Rəhm edib atmaz oxun yar ürəgim yarəsinə
Görünüş
Rəhm edib atmaz oxun yar ürəgim yarəsinə Müəllif: Sadıq bəy Əfşar |
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.55. |
Rəhm edib atmaz oxun yar ürəgim yarəsinə,
Bumudur xubların çarəsi biçarəsinə.
Tüşdilər bir-birinə didəvi dil ləlin üçün.
Qan olur, girmək olurmu buların arəsinə.
Yandı bağrım, könül ayinəsini tutdu qübar,
Düşəli xalü xəti arizü rüxsarəsinə.
Girdbad eylədi dəvi məni-sərgəştə ilən,
Yetiməz hər kişi dəşti-qəmin avarəsinə.
Dedilər sərvi-qədi cilvəgər oldu yarın,
Getdimi göz seyli sirişkim bilə nəzzarəsinə.
Tökülən damənimə qətreyi-əşkim gecələr,
Fələkün tənə edər sabitü səyyarəsinə.
Sadiqi, gər yürəgün qanın içər, ah etmə,
Könlüni vermiş idün qəmzeyi-xunxarəsinə.