Məzmuna keç

Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün

Vikimənbə saytından
Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün
Müəllif: Xurşidbanu Natəvan
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün,
Gəlsə, düşər bu dəştidə dərdü bəlayə, gəlməsün.

Söyləginən gətirməsün Kufəyə nazlı Əkbəri,
Zülm ilə qanına batar türreyi-müşki-ənbəri.
Bəlkə Firəngətək apar cümleyi-ali-heydəri,
Zibhi-əzim üçün bu gün kuhi-Minayə gəlməsün.

Söylə gətirmə Qasimi, qatili eyləyir şitab,
Toyda olur yəqin onun qanına əlləri xizab.
Görmə rəva ki, Şümri-dun din evin eyləsin xərab,
Rəhm eyləsün o Zeynəbi-bəxti-qərayə, gəlməsün.

Gəlməyə yoxdu fürsətim, qan ilə namə yazmışam,
Öldürəcəkdi Müslümü Kufədə firqəyi-zülam.
Əbəlfəzin uzun qolu görmə rəva ola qələm,
Bacıların ayaqyalın, dəşti-bəlayə gəlməsün.

Yetsə əgər xəbər sənə öldü bu Müslimi-əqil,
İbni-Ziyad nəşimi gərçi edibdü çox zəlil,
Qüslü hənut olmadı, oldu qənarədə qətil,
İstəmirəm, əyalını qoyma, əzayə gəlməsün.

Badi-xəzan əsər sənin qönçəsifət əyalına,
Rəhm eylə, yavərim Hüseyn, Qasimi-xoşməqalına.
Canı təsəddüq eylədim Əkbərimin, cəmalına,
Sağ ola ol imam Hüseyn, qəm üsərayə gəlməsün.

Söylə əmoğluma məni-bikəsi eyləsin həlal,
Ərzimi birbəbir elə, Ali-əbayə şəhri-hal.
İki açılmış gülüm Kufədə zari-dilməlal,
Qaldılar Əkbər ilə ol Qasim, hərayə gəlməsün.

Həsrətəm ol cəmalına, ah çəkirəm bu sinədən,
Kufədə vardu qatilin, gəlmə həzin Mədinədən,
Qoyma yetim Xədicəni ayrı ola Səkinədən,
Başına əl çək, ağlayıb şuri-nəvayə gəlməsün.

Söylə onun anasına başına qarə bağlasın,
İki baladən ayrılıb, kövni-məkanı dağlasın,
Tutsa əza, Xədicədən söylə ki, gizli ağlasın,
Bəlkə yetimliyin tozu mahu-liqayə gəlməsün.

Fatimənin kənizi, bu qissəni eylə kim, tamam,
Bir-birə dəydi mərdü zən, şurə gəlibdü xasüam.
Növhə edər bu Natəvan, ruzü şəb ağlayar müdam,
Tapmasa bir dəri-nicat, dari-bəqayə gəlməsün.