Məzmuna keç

Sübh çəkmiş çərxə, çalmış daşə tiğin afitab

Vikimənbə saytından
Sübh çəkmiş çərxə, çalmış daşə tiğin afitab
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.62.

Sübh çəkmiş çərxə, çalmış daşə tiğin afitab,
Zahir etmiş ol məhi-dəllakə eyni-intisab.

Dəmbədəm təhriki-tiğindən bulur başlar səfa,
Öylə kim, su mövc urub zahir qılır hər dəm hübab.

Hər səri-muyimdə bir baş olsa muyi-sər kimi,
Kəssə varın, tiği-xunrizindən etmən ictinab.

Kəşfi-əsrari-məlamət cövhəri-tiğindədir
Kim, alır başlardakı sevda cəmalından niqab.

Qüssəsindən başımın qıl kimi incəlmiş tənim
Kim, tənimlə tiği ortasında başimdir hicab.

Tiği-çapük seyrinə ahuyi-Çin dersəm nola,
Seyr qıldıqca tökər səhrayi-Çinə mişki-nab.

Muyi-jülidəmlə tiğindən ümidim kəsməzəm,
Ey Füzuli, xali olmaz bərqi-lame’dən səhab!