Məzmuna keç

Rahib və məbəd xidmətçisi

Vikimənbə saytından
Rahib və məbəd xidmətçisi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Titos kəndinin məbədində xəsis və tamahkar bir rahib vardı. O, heç vaxt xidmətçisinə şirin şeylərdən dadmağa verməzdi, hamısını özü yeyərdi. Xidmətçinin isə şirin şeylərdən çox xoşu gəlirdi. Bir dəfə rahib üçün ətirli təzə bal gətirdilər. O, balı küpə töküb xəlvət bir yerə qoydu. Xidmətçiyə isə heç dadmağa da vermədi. Elə oldu ki, rahib bütün günü harasa getməli oldu. O, xidmətçiyə dedi:

– Bax, ehtiyatlı ol: içində zəhər olan küp buradadır. O, üzdən bala oxşayır, ancaq əslində belə deyil. Dilini bu zəhərə vuran kimi ölərsən.

Rahib çıxıb gedəndən sonra xidmətçi küpü götürüb balın hamısını yedi. Küpün içi boşalanda onun ürəyinə qorxu düşdü və fikirləşməyə başladı ki, necə eləsin rahibi aldatsın. Fikirləşdi, fikirləşdi, axırda tapdı.

O, rahibin ən çox istədiyi fincanı götürüb sındırdı, sınıqlarını otağın ortasına atdı, özü də yerinə girib yorğanı üstünə çəkdi, rahibin gəlməyini gözləməyə başladı.

Rahib axşamdan xeyli keçmiş qayıdıb gəldi. Otaq qaranlıq idi. Rahib hirslə qışqırdı:

– Ey, hardasan? Nə üçün fanarı yandırmamısan?

Xidmətçi isə yorğanın altından zarıldadı:

– Günahımdan keçin, rahib ata! Mən ölürəm! İndi mənim canım çıxar. Tez dua oxuyun!

Rahib qorxmuş halda soruşdu:

– Xidmətçi, sənə nə olub?

– Rahib ata, sizin qarşınızda çox günahkaram. Bu gün mən döşəmənin üstündə oturub sizin sevimli fincanınızı yuyurdum. Birdən pişik qaçıb əlimə toxundu, mən fincanı yerə salıb sındırdım. Bundan sonra mən daha nə üçün yaşayırdım, ölməli idim, odur ki, zəhəri götürüb hamısını yedim. Ah, indi zəhər bütün damarlarıma yayılır! Ah mənim halım xarabdır! Tez dua oxuyun, rahib ata! Xidmətçi, daha da bərkdən zarıdı.

Rahib başa düşdü ki, xidmətçi onu aldadır, ancaq bir söz demədi. Beləliklə o balsız qaldı.

Bir gün rahib yenə də evdə yox idi. Xidmətçi qapının yanında əyləşib mürgüləyirdi. Birdən kimsə qapını döydü. Xidmətçi qapını açdı, əlində bağlama olan qonşu qadını gördü.

– Bu gün bayramdır, bunu rahib ataya verərsiniz, – deyə qonşu qadın bağlamanı xidmətçiyə verdi.

Qadın gedən kimi, xidmətçi bağlamanı iylədi: bağlamadan isti, yağlı çörək iyi gəlirdi.

“Mən bağlamanı tamahkar rahibə verəcəyəm, heç bilməyəcəyəm ki, bağlamanın içində nə vardı, – deyə xidmətçi öz-özünə düşündü. – İndi açıb baxmaq lazımdır”.

Bağlamanı açdı. Onun içində isti yağlı fəsəlilər olan səbət vardı. Xidmətçi ehtiyatla fəsəlilərin birini götürüb yedi, sonra birini də götürüb yedi. Üçüncüsünü də... belə-belə fəsəlilərin hamısını yedi. Bir də baxıb gördü ki, səbətdə bir dənə də fəsəli qalmayıb, əllərilə başından yapışıb:

– Vay mənim halıma! İndi mən neyləyəcəyəm?

O, düşündü, düşündü, axırda fikirləşib bir şey tapdı: səbəti yaylığa bağladı, götürüb məbədə apardı.

Məbəddə bağlamanı, Amidanın heykəlinin ayağı altına qoydu, fəsəlinin qalan qırıntılarından heykəlin ağzına yapışdırdı. Evə gəlib əvvəlki yerində oturdu və heç nə olmayıbmış kimi arxayınlıqla gözləməyə başladı.

Çox keçmədən rahib qayıdıb gəldi. O içəri girən kimi xidmətçidən soruşdu:

– Mən burada olmayanda gələn olmayıb?

– Qonşu arvad gəlmişdi. O, rahib ata üçün bayrama bir bağlama gətirmişdi.

– Bəs bağlama hanı?

– Mən onu məbədə aparıb Amidanın ayaqları altına qoymuşam.

– A, bunu sən lap yaxşı eləmisən! Gedim bir baxım.

Rahib məbədə getdi. Gördü ki, doğrudan da Amidanın ayaqları altında bir bağlama qoyulub. Tez bağlamanı açıb zənbili götürdü, gördü ki, içi bomboşdur, ancaq dibində çörək qırıntıları var.

– Ey, xidmətçi, bunu sən yemisən? – deyə rahib hirslə qışqırdı.

Xidmətçi qaça-qaça gəlib boş zənbilin içinə baxdı və özünü elə göstərdi ki, bu işə lap mat qalıb:

– Lap möcüzədir! Heç vaxt inanmazdım! – deyib Amidanı göstərdi. – Rahib ata, bir baxın: görünür Amida elə bilib ki, bağlama onun üçün gətirilib, ona görə də hamısını yeyib. Görürsüz, qırıntıları onun dodaqlarında qalıb.

Rahib də heykələ baxıb hirsləndi:

– Mənim fəsəlilərimi sən yemisən? Ay ürəyi qəlp büt!

O, hirslə əl ağacını qaldırıb mis heykəlin başına çırpdı. Heykəl cingildədi: bo-o-on... bo-on-o-on... Rahibə elə gəldi ki, heykəl deyir: “Odur, odur”.

Rahib yenə də xidmətçinin üstünə düşdü:

– Görürsən, Amida deyir: “Odur, odur”! Demək onları sən yemisən! Nə üçün boynuna almırsan?

Xidmətçi çiyinlərini çəkdi:

– A, elə sizə o saat da durub dedi ki, mən emişəm! Onu gərək lazımınca qorxudasan. Dayanın, mən onu danışmağa məcbur edərəm!

Xidmətçi qaçıb çayniki gətirdi və qaynar suyu Amidanın başına tökməyə başladı, tökə-tökə də belə deyirdi:

– Hə, deyin görək mən düz demişəmmi? Bu iş olub, ya yox?

Su heykəlin başından axıb döşəməyə tökülərək tappıldayırdı: bul-bul-bul...

– Bax görürsünüz, rahib ata, – deyə xidmətçi sözə başladı, – o özü təsdiq edir ki, olub, olub, olub.

Rahib başını tərpətdi və gedib ac-acına yerinə girməli oldu.

Bu cür də əhvalat olmuşdu: bərk yağış idi, rahib harasa getmişdi; xidmətçi evdə tək qalmışdı. Birdən qapını bir kəndli döydü. O, yolda bərk yağışa düşüb islanıb; kəndli xidmətçidən xahiş elədi ki, ona bir çətir versin, çünki uzağa getməlidir. Xidmətçi indicə şəhərdən alınmış təzə bir çətir gətirdi. Kəndli ona təşəkkür edib getdi.

Axşam rahib qayıdıb evə gəldi, həmişəki kimi soruşdu ki, o, evdə olmayanda gələn olubmu?

– Bir kəndli gəlmişdi, məndən çətir borc istədi.

– Sən də verdin?

– Bəli, mən ona sizin çətirinizi verdim.

– Sən nə üçün belə iş tutubsan? – deyə tamahkar rahib hirsləndi. – Gərək verməyə idin.

– Mən belə şiddətli yağışda çətiri necə verməyə bilərdim?!

– Sən sadəcə olaraq deyəydin ki, çətir sınıb! Guya dünən günün altında çox qalıb, qabırğaları quruyub, yuxarısı qırılıb, ona görə onu anbara atmışıq.

– Gələn dəfə belə deyərəm! – deyə xidmətçi cavab verdi.

Bir neçə gündən sonra başqa bir kəndli gəlib, xahiş eləməyə başladı. Rahib bu vaxt məbəddə idi, xidmətçi isə həyətdə iş görürdü. Ona görə də kəndli birbaş xidmətçiyə müraciət etdi:

– Bu gün hava yaxşıdır. Qızımın yanına getməliyəm, atım da bu yandan naxoşlayıb. Görəsən rahib bir günlüyə atını mənə verərmi?

– Yox-yox! – deyə xidmətçi cavab verdi, – verməz. Dünən onun atı günün altında çox qalıb, qabırğaları quruyub, qayışı qırılıb, ona görə də onu anbara atmışıq.

Kəndli təəccübləndi, başını buladı, çıxıb getdi.

Rahib isə məbəddə oturub, bütün bu danışıqları eşidirdi. Kəndli çıxıb gedən kimi həyətə çıxıb xidmətçini danlamağa başladı:

– Sən nə axmaq sözlər danışırdın? Gərək deyəydin ki, guya at dünən bəng otu yeyib toxluq edib, bütün günü dəli kimi orabura çapıb ayaqları lap şil-küt olub. İndi tövlədə təpik atır.

Xidmətçi dedi:

– Yaxşı! Gələn dəfə belə deyərəm.

Bir neçə gündən sonra kənddə bir dövlətli ölür. Mərhumun qohumları rahibi çağırmağa gəlirlər, onlar xidmətçini həyətdə görüb deyirlər:

– Evimizdə cənazə var. Rahib bizə gəlib ölü duasını oxuyarmı?

– Yox, gələ bilməz, – deyə xidmətçi cavab verdi. – Rahib dünən bəng otu çox yeyib, toxluq edib, bütün günü dəli kimi orabura qaçıb, ayaqları lap şil-kut olub, indi də tövlədə təpik atır.

– Yox, belə rahib bizə lazım deyil! – deyə mərhumun qohumları cavab verib çıxıb getdilər.