Rahət olmadı dil, ey rahati-can, sən gedəli

Vikimənbə saytından
Rahət olmadı dil, ey rahati-can, sən gedəli
Müəllif: Hamidi


Rahət olmadı dil, ey rahati-can, sən gedəli,
Qönçəvəş könlümə dar oldu cahan, sən gedəli.

Sünbülü-zülfün ilə gül qüzünü yad edərəm
Gecə-gündüz qılaram ahü-fəğan, sən gedəli.

Görəli ləl kimi ləblərini mərdumi-çeşm,
Axıdır dərdilə su yerinə qan, sən gedəli.

Abi-çeşmimdə xəyali-qədri-siminbərini,
İstərəm dəmbədəm ey sərvü rəvan, sən gedəli.

Dəhənin şövqi ilə Hamidiyi-süxtənin,
Getdi səbri-dilü can oldu rəvan, sən gedəli.