Rəhm et, ey şəh, məni-dərviş çəkən ahlərə

Vikimənbə saytından
Rəhm et, ey şəh, məni-dərviş çəkən ahlərə
Müəllif: Məhəmməd Füzuli


Rəhm et, ey şəh, məni-dərviş çəkən ahlərə
Ki, gəda ahı əsər eylər olur şahlərə.

Mehri yox mahlərə ah əsər etməz, ya rəb!
Ver bir insaf, bu mehri yox olan mahlərə.

Qaşların taqinə versəm dili-suzan, nə əcəb,
Rəsmdir asıla qəndil nəzərgahlərə.

Maili-sərv, qədin vəslinə yetməz, nişə kim,
Bəxt şayəstə deyil himməti kutahlərə.

Saqiyi-bəzmi-cünun nərgisi-məstindir kim,
İçirir badeyi-qəflət dili-agahlərə.

Baxma, ey didə, zənəxdanına məhbublərin,
Gəzmə qafil, həzər et düşməyəsən çahlərə.

Ey Füzuli, vərə əhli rəhi-məscid tutmuş,
Sən rəhi-meykədə tut, uyma bu gümrahlərə.