Məzmuna keç

Sübh salıb mah rüxündən niqab

Vikimənbə saytından
Sübh salıb mah rüxündən niqab
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.63.

Sübh salıb mah rüxündən niqab,
Çıx ki, təmaşayə çıxa afitab!

Rişteyi-canım yetər et bir gireh,
Salma səri-zülfi-səmənsayə tab.

Məst çıxıb, salma nəzər hər yana,
Görmə rəva kim, ola aləm xərab.

Kəsmə nəzər canibi-üşşaqdən,
Naleyi-dilsuzdan et ictinab.

Şamlər əncüm sayıram sübhədək,
Ey şəbi-hicrin mənə ruzi-hesab.

Duzəxə girməz sitəmindən yanan,
Qabili-cənnət degil əhli-əzab.

Saldı ayaqdan qəmi-aləm məni,
Ver mənə qəm dəf’inə, saqi, şərab!

Rəhm qıl üftadələrin halinə,
Hiç gərəkməzmi sənə bir səvab?

Yar sual etsə ki, halın nədir,
Xəstə Füzuli, nə verərsən cəvab?