Reyhan xanımla deyişmə (II)
Reyhan xanımla deyişmə (II) Müəllif: Şair Məhəmməd |
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 71-72 |
Reyhan xanım
Əcəb düşdü mənim cəngi-şirimə,
Əcəl səni bu meydana gətirib.
Ya iqbalın yatıb, ya baxtın dönüm,
Boyamağa əlvan qana gətirib.
Məhəmməd
Küsmürəm baxtımdan, nə iqbalımdan,
Sərraf olub, gövhərkana gətirib.
Laçın kimi dövr eləyib havada,
Şikar üçün Çələbyana gətirib.
Reyhan xanım
Sağlıqdan ümidin sən kəs, biçarə,
Bir dərdə düşübsən, tapılmaz çara;
Yandırram ataşa, çəkdirrəm dara,
Ya saldırram bərk zindana gətirib.
Məhəmməd
El hərbələrdən qorxmaram daha,
Olsa sənin kimi neçə müddəha.
Taleyim nəhəngdir, təbim əjdaha,
Yetirməyə səni cana gətirib.
Reyhan xanım
Elə vəsiyyətin varkən məcəlin,
Sonra bir tərəfə yetişməz əlin.
Reyhan xanım söylər, gəlib əcəlin,
Heabla gününü sana gətirib.
Məhəmməd
Mana hərbə gəlmə, şuxi-dərdmənd,
Ağzı şəkəristan, dil-dodağı qənd.
Axırda döndərər, bil ki, Məhəmməd
Baharını zimistana, gətirib.