq sizi o səfalı bağçanızın seyrlərindən və özümü sizi görmək səadətindən məhrum edən də mənəm. Nəhayət, sizi candan artıq sevən və sizə pərəstiş edən mənəm. Mənim xoşbəxtliyim və taleyim sizin əlinizdədir. Mən yalnız sizin bağda itirdiyiniz üzüyə sahib olduğum üçün yaşayıram. Ah, Səadət! Mənim eşqimi rədd etməyin, mənə nifrət etməyin, məndən etinanızı əsirgəməyin, məni sevin! Bu üzüyü də məndən ayırmayın. Siz onu mənim əlimdən alsanız, o zaman mənim əllərim rəqibim Əsgərağanın qanına boyanacaqdır. O halda Kazımxan, oğlunun intiqamını almaq üçün bütün qoşununu atamın kiçik məmləkətinə yeridəcək. Atam isə, mənim sizə bəslədiyim eşqin yolunda öz mülkünü, məni və bütün yavərlərini itirəcəkdir. İndi, Səadət, mənə bir cavab verin, taleyimin müqəddəratını həll edin.

Səadətin həyəcanı bir dərəcəyə yetişdi ki, yalnız: - Rəşid bəy, mən səni çoxdan sevirəm, ~deyə onun qucağına atıldı.

Bu qədər kifayət idi.

Rəşid ona yalvarmağa başladı, bir uzaq və sakit məmləkətə çəkilib, ata- anadan icazəsiz evlənməyi ona təklif etdi. Səadət elə bil bir günlük ay kimi cavan idi. Çovğuna düşmüş gül yarpağı kimi əsirdi. Nəhayət, titrək səslə

Rəşidə:

—Mən səni sevirəm, səninlə hər yerə getməyə hazıram, üzüyüm də qalsın səndə, lakin namusumu ləkələndirməmək üçün allaha and verirəm, tez buradan çıx get, şəhərdə qal və məndən xəbər gözlə.

Rəşid nişanlısının əlini öz sinəsi üzərində ovuşduraraq onun gözəl saçlarından bir həlqə kəsib barmağına sarıdı və Şamahın bələdçiliyilə otaqdan çıxdı.

Şamah geri döndükdə Səadətə dedi:

—İndi siz ata-ananızın razılığı olmadan, onların xeyir-duasını gözləmədən— naməlum bir şəxsə könül verdiniz. İndi söyləyin görüm, ananızın söz verdiyi o oğlana biz nə kimi üzr gətirəcəyik? Səadət cavabında:

—Əzizim Şamah, mənim bu qədər şiddətlə çırpınan könlümü sən də bir tərəfdən həyəcana gətirmə! Mən Rəşidi ayaqlarıma döşənmiş gördükdə, ondan məhəbbətimi əsirgəyə bilərdimmi? Onun həssaslığı, gözəlliyi və cəsarətinin şöhrəti aləmə o qədər yayılmışdır ki, onu iki dəfə görməklə könlümdə ona bəslədiyim məhəbbəti gizlədə bilmədim. Mehriban Şamahım! Mənə yazığın gəlsin. Mən onu sevdiyimi söylədiyim üçün məni dərdə salma, əksinə, mənim atəşli eşqimə nisbətən ona kafi dərəcədə məhəbbət izhar etmədiyim üçün məni günahkar tut. Ah! Mənim həqiqi hissiyyatımı ona izhar edəcək bir qüdrətə malik sözlər varmı?! Onun xurma ağacına bənzəyən zərif boyu, tağ şəklində olan qara qaşlan yalnız mənim deyil, bütün qadınların könlünü ələ ala bilər. Onun parlaq gözləri hər baxdığı şeyi əritməyə və məlahətli səsi bütün hissiyyatı heyran etməyə qadirdir. Ah, mən onun vücudunda gördüyüm bütün məlahət və lətafətləri nə üçün onun qarşısında bir-bir söyləmədim. Mən İran şairinin bu kəlamının həqiqi mənasını indi anlayıram: «Bülbül güldən uzaq olduqda, onun eşqilə bütün təbiətə zövq verir, lakin gülün yanına gəldikdə lal olur». İki sevgili də bir- birini gördükdə həmin hala düşür.

Səadəti öz sirdaşilə Tutu xanıma sirlərini söyləmək və Kazımxan oğlunun diləyini rədd etmək üçün bir bəhanə axtarmaqda qoyaq, keçək Tutu xanımın otağına.

Tutu xanım sübh namazını qıldıqdan sonra, evdə lazımi əmrləri verib, adəti üzrə, qurandan bir surə oxumaqla məşğul idi. Bu halda hərəmxanaya girməyə icazəsi olan hərəm nökəri qapıdan daxil oldu.

Bu məmləkətin bütün əyanı hərəmxanaya ən vəfalı, ən ağzı möhkəm və xüsusən sinni keçmiş nökərlərdən qulluqçu seçərdilər. Nökər içəriyə girdikdə əllərini döşünə qoyub dərin bir təzim və ehtiramla xanıma baş endirərək dedi:

- Xanım, sizə bu gün bir müjdə gətirməyə cəsarət etdim. Çoxdan bəri gözlədiyimiz, gözəl xanımımızın nişanlısının göndərdiyi elçi bu saat şəhərimizdədir. Gələn elçi Əsgərağanın əmisidir. Onun qiymətli paltarlar geyinmiş iki yüz atlısı var. Qız üçün çox böyük cehiz və qıza yengə olmaq üçün özü ilə bərabər bir neçə xanım da gətirmişdir. Bu xoş xəbərlə sizi təbrik edərək, bacınızı çağırmaq üçün əmrinizi gözləyirəm. O da buradan gəlinə qoşulub ta oğlan evinə qədər bərabər getsin. Hərəmxana nökəri bu sözləri deyib çıxdı. Bir neçə dəqiqədən sonra Tutu xanımın bacısı şad bir halda qapıdan girdi və bacısını öpmək üçün qollarını açdı. Hər ikisi Səadətə veriləcək cehizdən danışmağa başladılar. Cehiz isə, bir yataq otağının avadanlığından, qızıl və gümüş ilə tikilmiş bir neçə şeydən və toya gələnlərə hədiyyə etmək üçün bir neçə silah zinətlərindən ibarət idi. Lakin bu qədər təlaş artıq idi. Səadətin cehizə ehtiyacı yox idi, çünki o, ərinə yeni bir həyat, tükənməz bir səadət, tərifəgəlməz bir zövq aparacaqdı. O gözəlliyə malik olmayan qızlar da bundan artıq cehiz aparmırdılar. Qafqazın cənub tərəflərində kişilər cehiz gətirməyə, qadın isə itaət etməyə borcludur. Tutu xanım bacısı ilə gələcək toydan bəhs edərək ətirli çay və şirin qoğal hazırlayıb Səadəti gözləyirdilər. Birdən Şamah özünü itirmiş halda qapını açıb Tutu xanıma Səadətdən bir məktub uzatdı. Tutu xanım məktubu açıb bu sözləri oxudu: «Mehriban anacan! Əgər mən sizin yanınızda günahkar olmasaydım, özümü ən xoşbəxt adam sayardım. Lakin, əfsus, mən özümü ən bədbəxt bir qız hesab etməyə məcburam. Dizlərinizi qucaqlayaraq, məni bağışlamanızı xahiş edirəm. Mənim başıma gələn qəzanı sizə hekayə etməyə Şamaha icazə vermənizi rica edirəm».

Vəfalı sirdaş Şamah iki gəncin bir-birinə olan məhəbbətini, onların görüşməsini və daim bərabər yaşayacaqlarına and içdiklərini müfəssəl hekayə etdikdən sonra Tutu xanım son dərəcə məyus oldu. Bacısı isə öz bacısı qızının məşhur xana ərə getməsini istədiyindən, Tutu xanımı danlayıb daha da acıqlandırdı.

Hər ikisi Səadətin otağına getdilər. Səadət anasını görcək özünü onun ayaqlarına döşədi. Gənc qızın iztirabı, rənginin solğunluğu və qorxuya düşməsi Tutu xanımı yola gətirməyə səbəb oldu. Məhəbbət, Tutu xanımın bu tək qızına olan hiddətinə qələbə çaldı.

Qızını bağrına basıb var qüvvəsilə toyun pozulmasına çalışacağına söz verdi. Bu qısa sözlər Səadətə kifayət idi, çünki anası ona bu sözü verdikdən sonra, ona heç bir şey çətin və qeyri-mümkün görünmürdü. Anasının əllərini öpməyə başladı. Onlar yenicə sakit olub çətin məsələnin həlli üçün münasib bir yol axtarırdılar ki, birdən hərəmxana nökəri daxil olub Əsgərağanın əmisinin xanıma özünü təqdim etmək arzusunda olduğunu xəbər verdi. Bu adı eşidən Səadət onun nə məqsədlə gəldiyini bilərək, yenidən iztiraba düşdü.

Anası da iztirab içində nəcabətli qonaqdan bu günlük üzr istənilməsini və ertəsi gün təşrif gətirmələrinin rica edilməsini hərəmxana nökərinə əmr etdi. Tutu xanım və bacısı bir neçə saat Səadətin yanında qalıb ona təsəlli verməyə və Kazımxanın oğlu üçün onun rəyini ələ gətirməyə çalışdılarsa da, bir şey çıxmadı. Nəhayət, axşam onlar oradan çıxıb Əsgər ağanın elçisinə nə cavab verəcəklərini düşünməyə başladılar.

Ey mənim əziz və mehriban dostum, siz ki mənim başıma bu balaca Asiya hekayəsini yazmaq fikrini saldınız, siz ki bu qədər lütf ilə mənim sərf-nəhv xətalarımı düzəldirsiniz, siz şübhəsiz məndən soruşursunuz, nə üçün bu qədər müddətdə mən heç Rəşid bəydən bir xəbər verməyib yalnız Səadətdən danışıram.

Ah! Əziz dostum, bilsəniz bu ad nə qədər gözəl xatirələr oyadır! Bilsəniz bu adı gündə min dəfə təkrar etməkdən mən nə dərəcədə həzz alıram!

Hətta «S» hərfini ən adi kəlmələrin başında yazarkən, ya dildə söylərkən, bilsəniz bu hərf nə qədər mənim gözümdə və qulağımda lətafət və məlahətə malik olur!

Bu sirləri bilsəniz, mən əminəm ki, bu adı daha artıq təkrar etməyə siz özünüz məni vadar edərsiniz və xəyalət səma sında qanad açdığım Səadətin evindən eşiyə çıxmağı mənə qadağan edərsiniz.

Biz yuxarıda dedik ki, Rəşid bəy öz sevgilisinin yanından, od düşmüş bir evin buxarısından alov çıxan kimi çıxdı və alov kimi havada qeylə oldu.

Nəhayət, şəhərin kənarında bir komaya yetişdi. Orada vəfalı Əziz, atlar ilə bərabər onu gözləyirdi. Nökəri ağasının gəlməyindən xeyli xoşhal olub, bir bəhanə ilə ev sahiblərini evdən çıxartdı ki, ta Rəşid bəy ilə asudə dərdləşsin.

Rəşid bəy üzündə sevinc olsa da, eyni zamanda fikri dağınıq görünürdü. Elə ki, hər ikisi yalqız qaldılar. Əziz sükutu pozub soruşdu:

—Sizin harada olduğunuzu və başınıza necə macəralar gəldiyini soruşmağa mənə icazə varmı?

Rəşid cavabında:

--Ah, mənim sevimli Əzizim! Bu səhər mən bir bədbəxt aşiq idim, bir az sonra dilənçi oldum, nəhayət, misilsiz mələyimin vəslinə nail olmaqla xoşbəxt oldum. Görünür, bu Azərbaycan qəzəli mənim mələyim üçün imiş.

Güldür bu? Deyil, gül belə xəndan olmaz. Gündürmü? Deyil, gün keçə rəxşan olmaz. Derdim ki, mələk, mələk məhəbbət bilməz. Kimdir bu ki, təşbihinə imkan olmaz?

Əziz dedi:

—Ağa, mən sizin ən sadiq nökərinizəm, ona görə cəsarət edib sizə deyirəm ki, sizin söyləməyinizə görə, Səadət xanıma aşiq olmamaq mümkün deyilsə də, sizin ondan uzaqlaşmağınız məsləhətdir, yoxsa özünüzə və məşuqənizə tükənməz əzablar, kiçicik məmləkətinizə böyük bir bəla və atanıza dərin bir qəmginlik rəva görmüş olarsınız. Atanız bu əmrə razılıq və xeyir-dua verməmişdir.

—-Yox, sevimli Əziz!—deyə Rəşid cavab verdi.—Mən onu elə bir ehtirasla sevirəm ki, ondan uzaqlaşmağı fikrimə belə gətirə bilmirəm. Onun xəyalı daim mənim gözümün önündədir, o dərəcəyə çatıb ki, ondan başqa heç bir şey görmürəm. Bizim evlənməyimizə heç bir maneə yoxdur, çünki hər bir çətinlik bizim eşqimizi artıracaq, cəsarətimizi iki qat çoxaldacaq və susuzluqdan yanan çiçəklər sulandıqda canlandığı kimi o da canlanacaq. Çiçəkləri suvararkən qabaqca onlarda düşkünlük olsa da, bir az sonra yeni bir qüvvə, yeni bir həyat qazanmış olurlar. Mənim atam və məmləkətim üçün heç bir təhlükə yoxdur. B xüsusda təşvişə düşmək mənasızdır. Əgər Kazımxan qarşımıza bir düşmən kimi çıxsa, o zaman mən öz atlılarımdan başqa məni candan sevən qonşularımızdan da böyük bir qüvvə toplaram. Bütün Dağıstan ellərini dolaşıb hökmran xanlardan kömək istərəm. Ondan sonra əldə qılınc, ürəkdə eşq alovu və intiqam atəşi, mən öz qoşunum ilə rəqibimin atasının öz sərhədində onun qarşısına çıxaram. Bir neçə çarpışmadan sonra sən məni igid atlılarımla bərabər onun Ərəş sarayında görərsən. Bir də deyirsən ki, mən atamdan xeyir-dua almamışam. Atam bir neçə ay bundan əvvəl Səadətə mənim üçün elçilər göndərib ondan rədd cavabı aldığını sən nə tez unutdun! Bu onun razılığını göstərmirmi? Ah, sevimli Əziz! Səadət ilə mən bir-birimiz üçün dünyaya gəlmişik, bizim taleyimiz bir-birinə o qədər möhkəm bağlanmış ki, heç bir maneə onu ayıra bilməz. İndi sən mənə söylə görüm, biz ayrılandan bəri nə görüb, nə eşidibsən?

Əziz bu işin onu və ağasını nə qədər təhlükələrə düçar edəcəyini bir qədər düşündükdən sonra belə cavab verdi:

--Bu gün bir az xırda-xuruş şey almaq üçün bazara getdim, iki-üç dükan keçməmişdim ki, birdən bir səs-küy qopdu. Bütün dükançılar və müştərilər dükanlardan çıxdılar, hamı səs gələn küçəyə tərəf yüyürdü, mən də onların dalınca ketdim. Bir evin eyvanına çıxıb tamaşa etdim, gördüm ki, toy atlısına bənzər bir dəstə atlı gəlir. Gəlin aparmağa gəldikləri görünürdü.

Dəstənin başında iki nəfər gözəl geyinmiş atlı, yedəklərində qar kimi dümağ, cilovu bəzəkli bir at gəlin üçün aparılırdı. Hər iki tərəfdən piyada həbəşi gəlirdi. Dalda zurna-balaban çalınır, bir dəstə pəhləvan mil oynada-oynada gedirdi. Bunlardan sonra at boyda iki qatıra qoşulmuş, qızıl-gümüş ilə bəzənmiş bir təxt-rəvan gəlirdi.

Bu dəstənin içərisində iki nəfər də yengə qadın vardı. Onların üzləri rübənd ilə örtülü olsa da, çalğıçıları, xanəndələri, rəqs edən mütrübləri və cənkiləri görə bilirdilər. Bu iki yengədən sonra bir neçə qadın təxt-rəvanın dalınca at üstə gəlirdi...Nəhayət, qiymətli paltarlar geymiş iki yüz atlının başında bir qırmızı libaslı şəxs gəlirdi.

Mən bu adamın kim olduğunu soruşdum. Dedilər ki, bu Əsgərağanın əmisidir. Mənim ağam, şəhərdən sizə gətirdiyim qəmgin əhvalat budur. Bu hekayə Rəşid bəyi çox həyəcana gətirdi. Onun bütün bədəni hiddətindən titrədi, qara qaşlan çatıldı, gözlərindən od parladı, əsəbi bir hərəkətlə bığını bura-bura sükut edib xəyala daldı.

Gecənin qaranlığı şəhəri bürüməyə başlarkən, Rəşid bəy atının belinə sıçrayıb, Əzizə dalınca gəlməsini əmr etdi və Səadətin evinə tərəf çapdı. Onun səbirsizliyi o dərəcə idi ki, getdikcə yolun uzandığını zənn edirdi. Gecə, möminlərin qəlbi kimi sakit, xainlərin və canilərin könlü kimi qaranlıq və xəyanətkar idi.

Əgər bü iki yolçunun nəfəs alması və atlarının tappıltısı hərdənbir eşidilməsəydi, onların varlığına belə şübhələnmək olardı. Rəşid bəy bir kəlmə də olsa danışmırdı.

O, Səadətin evinə girməyə bir yol axtardısa da, heç bir çarə tapmadı. Səadətin evinin hər tərəfi hasar və qapı darvazaların, xüsusən gecələr qıfıllı olmasını o, indi xatırladı.

Kimsəyə görünmək istəmədiyi üçün camaat girən küçə qapısından girməyi heç fikrinə belə gətirmirdi, əksinə, gəl-get olmayan bir yerdən yol axtarırdı. Nəhayət, gecə yarısından bir saat keçmiş o evin dal tərəfinə keçdi. Burada Rəşid bəy atından enib, atı Əzizə tapşırdı və onu gözləməsini əmr etdi, özü isə bir yol tapmaq üçün ora-bura boylanmağa başladı. Yol tapmayıb təkrar Əzizin yanına qayıtdı.

—Əzizim, gəl mənə kömək et,— - dedi.—ümidsizlikdən başımı itirmişəm, yolda çəkdiyim planı yaddan çıxartmışam. Bu məlun hasar mollaların bizə hər gün söylədiyi sirat körpüsündən də bədtər maneə oldu. Mən isə indi bu hasarın qabağında çarəsiz və avara dayanmışam! Mən öz cənnətimə girə bilmirəm, pərəstiş etdiyim mələyimə çata bilmirəm! Ah...Nə olaydı ki, bu hasarın qabağında mənim axır nəfəsim çataydı, bu ağacların dibində mənim həyatım bitəydi! Kim bilir neçə dəfə Səadətin mehriban nəzəri bu ağaclara düşmüşdür. Onun sərməstedici səsini eşitmək üçün neçə dəfə bütün təbiət müğənniləri buraya toplanmışdır?

Əziz, ağasının halından çox mütəəssir olub atları hasarın yanına sürdü və ağasına atın birinin üzərinə qalxmasını işarə etdi. Bu surətdə Rəşid bəy atın üstündə ayaq üstə durub əlini divarın başına yetirdi. Hasarın üstünə çıxıb asanlıqla sürüşüb həyətə düşdü və tez Səadətin pəncərəsinə tərəf yüyürdü.

Pəncərədən zəif bir işıq gəlirdi. Səadət pəncərənin yanında Şamah ilə söhbətə məşğul idi. «Mənim gələcək taleyim, bu söhbətdədir. Bu söhbət məni ya çıxılmaz bir bəlaya və ya böyük bir səadətə sövq edəcəkdir»—deyə Rəşid bəy diqqətlə söhbətə qulaq asmağa başladı. Səadət dayəsinə deyirdi:


-Ah! Əziz dostum, nə yaman günlərə qaldım. Mənim başımda nə bəlalar varmış? Nə çıxılmaz bir çətinliyə düşdüm. Mən sabah Əsgərağanın elçiləri gətirdiyi cehizi və nişanlan qəbul edib, onun əmisinə qoşulub getməyə məcburam! Xeyr! Rəşid bəyə vəfasızlıq göstərməkdənsə, ona verdiyim sözdən dönməkdənsə, mən ölməyə razıyam!

Bilmirəm, ifadəmin nöqsanlı olmasındanmı, yoxsa bu yazdığım dilə kafi dərəcədə aşina olmadığımdanmı, nəhayət, öz qəhrəmanlarımla şiddətlə maraqlandığımdanmı, Səadətin bu sözlərinin Rəşid bəyə olan təsirini tərif etməkdən acizəm.

Rəşid bəyin ağzından çıxan sevinc qışqırığı Səadətin diqqətini ona cəlb etdi. Səadət gecənin bu vaxtında onun gəlməyindən diksinib həyəcanından bir söz söyləyə bilməyərək mat qaldı.

Rəşid bəy bir müddət danışa bilməyib, nəhayət, özünü topladı və Səadətə müraciətlə: --Ey mənim ruhum! Ey mənim Səadətim, ~dedi, ~artıq vaxt yetişdi, bu saat ya verdiyin vədə əməl etməlisən, ya mənimlə əbədilik ayrılığı qəbul etməlisən. Aman, yalvarıram sənə, gün doğmamış gedək! Əgər mənim bu təklifimi rədd etsən, həyatın mənim gözümdə bir qiyməti qalmaz, mən sənin gözünün qabağında bu xəncəri ürəyimə sancaram və sənin ayaqlarını öz qanımla boyaram.

Səadət bu sözləri eşitdikdə və sevgilisinin sinəsinə dirənmiş olan xəncəri gördükdə «Gedək!» ~ deyə bağıraraq huşsuz düşdü. Bir dəqiqə itirmədən Rəşid onu qucağına götürüb yola düşdü. Vəfalı dayə ona bələdçilik edib, kiçik bir qapını açıb onu küçəyə çıxartdı. Rəşid bəy qapıdan çıxan kimi atının üstünə sıçrayaraq sevgilisini də qucağına basıb, Şamah ilə vidalaşdı və onunla görüşməyi vəd etdi.

Sonra ata bir mahmız vurdu, yorulmaz, vəfalı Əziz də dalınca, şəhərdən uzaqlaşmağa üz qoydu.

Möhtərəm ağalar! Siz bu hekayəni oxuduqda Səadətin tərifini uzaqdan eşitməklə Rəşid bəyin bütün dünyanı tərk etməyə hazır olmasını, özünü bağban və dilənçi surətinə salmasını və nəhayət, ikinci dəfə görüşdükdə onu qaçırmasını gördünüz. Mən əminəm ki, siz bu hekayəni uydurma və imkandan xaric bir şey zənn edəcəksiniz.

Yox, ağalar! Siz ki, bütün həyatınızı qadınlar məclisində keçirirsiniz, onların zərif səslərini, lətif söhbətlərini dinləyirsiniz. Şərq ölkələrində bir qadının ancaq bir baxışının, hətta ancaq qadın adının cavan oğlanlara nə dərəcədə təsir etdiyini bilmirsiniz. Bu cavanlar üçün qadınların səsində nə qədər lətafət olduğunu və onların dodaqlarından qopan ilk sevgi kəlməsinin cavanların bütün hissiyyatını nə dərəcədə qaplamasını təsəvvürünüzə gətirə bilməzsiniz!

Bu halları anlamaq və hiss etmək üçün bu ölkələrdə doğulmaq və ya bir neçə il bu ölkələrdə həyat sürmək lazımdır. Bu hekayəni oxumağa etina edən lütfkar xanımlar!

Əgər siz, gənc Səadətin ata-anasının əmrindən boyun qaçırıb bir zəngin və nəcib xana ərə getməyi rədd etdiyinə və Rəşid bəyin uzaqdan tərifini eşidib özünü də yalnız bir dəfə görməklə ona qoşulub qaçmasına təəccüblənirsinizsə, o zaman, xanımlar, mən cürətlə söyləyə bilərəm ki, siz Şərq aləmindən bixəbərsiniz.

Sizə xoş görünməyə var qüvvəsilə çalışan dəstə-dəstə gənclər daim sizin ətrafınızı bürüməkdədirlər.

Onlar sizin külək vurmuş rübəndləriniz kimi ətrafınızda qalxıb-düşürlər, məclislərdə sizə pərəstiş edənlərdən başqa kimsə görmürsünüz.

Müsamirələrdə şəninizə minlərlə mədhlər söyləyirlər. Şərq qadını isə, öz ata və qardaşlanndan başqa heç kəsi görmür.

Əlbəttə, belə bir şəraitdə yaşayan qadının bu qədər asanlıqla atəşli bir sevgiyə düşməsi sizin təsəvvürünüzə sığmaz. Ah! Əgər siz bu qadınların yerində olsaydınız, onlar kimi daim dörd divar arasında, pərdə altında yaşasaydınız, o zaman Səadətin bizim qəhrəmana qoşulub qaçmasını, ümidvaram ki, bağışlar və bu hekayənin dalını lütf il oxuyardınız.

Şəhərdən çıxdıqda Rəşid bəy üçüncü bir atı haradan tapacağını düşünürkən birdən qulağına bir at tappıltısı gəldi.

Rəşid bəy tez atdan sıçrayıb düşdü, tüfəngini əlinə alıb tappıltı gələn tərəfə yönəldi. Bir atlı gəldiyini gördülər. Rəşid bəy tüfəngin lüləsini onun sinəsinə dayayıb qışqırdı: --Sal silahını, burax atını, yoxsa bu dəqiqə səni ayağımın altına döşərəm! Atlı onun əmrlərini tez yerinə yetirdi. Rəşid bəy onun atını alıb içində otuz qızılı olan öz kisəsini ona bağışladı. Atlı yalvardı ki, onun bütün silahlarını alsın, lakin atına dəyməsin, çünki Kazımxan onu mühüm bir işdən ötrü şəhərə göndərmişdir.

Rəşid Kazımxan adını eşitcək, qasidi tutub bir ağaca sarıdı və ondan şəhərə nə üçün göndərilməsini soruşdu.

Qasid dedi ki, Kazımxan Rəşid bəyin Səadət xanımı istədiyini və hazırda Qəbələ şəhərində olduğunu öz qardaşına xəbər vermək üçün məni göndərmişdir.

Rəşid bəy özünü ona tanıdıb, sıçrayaraq atına mindi və öz yoldaşı ilə bərabər qalın meşəli bir dağa tərəf getməyə üz qoydu. Onlar meşəyə yeni girmişdilər ki, birdən-birə hava dəyişildi, göydə gurultu-nərilti qopdu, yağış şırhaşır tökülməyə başladı.

Şimşəklər çaxır, ildırımlar şaqqıldayırdı. Guya bütün təbiət Səadətin huşsuzluqdan ayılması üçün və Rəşid bəyin yol çətinliklərini artırmaq üçün toplanmışdı. Rəşid bəy yerli əhaliyə özünü göstərməmək üçün meşənin qalın yerinə çəkilməyə tələsirdi. Bir az getdikdən sonra yolu itirdi və meşənin içərisində azdı. Səadət artıq ayılmışdı. Rəşid bəy ondan üzr istəyərək:

--Ey ruhum,—-dedi,—mənim yolumda çəkdiyin bütün zəhmətləri, bütün ürək sıxıntılarını etdiyin bütün fədakarlıqları gözəlcə düşünürəm və dərindən hiss edirəm. Mən səni ailə qucağından, ana nəvazişindən ayıraraq gecənin bu vaxtından belə bir pis havada, bu vəhşi yerlərə gətirdim. Bu uzun yollarda səni yordum. Bu qədər xəcalət içərisində yalnız bir şeylə təsəlli tapıram ki, o da səninlə bir yerdə olmağımdır, sənin məni sevdiyinə əmin olmağımdır və sənin məni bağışlayacağına ümid etməyimdir, çünki bütün bu işləri səndən ayrılmamaq məqsədilə etdim. Mən bu vəhşi yerlərin əhli olmaq, bu yağış kimi çölləri göz yaşımla suvarmaq, küləyin şiddətindən ağaclardan qopub dağa, daşa, qayaya toxunan bu yarpaqlar kimi dağlarda, meşələrdə sərgərdan gəzmək istəmədim.—Ah, əzizim, Rəşid!—deyə Səadət onun sözünü kəsdi,— Ata-anamın adını çəkmə, çünki onların adı çəkiləndə o qədər məyus oluram ki, huşum başımdan çıxır. Sıxıntı və zəhmət məsələsinə gəldikdə, sən heç fikirləşmə! Bilsən bu zəhmətlər mənə nə qədər xoşdur! Sənin vucudun bütun bu çətinlikləri nəinki unutdurur, hətta bu qorxulu yerlərdə mənə cəsarət verir.

Hər ikisi bir-birinə olan dərin məhəbbətlərindən danışaraq yolu büsbütün azdılar. Nəhayət, səhər açılanda onlar özlərini bir qayanın altında dərin bir dərənin dibində gördülər. Oradan çıxılacaq yol görünmürdü. Hər iki sevgili ağaclar, kollar arasında dolaşaraq yorğun düşmüşdü, paltarları yağışdan tamamilə islanmışdı. Ona görə atdan enib qayanın böyük daşlarının altına pənah gətirməyi qət etdilər ki, ta od qalayıb paltarlarını qurutsunlar və günəşin çıxmasını gözləsinlər, çünki günəş çıxanda dağlarda bəzən hava dəyişir.

Onlar yenicə daldalanmışdılar ki, şiddətli bir külək qopub bütün dumanları buludları qovdu. Bunu görən Rəşid bəy, qarşısındakı bütün çətinliklərin aradan qaldırılacığını düşündü.

Göy təmizləndi, hava açıldı, günəş sanki paltarları və Səadətin göz yaşlarını qurutmaq üçün parladı. Rəşid havanın dəyişməsindən çox şad olub harada olduqlarını düşünməklə və bir yol izi axtarmaqla məşğul oldu. Bu məqsədlə bir təpənin üstünə çıxdı. Orada gözünə bir ceyran sataşdı, vurmaq istədi, birdən bir güllə səsi eşitdi, ceyran yıxıldı, bir ovçu ağacın dalından çıxıb ceyrana tərəf yüyürdü.

Rəşid yol sorağı üçün ona yaxınlaşdı. Böyük bir sevinclə Rəşid Tikanlı kəndinin kəndxudası Mərdanı tanıdı! Mərdan da, bir vaxt onu quldurların əlindən xilas edən Rəşid bəyi tanıdı. Yüyürüb onun əllərini duz kimi yaladı və onun hər bir xidmətinə can-başla hazır olduğunu söylədi.

Rəşid onun bu qədər qədrşünaslığından mütəəssir olub, ona bu yerə gəlməsinin səbəbini və başına gələn sərgüzəşti nağıl etdi. Sonra Səadətə bir neçə gün dincəlib istirahət vermək üçün kənar yerdə xəlvət ev tapmaq istədiyini söylədi. Bu sözləri eşitcək Mərdan tez öz evini ona təklif etdi. Rəşid ona min təşəkkür edib, Səadətə və Əzizə xəbər verdi.

Onlar atlarına minib Mərdanın kəndinə yola düşdülər. Mərdan da qabaqda gedib bələdçilik edirdi. Günəş batdıqdan sonra onlar kəndə daxil olub, Mərdanın evinə yetişdilər. Vəfalı Mərdan elə bir ehtiyat göstərdi ki, kənddə heç kəs bu əziz qonaqların gəlməsini bilmədi. Arvadı canla-başla qonaqlara xidmət edirdi.

Əziz atları yaxşıca rahatladı və onları, gəldiklərindən də uzun bir səfərə hazırladı. Rəşid bir neçə saat istirahət etdikdən sonra Səadətin yanına gəlib iki günlüyə evə getmək niyyətində olduğunu ona xəbər verdi. Evə getməkdə məqsədi atasından icazə alıb Səadəti onun evinə gətirmək olduğunu söylədi. Bu sözlərdən sonra Rəşid Səadəti qucaqlayıb, üzünü atəşli busələrlə öpdü və vidalaşıb öz evinə tərəf yola düşdü.

İndi mən sizin diqqətinizi bir az da Qəbələ şəhərinə cəlb etməliyəm. Şamah Səadətin qoşulub qaçmasına kömək etdikdən sonra, ağalarının gözünə görünməkdən qorxub, xəlvət şəhərdən çıxdı və ailəsi yaşayan Tikanlı kəndinə getdi. Sübh tezdən Tutu xanım Səadətin və dayəsinin evdə olmadıqlarından təşvişə düşüb, şəhərdə yaşayan bütün qohumlarına adam göndərdi ki, bəlkə Səadət onların evinə getmiş ola. Səadəti heç bir yerdə tapa bilmədilər. Tutu xanımın bütün təşəbbüsləri nəticəsiz qaldıqda qorxusu daha da artdı.

Günorta vaxtı Rəşid bəyin gecə ağaca bağladığı şəxs Tutu xanıma qızının igid Rəşid bəy ilə qaçdığını xəbər verdi. Tutu xanım bu əhvalatdan məyus olsa da, bir az təskinlik tapdı, çünki Rəşid bəyin tərifini o, hər yerdə eşitmişdi və bilirdi ki, qızı onunla xoşbəxt yaşaya bilər.

Əsgərağanın əmisinə gəldikdə, o işin müvəffəqiyyətsizliyini görüb, hiddətindən partlamaq dərəcəsinə gəldi və Rəşid bəyin onun saqqalına gülməsinə yol verməyəcəyinə and içdi. Atlılarını bir neçə hissəyə bölüb Rəşid bəyin dalınca göndərdi və harada tapsalar, onu tutub gətirmələrini əmr etdi. Atlılar çox axtarışdan sonra gecə heç bir müvəffəqiyyət əldə etməyərək geri döndülər.

Ertəsi günü onların ağası ürəyi kin və kədər dolu ikən öz dəstəsilə şəhərdən çıxıb, axşama qədər yol gedib Ərəşə yetişdi və bütün əhvalatı qardaşı Kazımxana xəbər verdi. Kazımxan isə həmin saat bütün qoşunun toplanmasını əmr etdi.

Ertəsi günü sübh tezdən Kazımxan öz qoşunu ilə bərabər İsmayıl bəyin mülk və mahalının sərhədinə yeridi.

Həmin sərhəddə Rəşid çoxdan bəri öz müttəfiqlərindən yardım qüvvəsi gözləyirdi. Atası onu bağışlamışdı və düşmənə qarşı göndərdiyi əsgəri qüvvənin sərkərdəliyini də ona tapşırmışdı. Hər iki düşmənin məmləkətində müharibəyə hazırlığı gedirdi.

Rəşid bəy qoşunun bir hissəsilə Kazımxana yaxın yerdə gözəl bir səngər tutmuşdu. Bir neçə güllə mənzili qabaqda atlılarından bir neçəsini uca ağaclara çıxarıb gözətçi qoyduqdan sonra, qoşununa meşənin bir qalın yerində kölgələnməyi əmr etdi. Rəşid bəy özü oturdu, əsgərləri də onun ətrafında diz üstə oturub istirahətə məşğul oldularsa da, tüfənglərini əllərində hazır tutdular. Əsgərlər müharibələrdən və qələbələrdən bəhs edirdilər.

Söhbət çox şirin idisə də, Rəşid bəy fikirli görünürdü. O, öz xəyalında Kazımxana qan tökməmiş qələbə çalmaq üçün bir yol axtarırdı. Birdən onun başına bir fikir gəldi və tez bu fikri həyata keçirməyə qərar verdi. Rəşid bəy yerindən qalxıb ən igid nökərlərindən dörd nəfərini seçdi və özü ilə bərabər getmələrinə əmr verdi. Gün batar-batmaz onlar kimsəsiz bir cığır ilə Ərəş şəhəri tərəfə yola düşdülər.

Sübh açılan zaman şəhərin kənarına yetişdilər. Rəşid bəy atlarını və adamlarından ikisini şəhərin darvazası yanında qoydu və özü adamların ikisi ilə şəhərə daxil oldu. Onun niyyəti öz rəqibi Əsgərağanı qaçırtmaq idi və bilirdi ki, sübh vaxtı Əsgərağa bir mürəbbi ilə bərabər şəhərin darvazasına və Kazımxanın evinə yaxın bir bağa gəzməyə çıxır.

Qəhrəmanımız öz adamlan ilə bərabər həmin bağa yaxınlaşıb, çəpər arasından Əsgərağanı bağda gəzən gördü. Əsgərağa bir kolun dalına keçib, mürəbbisindən ayrı düşmüşdü. Rəşid bəy cəld uşağa yaxınlaşdı və ona Kazımxanın geri döndüyünü və mürəbbinin onu qarşılamağa getdiyini xəbər verdi.

Uşağı da aldatdı ki, mürəbbi məni sənin dalınca göndərdi və səni yapıncının altına alıb birdən-birə Kazımxana göstərməyi mənə tapşırdı. Uşaq sevinərək özünü Rəşidin qucağına atdı.

Rəşid onu yapıncının altına alıb atları saxlanan yerə gətirdi, o öz adamları ilə atlara sıçrayıb, dağlardan əsən yel kimi gəldiyi yerə üz qoydu. Rəşid bəyin qoşunu həmin qoyub getdiyi yerdə idi, ancaq yeni gələn kömək onların sayını artırmışdı.

Onlar səbirsizliklə çarpışmağa müntəzir idilər. Lakin sevimli başçılarının gecikməsindən çox təşvişə düşmüşdülər. Onun haraya getdiyini heç kəs bilmirdi. Yalnız Rəşid bəyin öz yerində naib qoyduğu Hacı İbrahim adlı hörmətli bir nökər öz ağasının getdiyi yeri və niyyətini bilirdi.

O da bütün günü Rəşid bəy gedən yollara gözlərini dikib ağasına rast gələcək təhlükə ehtimallarını düşünürdü. Artıq günəş batmışdı. Sərkərdəsiz qalmış qoşun qəmgin oldu.

Hacı İbrahimin gözləri bir nöqtəyə baxmaqdan yaş ilə dolmuşdu. Birdən-birə qoşundan qopan bir sevinc qışqınğı Hacının gözlərini işıqlandırdı. O, yenidən gözünü yol tərəfə dolandırıb beş nəfər atlının sürətlə gəlməsini gördü.

Onların ayaqlarının altından qopan toz, sütun kimi göyə qalxırdı. Ağ köpüyün içində qan-tərə batmış atların ağızlarından çıxan buğ, topdan da qalın idi.

Nəhayət, Hacı İbrahim Rəşid bəyi tanıdı. Onun qabağına yüyürdü, bütün əsgərlər də onun dalınca yüyürdülər. Rəşid bəy atdan enib nökərlərindən neçəsini öpdü, sonra Hacı İbrahimə Əsgərağanı təqdim edərək dedi: —-Bu, Kazımxanın oğludur, indi arada bir damcı qan tökülmədən o, artıq məğlub olub və mənim bütün şərtimi qəbul etməyə məcburdur.


Bu xoş, şadlıq xəbəri tez bütün əsgərlərin arasına yayıldı. Əsgərağaya layiqincə böyük hörmət göstərməyi adamlarına tapşırdıqdan sonra, Rəşid bəy ertəsi günə qədər istirahət və keflə məşğul oldu. Sübh tezdən Rəşid bəy Kazımxana bir sülh təklifi yazıb məktubu Hacı İbrahimlə göndərdi. Zavallı ata bircə oğlunun qaçırılması xəbərini yenicə almışdı ki, Rəşid bəy tərəfdən elçi gəlməsini ona ərz etdilər. Xan elçinin hüzura daxil olmasını əmr etdi. Məktubu təlaş ilə oxuyub oğlunun halından xəbərdar oldu. Sonra üzünü Hacıya çevirib dedi:

—Mən Rəşid bəyin, Səadət xanımın və hətta öz oğlumun yanında günahkaram. Çünki mən oğlumu özündən iki qat artıq yaşlı bir qız il evləndirmək niyyətinə düşdüm. Bunu fikirləşmədim ki, həmin qız bir başqasını sevir və onun tərəfindən sevilmişdir. Bu saat gedib ağana söyləyərsən ki, mən onunla banşıram, çünki göz dikdiyim bir oğlumdan məni məhrum etmək ixtiyarında ikən, onu mənə qaytarmağı təklif edir. Həmin gün hər iki hökmdar sülh etdi: Kazımxan da oğlunu alıb Ərəşə, öz sarayına getdi.

Rəşid bəy qoşunlarını azad edib Mağal tərəfə yola düşdü. Evə yetişdikdə atasından xeyir-dua və toya icazə alıb bir böyük seçmə atlı topladı və qohumlarından bir neçə xanım götürüb Səadəti gətirməyə getdi. Səadətin halı çox pərişan olmuşdu. O, bir tərəfdən ata-anasından və o biri tərəfdən gələcək ərindən ayrı düşmüşdü. Rəşidin geri dönməyə vəd etdiyi gün keçmişdi. Onun gecikməsi Səadətin iztirabını artırırdı və onu get-gedə qəm dəryasına qərq edirdi.

Bir gün qəflətən qapı açıldı, sevdiyi Rəşid içəri daxil oldu və tez özünü Səadətin qucağına atdı. İki sevgili yarın belə görüşündən doğan təəssüratı yazmaq üçün mən acizəm, çünki bir şəxsin sözlərini eşitmədən onun üzündə görünən hissiyyatı yazmaq üçün təcrübəli bir qəbm və insanın ruh aləminə dərin bir aşinalığı lazımdır.

Sevgi mütəqabil olarsa, o zaman dilsiz və btif bir hiss meydana çıxar. belə bir halda sevgililər bir-birilə çox az danışırlar. Mən də bu iki aşiqi dinməz-söyləməz bir sevincə qərq olmuş buraxıram.

Nəhayət, mən deməliyəm ki, Rəşid Səadətə bütün başına gələn macəranı nağıl etdi. Səadət də onu böyük şadlıqla dinlədi. Sonra Səadət anasına bir məktub yazıb Əziz ilə göndərdi və öz sirdaşı Şamahı gətirməsini ona əmr etdi.

Şamah isə kimsənin xəbəri olmadan həmin kənddə öz qohumlarının evində yaşayırmış. O, Rəşid bəyin gəldiyini eşidib onu görmək üçün Mərdanın evinə gəldi. Ah! Şamah burada Səadətlə görüşməklə nə qədər şad oldu!

Rəşid bəy və Səadət xanım həmin günü çox şad keçirtdilər.

Ertəsi günü ev sahiblərinə çox-çox təşəkkür edib onları toya çağırdılar, özləri isə İsmayıl bəyin yanına gəlməyə tələsdilər.