Məzmuna keç

Söz oldu

Vikimənbə saytından
Söz oldu
Müəllif: Aşıq Alı

Fələk mənə cövr eylədi dünyada,
Yaxşı günüm yaman gündən az oldu.
Bəydən nəmər aldım, ağadan ənam,
Müxtəsəri, qazandığım bez oldu.

Mən xabı-qəflətdə yatıb qalmadım,
Nakəs adamlarla ülfət qılmadım,
Mülkə, mala zərrə tamah salmadım,
Çox gördüm zər-ziba bir gün toz oldu.

Cavanlığım qeybə çıxdı əlimdən,
Həlqə, oldu gündən günə belimdən,
Yaxın-uzaq incimədi dilimdən,
Şükür Haqqu əmməllərim düz oldu.

Bir mürgü tək leyü nahar hey uçdum,
Bilənlərdən bilmədiyim soruşdum,
Müxənnətnən, bimürvətnən vuruşdum,
Nakəslərin dərdi artıb yüz oldu.

Gəlib gedir yaxşılar da yaman da,
Qu tükündə, saman üstə yatanda,
Aşıq Alı, nə qazandın cahanda?
Səndən qalan qatar-qatar söz oldu.