Söz, canlı bir inci mirvari tək min gözəl candır
Söz, canlı bir inci mirvari tək min gözəl candır! (1997) Müəllif: RAUF CAVAD |
Söz, canlı bir inci mirvari tək min gözəl candır!
Gəl, sözü eyləmə zay, söz bədəndə özəl candır!
Canı bəxş edib Yaradan füsunkar bir söz ilə
Oxu sözü bəh-bəh ilə gör ki, bu qəzəl candır!
Qurulur cümlə, verir söz can, şeirə, qəzələ,
Ol yaxşı-düz sözə talib, ləzzət al dincəl, candır!
Diqqət et dil-ağızdan çıxan hər bir cümlə sözə,
Dildən qopan söz həm can həm həyacan, dəcəl candır!
İncitmə qəlbi acı sözlə, qınama kimsəni,
Zaman göstərir ki, gizlənən sözdə əcəl, candır!
İzləyir hamını xəlvət ölüm, yox canda dözüm,
O gün, cavab verən sözünə görə bədəl, candır!
Dalğa kimi yayılır söz cahana, hopur cana,
Axır damara, söz qan olur ki, bu əzəl candır!
Eşq dildə möcüzə, sehirli kəlmə, içdən gəlmə,
Könülə payız düşəndə söz olur xəzəl, candır!
Gərək Sahib ola hər kəs verdiyi öz sözünə,
Çıxmaya sözdən kənara, çünki söz, əməl, candır!
Ayağ açır yeriyir, gəzir bütün aləmi söz,
Gəzib-dolanır ruh-bədəni qoyur təməl, candır!
Yazıb yaradıb şairlər, Əhməd, Müşfiq kimilər,
Qılıncdan itidir sözü, şeiri rəməl, candır!
Aşiqdir Məcnunun sözünə Leyli, budur sirri,
Gəl kəşf eylə Raufun sözünü, Həqqə gəl, candır!
...Müəllif:Rauf Cavad