Məzmuna keç

Rəsullular nəsli

Vikimənbə saytından
Rəsullular nəsli
Müəllif: Araz Yaquboğlu

Doğulduğum kəndin ağsaqqal və ağbirçəkləri iti yaddaşa, zəngin xatirələrə malikdirlər. Onlar sələflərindən öyrəndikləri məlumatları xələflərinə danışmaqla neçə yüz illərdi ötürə biliblər. Uzun müddətdir ulu oğuz yurdu Göyçə mahalının Daşkənd kəndi haqqında apardığım araşdırmalar, topladığım informasiyalar zamanı dönə-dönə bunun şahidi olmuşam. Folklor toplayıcıları belə şəxslərə söyləyici (informator) deyirlər.
Daşkənd kəndində onlarla böyük nəsillər yaşamış, indi də Azərbaycanın və dünyanın müxtəlif regionlarında məskunlaşmaqdadırlar. Nəsil şəcərələrinin toplanması və tədqiqi maraq sahəm olduğundan müxtəlif mətbuat orqanlarında Rəsullular, Babakişilər, Şairlilər, Rzalılar, Hacı Hüseynlilər (Ocaqverdilər), Babalar (Dumanlılar) və başqa nəsillər haqqında yazılarla çıxışlar etmişəm.
Rəsullular nəsli haqqında əvvəllər müəyyən ilkin informasiyalar çatdırsam da, bu nəsil haqqında oxuculara daha geniş məlumat verməyə ehtiyac duydum. Nəsil haqqında məlumatları hələ 2005-ci ildən başlayaraq, Vərqa Kərimov (90 yaş), Şiruyə Hacıyev (73 yaş), Xasay Zeynalov (84 yaş), Molla Əmirxan (76 yaş), Haris Əmrahov (86 yaş), Səməd Əliyev (79 yaş), Niftalı Balıyev (79 yaş), Xuraman Kərimova (78 yaş), Rəqiyyə Hümbətova (73 yaş), Zibeydə İsmayılova (72 yaş), Güləvatın (Qəriş) Məhərrəmova (80 yaş) və başqalarından toplamışam.
Rəsullu soyunun bizə məlum ilk şəxsinin adı Temir olub. Temirin İranın Sulduz nahiyəsindən, ya da Mərənd mahalından olduğu deyilir. O, XVIII əsrin sonlarında İrandan Qazax sultanlığının Dəmirçilər kəndinə köçüb. Bu köçlə bağlı bir neçə versiya danışılır. Məşədi Qasımın qız nəvəsi mərhum Səməd Əliyevin söylədiklərindən:
“Mərhum İslam kişi danışırdı ki, Rəsilin babası İranda ən varlı-dövlətli adamlardan olub. Varı öz yerində, onun ilxısının içində şöhrəti bütün İrana yayılmış tərifli bir atı da olub. Atın tərifi əyalətin hakiminə də çatır. O adam göndərir ki, gedin o kişidən, o atı alın gətirin. Gəlib kişidən atı istəsələr də, o vermir. İslamın dediyinə görə, bu dəfə yasavullar gəlib kişinin bütün ilxısını da, var-dövlətini də müsadirə edib aparırlar. Özünə də İrandan çıxmağı əmr edirlər.
Aradan neçə illər keçəndən sonra bir gün əyalət hakiminin yadına düşür ki, görəsən, o kişinin başına nə gəldi? Adam göndərir, onlar da onun olduğu yerə gedib öyrənirlər ki, bu adam elə o vaxtdan yoxa çıxıb. Onu əvvəl tanıyanlardan soruşurlar ki, bəs hara getdi? Deyirlər ki, Qazağa getdi. Hakimə xəbər gətirirlər ki, o adam köçüb Qazağa gedib. O da deyir ki, gedin Qazağa ondan mənə xəbər gətirin. Atlılar gəlib Qazaxda onu tapırlar, öyrənirlər ki, həmin ilxı, naxır, sürü öz qaydasındadı, hələ ondan da çoxdu. Bircə ilxıda o at yoxdu. Gəlib hakimə deyirlər ki, biz onu müsadirə edəndə nəyi vardısa yerini alıb, hər şeyi var, bircə o at yoxdu. Hakim də deyib ki, “Allah verəni bəndə ala bilməz”. Harda olsa Rəsilliyə çox hörmət qoyurmuşlar. Onların varı-dövləti daha da artır, ondan sonra Qazaxdan da Göyçənin Daşkənd kəndinə gedib məskən salırlar”.
İkinci bir versiyanı Şiruyə müəllim belə danışardı:
“O vaxtlar İranda xəstəlik, epidemiya yayılıbmış. Ölməmək üçün insanlar baş götürüb uzaq vilayətlərə gedirlərmiş. Bizim babalar da Qazağın Dəmirçilər kəndinə gəliblər. Sonralar bu kənddən Göyçənin Daşkənd kəndinə köçüblər. Həm də o vaxtlar Göyçə Qazağın yaylaq yerləri olub. Onsuz da hər yay mal-heyvanı Göyçə yaylaqlarına aparırmışlar”.
Temirin oğlunun adı Yavıx, onun da oğlunun adı Rəsul imiş. Qazaxdan Göyçəyə köçən Yavıx, bəlkə də Rəsul olub. Nəslin adı məhz bu Rəsulun adı ilə bağlıdır. Göyçə şivəsinə uyğun olaraq ona daha çox Rəsil, nəslə isə Rəsillilər də deyirmişlər. Rəsulun Hacı Kərim, Hacı Balı adlı iki oğlu və Xatun adında bir qızı olub. Bu nəsil iki böyük qoldan, tirədən ibarətdir: Hacı Kərim qolu və Hacı Balı qolu. Rəsulun qızı Xatun Hacı Hüseynlilər (Ocaqverdilər) nəslindən Kərbəlayi Bədəlin oğlu Atakişi ilə ailəli olub. Onların Məşədi İsmeyil və Əvzər adlı iki oğlu olub.

Hacı Kərim qolu: Rəsulun böyük oğlu Hacı Kərimin Rəsul, Kərbəlayı Əmrah, Bahar, Məşədi Qasım, Sayalı və İsmayıl adlı dörd oğlu, iki qızı dünyaya gəlib. Buradan belə aydın olur ki, Rəsulun nəvəsinin də adı Rəsul olub.
– Hacı Kərimin böyük oğlu Rəsul Sənəm ilə ailəli olub. Onların beş oğlu, bir qızı (Saleh, Pənah, Şəkər, Əsbənd, Hüseyn, Xanlar) dünyaya gəlib. Rəsul 40 yaşında vəfat edib.
– İkinci oğlu Kərbəlayı Əmrah iki dəfə evlənib. İlk evliliyi Pirilər nəslindən Bayramalının qızı olub. Onların üç oğlu, iki qızı (Əliş, Qurban, Bayaz, Sona, Məhəmməd) doğulub. İkinci evliliyi Qaraiman kəndindən Sinəxanım ilə olub. Onların bir qızı (Salatın) olub. Sinəxanım yanında Yəmən adlı bir qız da gətirib, Kərbəlayi Əmrah o qızı da öz övladı kimi böyüdərək, ərə verib. Kərbəlayı Əmrah 1955-ci ildə 127 yaşında Yeni Daşkənd kəndində vəfat edib. O, çox işgüzar və çörəkli adam kimi tanınıb. Sinəxanıma “Qara arvad” deyirmişlər, 120 yaşında vəfat edib.
– Üçüncü oğlu Məşədi Qasım Ceyran ilə evli olmuş, onların dörd oğlu, üç qızı (Məleykə, Hüsən, Zeynəb, Sayad, Narın, Dağbəyi, Fəzi) doğulub. Məşədi Qasım 1905-1907 və 1918-1919-cu illərdə erməni işğalçılarına qarşı Göyçədə baş verən hadisələr zamanı xüsusən fəallıq göstərib, daha sonra Qarabağda döyüşüb. 1921-ci ildə Məşədi Qasım оrada qızdırmadan vəfat edib və Şuşa şəhərində dəfn оlunub. Məşədi Qasımın vəfatından sonra qardaşı Kərbəlayı Əmrah Qarabağa gələrək onun uşaqlarını dоğma ata-baba yurdları Göyçəyə aparıb.
– Dördüncü oğlu İsmayıl isə Hacı Allahverdi qızı Xəzəl ilə ailə qurub. Onların dörd oğlu, iki qızı (Reyvə, İslam, Ruqiyə, Rəsul, Müzəffər, Müslüm) anadan olub.
– Hacı Kərimin Bahar adlı qızı Hacı Zeynallılar nəslindən Hacı Kazımın oğlu Kərbəlayi Zeynal ilə ailə qurub, bir oğlu, bir qızı (İsrafil, Tutu) olub. Kərbəlayi Zeynal da Göyçədə baş verən hadisələr zamanı qaynı Məşədi Qasımla bərabər iştirak edib.
– Hacı Kərimin digər qızı Sayalı isə Şişqaya kəndində ərdə olub, övladları haqqında səhih məlumat olmasa da, onların sonralar Şəmkir rayonunda yaşadığı söylənilir.
Rəsulun törəmələri:
– Saleh Məşədi Həmzənin qızı Sehran ilə ailəli olub. Onların Qəşəm adlı oğlu dünyaya gəlib. Qəşəm üç aylıq olanda anası, iki yaşında isə atası vəfat edib.
– Pənah subay vəfat edib.
– Əsbənd subay imiş, Yellicə dərəsində tara düşərək həlak olub.
– Şəkər Rzalılar nəslindən Xəlilin oğlu Əziz ilə ailəli imiş. Onların Niftalı adlı oğlu olub. Niftalı Böyük Vətən müharibəsinə gedib, müharibədən sonra Türkiyədə yaşayıb. Şəkər 1919-cu ildə “Sarı yer” yaylağında qar çovğununa düşərək həlak olub.
– Hüseyn Alçalı kəndindən Məhərrəmin qızı Güldəstə ilə ailə qurub. Onların altı oğlu, bir qızı (Qəzənfər, Əli, Gövhər, Vərqa, Şamxay, Kərəm, Əmirtarix) doğulub. Hüseyn 1965-ci ildə, Güldəstə isə 1989-cu ildə Yeni Daşkənd kəndində vəfat ediblər.
– Xanlar Hacı Məhəmmədlilər nəslindən Alının qızı Gülgəz ilə evlənib. Onların dörd oğlu, bir qızı (Tehran, Sabir, Xalid, Qiyas, Savalan) dünyaya gəlib. Xanlar Böyük Vətən müharibəsinə gedib, döyüş zamanı itkin düşüb.
Kərbəlayı Əmrahın törəmələri:
– Əliş və Qurban sovetləşmədən qabaq Daşkəndi tərk edib və bir daha geri qayıtmayıblar. Hər ikisi də subay olublar.
– Bayaz Hacı Zeynallılar nəslindən Əzimin oğlu Müseyib ilə ailə qurub. Onların üç oğlu, bir qızı (Xanbaba, Xanbuta, Yusif, Leylan) doğulub. Bayazın oğlanlarının üçü də Böyük Vətən müharibəsinə gedib, Xanbaba və Xanbuta döyüş zamanı itkin düşüblər.
– Sona iki dəfə ailə qurub. İlk evliliyi əmisi Məşədi Qasımın oğlu Sayad ilə olub. Onların Talıb adlı bir oğlu olub. Sona ikinci dəfə Qaraiman kəndindən Xıdır ilə ailə qurub. Bu evlilikdən onların üç oğlu (Sarı, Camal, Əvəz) dünyaya gəlib.
– Məhəmməd Aşağı Şorca kəndindən Kərəmin qızı Gülavatın ilə ailəli olub, dörd oğlu, bir qızı (Namaz, Sona, Haris, Bəxtiyar, İbrahim) dünyaya gəlib. Məhəmməd Böyük Vətən müharibəsinə gedib, döyüş zamanı itkin düşüb. Onun böyük oğlu Namaz da 1953-cü ildə Leninqradda hərbi xidmət zamanı həlak olub.
– Salatın iki dəfə ailə qurub. İlk evliliyi Səfərin oğlu Yunis ilə olub. Onların bir oğlu, bir qızı (Mustafa, Nigar) doğulub. İkinci dəfə Cabbarlı nəslindən Əhmədin oğlu Hümbət ilə evli olub. Onların bir oğlu, iki qızı (Əntiqə, Zibeydə, Maksim) dünyaya gəlib.
Məşədi Qasımın törəmələri:
– Məleykə Hacı Zeynal ağanın oğlu Əşrəf bəylə ailə qurub. Onların iki oğlu, iki qızı (Dilşad, Knyaz, Sahib, Pərişan) doğulub. Hacı Zeynal ağa Məşədi Qasımın Qarabağlı dostu olub. Onlar Ağdam rayonunun Əhmədavar kəndində yaşayırmışlar.
– Hüsən nişanlı olub, 1917-ci ildə Daşkənddə xəstəlikdən vəfat edib.
– Zeynəb Babakişilər nəslindən Əlinin oğlu Himoy ilə evli olub. Onların bir oğlu, beş qızı (Tuyğun, Qələm, Sumaya, Səriyə, Rəxşəndə, Səməd) doğulub.
– Sayad üç dəfə ailə qurub. Əmisi Kərbəlayı Əmrahın qızı Sona ilə evliliyindən Talıb adlı bir oğlu olub. Talıb Samux rayonunda yaşayıb, oğlu Abbas 1992-ci ildə Birinci Qarabağ müharibəsində şəhid olub. Sayad ikinci dəfə Aşıq Ələsgərin nəslindən olan Kimyə ilə evlənib, onların iki qızı (Tovuz, Göyçək) doğulub. Sayad sonda Səroy Çərkəz qızı ilə evlənib, Novruz adlı bir oğlu dünyaya gəlib. Sayad Kərimov 1955-ci ildə Göyçəyə gedərkən Kəlbəcər rayonunda avtomobil qəzasında həlak olub və Daşkənd kəndində dəfn olunub.
– Narın iki dəfə ailə qurub. İlk dəfə Hacı Zeynallılar nəslindən Kərbəlayı Zeynalın oğlu İsrafilin həyat yoldaşı olub. İsrafil həm də Narının bibisi Baharın oğludu. Onların üç oğlu, üç qızı (Teyfə, Xasay, Kübra, Surxay, Pakizə, Səfxan) olub. İsrafil Böyük Vətən müharibəsinə gedib, 1943-cü ildə döyüş zamanı həlak olub, Krasnodar vilayətində dəfn olunub. Narın həyat yoldaşı İsrafil müharibədə həlak olduqdan sonra Pirilər nəslindən Kərimin oğlu Əsgər ilə ailə qurub, onların bir qızı (Gülü) doğulub. Narının nəvəsi Nəbi Surxay oğlu 1993-cü ildə Birinci Qarabağ müharibəsində şəhid olub.
– Dağbəyi uşaq ikən vəfat edib.
– Fəzi üç dəfə ailə qurub. İlk həyat yoldaşı Tağı oğlu Məhərrəmin qızı Savat olub. Onların bir oğlu, üç qızı (Xuraman, Qiyas, Cənnət, Məhbubə) olub. İkinci dəfə Hasanqulunun qızı Quşayıl ilə evlənib. Onların üç oğlu, bir qızı (Mələksuma, Səməndər, Azər, İskəndər) olub. Fəzi Kərimov sonda Gülü Mirzə qızı ilə ailə qurub. Onların dörd oğlu, dörd qızı (Dilqəm, Sənubər, Səba, Yuzasif, Simuzər, Rəsmiyə, Yasif, Vasif) dünyaya gəlib. Oğlanlarından Qiyas, Səməndər və Yuzasif vaxtsız vəfat edib, Yasif isə 1992-ci ildə Birinci Qarabağ müharibəsində şəhid olub.
İsmayılın törəmələri:
– Reyvə əvvəlcə Hacı Balı oğlu Tahar ilə evli olmuş, Taharın vəfatından sonra ağsaqqalların məsləhəti ilə Mürsəlin oğlu Elləz onunla ailə qurub.
– İslam Tağı oğlu Məhərrəmin qızı Püsat ilə evlənib, onların iki oğlu, bir qızı (Rəfiqə, Arif, Sərəfruz) doğulub. İslam kişinin nəvəsi, Azərbaycan Hərbi Hava Qüvvələrinin general-mayoru Namiq Sərəfruz oğlu İslamzadə İkinci Qarabağ müharibəsində iştirak edib və prezidentin sərəncamı ilə ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. İslam həm də əmisi oğlu Fəzi ilə bacanaq olublar.
– Ruqiyə Daşkənd kəndində müəllim işləyən Mehdi ilə ailə qurub. O, Naxçıvanın Qarabağlar kəndindən olub. Mehdi təyinatla Basarkeçər rayonuna göndərilib, Daşkənd kəndində müəllim işləyib, Böyük Vətən müharibəsinə gedib, döyüş zamanı itkin düşüb. Onların bir uşaqları olsa da, uşaq tez ölüb. Mehdinin qohumları Ruqiyənin geri qayıtmasına razı olmadıqlarından İslam kişi qızı Rəfiqəni bacısı Ruqiyə ilə qalıb yaşamasını məsləhət bilib. Rəfiqə böyüdükdən sonra Naxçıvanda Əsəd Musa oğlu ilə ailə qurub. 1970-ci illərdə onlar ailəlikcə Yeni Daşkənd kəndinə köçüblər.
– Rəsul Qocamanlılar nəslindən Balışın qızı Fərəh ilə ailə qurub. Onların iki oğlu, iki qızı (Knyaz, Aybəniz, Sürəddin, Nəsibə) doğulub.
– Müzəffər subay olub. O, Böyük Vətən müharibəsinə gedib, döyüş zamanı itkin düşüb.
– Müslüm iki dəfə evlənib. Bəyim Miryusif qızından iki oğlu, üç qızı (Afrasiyab, Əsmətel, Zərifə, Şahin, Ulduzə), Solmaz Mustafa qızından isə bir oğlu, bir qızı (Tünzalə, Elnur) olmuşdur. Afrasiyab on bir yaşında vəfat edib.

Hacı Balı qolu: Rəsulun ikinci oğlu Hacı Balının Məhərrəm, Oruc, Bayram, Züleyxa, Tahar və Mürsəl adlı beş oğlu, bir qızı doğulub. Hacı Balı 1919-cu il qaçqınlığından sonra Daşkəsənin Xaçbulaq yaylağında vəfat edib, Mollahəsənli kəndində dəfn olunub.
– Hacı Balının böyük oğlu Məhərrəm Başxanım Şəfi qızı ilə ailəli olub, onların üç oğlu, bir qızı (Həsən, Nəsib, Zülfüqar, Gülgəz) doğulub.
– İkinci oğlu Oruc Hacı Məhəmmədlilər nəslindən Alının qızı Gülüs ilə evlənib. Onların dörd oğlu, dörd qızı (Muxuru, İpək, Məhəmməd, Xasay, Abuzəndə, Süzəndə, Eyvaz, Şahbaz) olub. Həm də Orucla Xanlar bacanaq olublar.
– Üçüncü oğlu Bayram Babakişilər nəslindən Məşədi Ələkbərin oğlu Abbasın qızı Çəmən ilə ailə qurub. Onların iki oğlu, üç qızı (Afayat, Nabat, Yaşar, Rövşən, Pürüzə) dünyaya gəlib.
– Dördüncü oğlu Tahar iki dəfə evlənib. İlk arvadından bir oğlu (Qoşun), sonrakı Reyvə İsmayıl qızından isə üç oğlu, iki qızı (Mehvalı, Sücayət, Səhraf, Qurban, Fəridə) doğulub. Tahar vaxtsız vəfat edib, bundan sonra ağsaqqalların məsləhəti ilə Reyvə ilə Elləz ailə qurublar.
– Beşinci oğlu Mürsəl iki dəfə ailə qurub. İlk evliliyi Babakişilər nəslindən Kərbəlayi Muxtarın qızı Fatma ilə olub. Onların iki oğlu, iki qızı (Elləz, Tovuz, Yusif, Röyzə) olub. Mürsəl ikinci dəfə Alçalı kəndindən olan Süleymanın qızı Xanım ilə evlənib. Onların iki qızı (Balaxanım, Qumru) olub. Xanım sonralar Yevlax rayonunun Səmədabad kəndində yaşayıb.
– Hacı Balının Züleyxa adlı yeganə qızı əslən Qanlı kəndindən olan Abduləli ilə evli olub. Onların övladı olmayıb. Abduləli Şahbaz Səlimovun babası idi.
Məhərrəmin törəmələri:
– Həsən iki dəfə ailə qurub. Qocamanlı nəslindən Kərbəlayi Camalın qızı Reyvə ilə evliliyindən dörd oğlu, dörd qızı (Quşayıl, Nahat, Nəbi, Əmirxan, Göyərçin, Şiruyə, Sabit, Mərzəgül), Bayrışdılar nəslindən Abuzərin qızı Hamayıldan isə iki oğlu, bir qızı (Lumu, İman, Eldar) doğulub. Nəvəsi Mehdi Əmirxan oğlu 1993-cü ildə Birinci Qarabağ müharibəsində itkin düşüb.
– Nəsib Hacı Hüseynlilər (Ocaqverdilər) nəslindən Əsədin qızı Pürüzə ilə evlənib. Onların bir oğlu, bir qızı (Yaqub, Mülayim) olub. Nəsib Böyük Vətən müharibəsinə gedib, döyüş zamanı itkin düşüb. Mülayim Şəmkir rayonunun Keçili kəndində iki-üç yaşında vəfat edib.
– Zülfüqar subay olub. O azadlıqdan mərhum edilib, Kəvər həbsxanasında saxlanılıb. Həbsxanadan isə İkinci Dünya müharibəsinə göndərilib, döyüş zamanı itkin düşüb.
– Gülgəz Qarahüseynlilər nəslindən İvathüseynin oğlu Abbasəli ilə ailəli olub. Onların bir oğlu, bir qızı (Qələndər, Dilbər) dünyaya gəlib.
Orucun törəmələri:
– Muxuru Qədirlilər nəslindən Qədirin oğlu Məmməd ilə ailə qurub. Onların dörd oğlu, üç qızı (Qənifə, İsabalı, Qəribə, Mahmud, Bolu, Feyzulla, Şölə) olub.
– İpək Qocamanlılar nəslindən Kərbəlayi Camalın oğlu Böyükkişi ilə ailə qurub. Onların altı oğlu, iki qızı (Pakizə, Şikar, Hacı Yaqub, Gülnaz, Qərib, Ziyəddin, Zöhrab, Ziyafət) doğulub.
– Məhəmməd nişanlı olub. Böyük Vətən müharibəsinə gedib, döyüş zamanı itkin düşüb.
– Xasay iki dəfə ailə qurub. Öz əmisi Bayramın qızı Afayat ilə evliliyindən iki oğlu (Nizami, Nazim), Kəlbəcərli Süleymanın qızı Suqra ilə evliliyindən isə iki oğlu, altı qızı (Zöhrə, İradə, Mehriban, Nadir, Gülnarə, Minarə, Adil, Dilguşə) doğulub.
– Abuzəndə Böyük Qaraqoyunlu kəndindən Sarı oğlu Bəhram ilə ailə qurub. Onların üç oğlu, iki qızı (Novruz, Fəzayıl, Validə, Nuru, Zakirə) olub.
– Süzəndə iki dəfə ailə qurub. İlk həyat yoldaşı əmisi oğlu Mehvalı olub. Ondan bir qızı (Gülaya), ikinci həyat yoldaşı Araz Musalar nəslindən Əmirzadanın oğlu Novruzdan isə dörd oğlu, iki qızı (Firuddin, Suliddin, Aidə, Nailə, Rasim, İnqilab) doğulub.
– Eyvaz Babalar (Dumanlılar) nəslindən Şiraslanın qızı Heyva ilə evlənib, onların dörd oğlu, iki qızı (Oruc, Qənbər, Azər, Esmira, Samirə, Eşqin) olub.
– Şahbaz iki dəfə ailə qurub. Rus millətindən olan Raya ilə ilk evliliyindən üç oğlu, bir qızı (Tamara, Tofiq, Rafiq, İlqar), Humay Zülfüqar qızı ilə evliliyindən isə iki qızı (Vüsalə, Ülviyyə) doğulub.
Bayramın törəmələri:
– Afayatın həyat yoldaşı öz əmisi Orucun oğlu Xasay olub. Onların iki oğlu (Nizami, Nazim) olub.
– Nabatın həyat yoldaşı əmisi Mürsəlin nəvəsi Əkbər Elləz oğlu olub.
– Yaşar və Rövşən uşaq yaşlarında vəfat ediblər.
– Pürüzə Göyçənin Qanlı kəndində ərdə olub, övladları haqqında hələlik məlumat yoxdur.
Taharın törəmələri:
– Qoşun subay olub. Böyük Vətən müharibəsinə gedib, döyüş zamanı itkin düşüb.
– Mehvalı əmisi Orucun qızı Süzəndə ilə ailə qurub. Onların Gülaya adında bir qızı olub. Mehvalı ordudan tərxis olunduqdan sonra 1952-ci ildə Daşkənd kəndində xəstəlikdən vəfat edib.
– Sücayət Qara Hüseynlilər nəslindən Abbasəlinin oğlu İmaməli ilə ailə qurub. Onların Akif adlı bir oğlu olub.
– Səhraf subay olub. Onu 1950-ci illərdə Mingəçevirdə qatar vurub öldürüb.
– Qurban Qoşabulaq kəndindən olan Qasımın qızı Firəngiz ilə evlənib. Onların beş oğlu, iki qızı (Şahiddin, Ələddin, Kifayət, Nübar, Şahirə, Ziyafət, Ceyhun) olub. Qurbanın oğlu Ziyafət 1992-ci ildə Birinci Qarabağ müharibəsində şəhid olub, “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
– Fəridə Namazlılar nəslindən Rüstəm ilə ailə qurub. Onların dörd oğlu, üç qızı (Fərhad, Elminaz, Sevda, Mahirə, İbadət, İlham, Ülfət) olub.
Mürsəlin törəmələri:
– Elləz əmisi Tahar vaxtsız vəfat etdikdən sonra ağsaqqalların məsləhəti ilə onun dul qalmış arvadı Reyvə İsmayıl qızı ilə ailə qurub. Onların üç oğlu, bir qızı (Müşgünaz, Əkbər, Niftalı, Vaqif) olub. Elləz Böyük Vətən müharibəsinə gedib, döyüş zamanı biləkdən sol əlini itirib. Onun nəvəsi Rəsul Niftalı oğlu 1995-ci ildə Bakı metrosundakı güclü yanğın zamanı həlak olub.
– Tovuz Kərbəlayi Abbaslılar nəslindən Hüseynin oğlu Cahangir ilə ailə qurub. Onların bir oğlu, dörd qızı (İpək, Məleykə, Abdulla, Tamam, Yəmən) dünyaya gəlib.
– Yusif subay olub, xəstlənib ölüb.
– Röyzə iki dəfə ailə qurub. İlk dəfə Qoşabulaq kəndindən Qasım ilə evlənib. Onların Firəngiz adlı bir qızı doğulub. Qasım Böyük Vətən müharibəsinə gedib, döyüş zamanı itkin düşüb. Bundan sonra Röyzə Hacı Məhəmmədlilər nəslindən İsmayılın oğlu Həsən ilə ailə qurub. Onların iki qızı (Raya, Mariya) olub.
– Balaxanım Alçalı (Mollalı) kəndindən olan Məhəddin Fətxan oğlu ilə ailə qurub. Onların beş oğlu, üç qızı (Eyvaz, Şahbaz, Təhməz, Mərcan, Gülgəz, Şəfiqə, Çərkəz, Elçin) olub. Bərdə rayonunun İmirli kəndində yaşayırlar.
– Qumru Hacı Məhəmmədlilər nəslindən İsmayılın oğlu Həsən ilə ailə qurub. Onların dörd qızı (Sürayə, Səmayə, Bəsti, Zəminə) anadan olub.