Məzmuna keç

Sübhün çağı bir hikmətə tuş oldum

Vikimənbə saytından
Sübhün çağı bir hikmətə tuş oldum
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Sübhün çağı bir hikmətə tuş oldum,
Desəm inanmazlar, sirri-sübhandı.
Yeddi qat qaladı, daşsız, kərpicsiz,
O qalada bir əjdaha pünhandı.

Nə qədər baxıram, yoxdu gözləri,
İki buynuzu var, bəhri-şeşpəri.
Nə əl-ayağı var, nə balü pəri,
Seyr eləyir, nə gərdişi-dövrandı?!

Nə zaman ki, sərin çıxardır dərdən,
Yeddi qat qalanı tərpədir yerdən.
Qaldım aciz, zəlil, heyran, sərgərdən,
Bilmədim çinidi, ya üstüxandı?

Dindirrəm, dillənmir, yoxdu zəbanı,
Ona tərtib verib kərəmin kanı.
Özü dincdi, heç incitmir insanı,
Heyif, ismi doğrulara düşmandı.

Səhərdən-səhərə edir seyranı,
Götürür qalanı, gəzir hər yanı.
Aşıq Ələsgər deyər, bu müəmmanı
Hər kəs tapsa, canım ona qurbandı.