Redaksiyaya məktub

Vikimənbə saytından
Redaksiyaya məktub (1912)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


C. Redaktor! Xahiş edirәm qәzetinizin yaxın nömrәlәrindәn birindә mәnim bu mәktubuma yer verәsiniz.
 
Martın 10-da mәn mәrhum Qabriel Sundukyansdan aşağıdakı mәzmunda bir mәktub almışam: "Hörmәtli cәnab Firidunbәy! İcazә verin sizi bir xahişimlә narahat edim: Zәhmәt çәkib mәnә xәbәr verin görüm, şair Mirzә Şәfi haqqında sizә bir şey mәlumdurmu? Onun poeziyasından çap olunmuş kitablar varmı? Varsa o kitabları haradan tapmaq olar? Bu mәlumatı Parisdәn professor Makler tәkidlә istәyir. Ümidvaram ki, mәnim bu xahişim yerinә yetirilәcәkdir vә mәn dә Sizә dәrindәn minnәtdar olacağam. Sizә hәqiqi hörmәt bәslәyәn vә minnәtdar olan bәndeyi-hәqiriniz Qabriel Sundukyans".
 
Mәn ermәni dramaturqunun istedadının böyük pәrәstişkarı kimi onun xahişini yerinә yetirmәyi özüm üçün müqәddәs vәzifә hesab edirәm vә ona görә dә Şәrq filosofu vә şair Mirzә Şәfi haqqında onun istәdiyi mәlumatı dәrhal toplamağa başladım. Mәn bu fikirdә idim ki, topladığım materialı şәxsәn mәrhum Sundukyansa tәqdim edim vә bu yol ilә dә onunla tanış olum. Lakin amansız ölüm qәflәtәn onu alıb apardı vә mәni dә onunla tanış olmaq xoşbәxtliyindәn mәhrum etdi.
 
Mәrhum Sundukyans bizim cәmiyyәtin müxtәlif tәrәflәrini vә hadisәlәrini düzgün vә bacarıqla müşahidә edәn bir müәllif kimi bir çox cәhәtdәn müsәlmanlarda dramaturgiya sәnәtinin banisi Mirzә Fәtәli Axundovu xatırladır. Onların istedadları arasında ümumi cәhәtlәr çoxdur. Bu da bizi bir-birimizә yaxınlaşdırır vә bir-birimizi ümumi mәhәbbәtlә isindirir. Onun "Axşam sәbri xeyir olar" әsәri müsәlman hәyatından düzgün seçilmiş bir әhvalatdır vә S.M.Qәniyev onu Azәrbaycan dilinә bacarıqla tәrcümә etmişdir. Bu böyük dramaturqun vә humanist vәtәndaşın ölümü yalnız ermәnilәr üçün deyil, habelә Qafqazda yaşayan digәr millәtlәr üçün dә әvәzolunmaz bir itkidir. Allah ona rәhmәt elәsin. Bu böyük dәrddә onun ailәsinә, dostlarına vә xalqına sәbr versin.