Südəmən
Südəmən Müəllif: Şifahi xalq ədəbiyyatı |
Biri varıdı, biri yoxudu, Allahdan başqa heç nə yoxdu. Bir böyük
sövdəgar varıdı. Bının da bir qızı varıdı. Bı qız bir gün qızdarnan çıxmışdı
siyahata. Bir dağda gəzirdilər. Bir vədə gördülər ki, bir ayı çıxdı,
isdədilər qaçsınlar, qorxudan qaça bilmədilər. Bı ayı gəldi, qızdarın
içinnən sövdəgarın qızın götürdü. “Ya Əli, mədət” – deyib apardı saldı
bir kahıya, ağzına da bir iri daş döndərdi.
Bir ilin müddət bı qızı bırda saxladı. Bı ayıdan qızın boyuna bir uşax düşdü. Ay ötdü, il dolandı, gəldi bının bir oğlu oldu. Bının adın qoydu “Südəmən”. Bu uşax yekəldi, bir yaşınnan iki yaşına, ikidən üçə, belə-belə gəldi çatdı yeddi yaşına. Bı qız da çox savaddıydı. Bı oğlana da dərs verip örgətdi. Anası gördü bı uşax elə zehinnidi ki, nə hərif deyir o saat onu götürür. Bı uşax gəldi çatdı on iki yaşına çox fərəsətti, qanacaxlı, başarıxlı uşax oldu. Bir gün Südəmən anasına dedi:
– Ana, sən də insan, mən də, bəs bı ayı nədi?
Anası dedi:
– Bala, mən Heydarabad şəhərində Həsən sövdəgarın qızıydım. Atam da qırx sövdəgarın böyüküydü. Bir gün qızdarınan siyahata çıxmışdım. Ayı məni ordan götürdü, gətirdi bıra, özünə arvad qayırdı. Onnan da gəldi, sən oldun.
Südəmən dedi:
– Ana, indi gedərsənmi, səni aparım atayın vilayətinə?
Anası dedi:
– Ay bala, o daşı ki, ora döndərip, onu nətər qalxızmax olar? Ayı da gələr, bizi öldürər.
Südəmən dedi:
– Ana, heç fikir eləmə, heç nədən qorxum yoxdu.
Dedi:
– Bala, di dur gedək, o daşı nətər qalxızax?
Südəmən dedi:
– Onnan sənin işin yoxdu, o mənim işimdi.
Südəmən durdu daşa bir təpik vırdı, daş yumalandı. Bı on iki, on üç ilin ərzində ki, bı arvad kahada qalmışdı, bir yerə çıxmamışdı, ta yeriyə bilmirdi. Dedi:
– Bala, axı mən yeriyə bilmirəm, qılçalarım ağrıyır.
Südəmən dedi:
– Ana, fikir eləmə.
Anasın aldı dalına, gəldilər. O günü axşamatan çıxdılar o dağın başına ki, ayı ordan bını aparmışdı. Gördü bir şəhər görükür. Südəmən dedi:
– Ana, bı şəhər nə şəhəridi?
Anası dedi:
– Bala, o şəhər Heydərabad şəhəridi ki, atam orda olur.
Bırdan anasın da aldı dalına, gətirdi dədəsinin şəhərinə, gəldilər əvə. Dədəsi, qızın görəndə çox şad oldu, gətirdilər qurban, niyaz kəsdilər, payladılar. Yedilər, işdilər, yaxşı hürmət-izzət elədilər qıza. Bir gün atası qızdan soruşdu ki, bala bı kimdi? Qız başına gələni atasına nağıl elədi, dedi:
– Bı da, həmən oğlumdu.
Atası dedi:
– Adı nədi?
Qız dedi:
– Adı Südəməndi.
Dedi:
– Bala, heç bir şey bilir, oxuyub?
Qız dedi:
– Bəli, savaddıdır.
Kişi bını genə apardı qoydu məktəbə. Bı məktəbdə oxudu. Hər kəsinən dalaşırdı, bir yumrux vırırdı, ölürdü. Gəldilər bı Südəmənnən şikayətçi oldular. Dedilər:
– Gedip paçcaha sənnən şikayət eliyəcəyik. Taa belə iş olmaz ki, sən eliyirsən, ta məktəbdə uşax qalmadı, hamısın sən öldürdün.
Paçcaha camahat bı Südəmənnən hər gün şikayət eliyirdi. Bir gün atası qıza dedi:
– Bala, axı belə şey olmaz. Camahat hamısı mənim üzümə gəlir. Bına öyüd, nəsihət ver.
Südəmən məktəbdən gələndə anası dedi:
– Bala, belə şey olmaz, camahat hamısı sənin üsdündə babanı dannıyır.
Südəmən dedi:
– Ana, bilirsən nə var? Mən isdəmirəm, babamın üzünə söz gələ. Maa birəz ayın-oyun ver, mən gedim bir başqa yerdə olum. Heç babamın üzünə də söz gəlməsin.
Anası dedi:
– Bala, hara gedirsən?
Dedi:
– Hara olsa, olsun.
Anası gətirdi bının heybəsinə çörəkdən, qənddən, ayın-oyın nə lazımıdı qoydu. Südəmən anasıynan, babasıynan, qohum-aqrabasıynan halal-himmət eliyib yola düşdü. Ağzın çevirdi bir bərri-biyabanınan getdi.O qədər ki gəldi, çıxdı bir yola, otdu bırda, xeylax dincəldi. Gördü iki də adam gəlir. Bınlar da gəldilər salam məleyküm, əleykəssalam, oturdular dincəldilər, düşdülər yola. Üçü də yolda biri-birinnən soruşdular:
– Bəli, hara gedirsiniz?
Dedilər:
– Gedirik, qəribə şəhərlərdə işdəməyə.
Südəmən dedi:
– Qardaşdar, biz oldux yoldaş, qardaşıx, xeyr ha xeyr, şər ha şər. Oldular qardaş, gəldilər bir şəhərə, baxdılar gördülər bir yerinnən yazılıp ki, hər kəs bı şəhərə gəlsə, gərək bı hörküdən bir ip hörsün. Gördülər, bının böyründə də bir qalaça var. Girdilər bı qalaçıya, gördülər bırda hər şey var, yağ, düyü, kişmiş. Gəldilər ikisi hörgü hörməyə. Südəmən birinə dedi:
– Sən get xörək qayır.
Bı gəldi düyünü artdadı, xörəyi bişirdi, dəmə vırdı. Bir vədə gördü, qapı açıldı, bir kişi girdi. Özü bir qarış, saqqalı iki qarış, saqqalın da boynuna doluyub.
Dedi:
– Bir kəpgir o xörəyinnən mənə ver.
Bu götürdü xörəkdən bir kəfgir qoydu bir boşqaba, qoydu bının qabağına, onı yedi, dedi:
– Bir kəpgir də ver.
Bı dedi:
– Sənnən də başqa adam var axı!
Özü bir qarış, saqqalı iki qarış bına bir şapalax vırdı. Bı o saat yıxıldı, yıxılan kimi saqqalınnan bir tük çəkdi bının əlin-əyağın o tükünən möhkəm sarıdı. Yıxdı bir tərəfə. Xörəyi çəkdi qabağına, başdadı yeməyə. Təmiz yedi, durdu çıxdı getdi. Bı da çabaladı boyana-oyana, axırı bir təhərinən əlin açdı, əyağın da açdı. Durdu tələm-təlhdili bir xörək qayırdı, genə dəmə vırdı ta axşam çağıdı. Gəldilər üçü də yığışdılar bı xörəyi çəhdilər yedilər. Gördülər içi daşdı, kəsəkdi. Elə bil heç bı düyü artdanmıyıp. Yedilər, içdilər, yatdılar.
Səhər açıldı bılların ikisi genə getdi hörgü hörməyə. İndi də o biri qaldı əvdə. Bı da hər şeyi hazırradı, xörəyi bişirdi dəmə vırdı, gördü qapı açıldı, içəri bir adam girdi – özü bir qarış, saqqalı iki qarışdı. Saqqalın da doluyub boynuna.
Dedi:
– Bir kəfgir o xörəkdən maa ver!
Bı da bir qab gətirdi, bınnan bir şapalax qoydu verdi, bını da yedi.
Dedi:
– Bir kəfgir də ver.
Bı da dedi:
– Zalım oğlu, zalım, bizinən şərik deyilsən ha? Axı sənnən də başqa adam var.
Özü bir qarış, saqqalı iki qarış o saat bına bir şapalax vurdu, bı yıxıldı. Saqqalınnan bir tük çəkdi, bının əlin də, əyağın da möhkəm bı tükünən sarıdı. Yıxdı bir tərəfə. Başdadı xörəyi qabağına qoyub yeməyə. Yedi, təmiz qutardı, çıxıb getdi.
Bı da o yana, bu yana partdadı. Əlin aşdı, onnan da əyağın da aşdı durdu. Başdadı genə təzədən xörək qayırmağa. Xörəyi hazırladı dəmə vırdı, axşam üçü də yığışdılar xörəyi yedilər gördülər bı xörək də onun kimidi.
Bı ikisinin sirri bir oldu. Südəmən bilmədi. Gecə yatdılar, bəli, səhər açıldı, nöbət gəldi Südəmənə. Südəmən gətirdi düyü artdadı. Bir qazan xörək qayırdı, dəmə vırdı. Gördü qapı açıldı, içəri bir adam girdi – özü bir qarış, saqqalı iki qarışdı. Gəldi Südəmənə dedi:
– O xörəkdən bir kəfgir ver maa.
Baxdı gördü saqqalını boynuna doluyup. Özü-özünə dedi ki, hə, bılların başına oyun gətirən budu. Dedi:
– Gözün çıxa, bir düyü də vermərəm.
İstədi ki, bı Südəməni vırsın, Südəmən əl atdı bının saqqalınnan tutdu. Bını vırdı yerə, başdadı bının başın kəsdi, baş bir tərəfə yumalandı düşdü quyuya, bədən də başqa quyuya. Südəmən gördü baş deyir ki, gözəl isdiyən maa sarı gəlsin, bədən deyir, xəznə isdiyən maa sarı gəlsin.
Gəldilər yoldaşdarı axşam cəmləşdilər, xörəyi çəkdilər yedilər. Gördülər bı çox yaxşı, ləzətdi xörəkdi. Yatdılar. Səhər açıldı Südəmən dedi:
– Qardaşdar, bilirsiniz nə var? Sizin başınıza oyun gətirən, özü bir qarış, saqqalı iki qarışı öldürmüşəm. Başı diyirənip o quyuya düşüp, leş də bı biri quyuya. Baş dedi ki, gözəl isdiyən maa sarı gəlsin; leş dedi ki, xəznə isdiyən, maa sarı gəlsin. Qardaşdar, gəlin, indi məni sallıyın gözəl olan quyuya.
Bını salladılar quyuya. Getdi gördü, bir neçə qızdı, bı başı alıplar qucaxlarına, ağlıyırlar. Bı qızdar o qızdardı ki, Allah-tala xoş gündə, xoş satda yaradıp. Bı qızdar dedilər, bı bizim babamızdı, o otaxda nə var hamısı bınındı. Orda hər kəs ki xörəy qayırardı heylə eliyərdi. İndi sən bını öldürdün. Sənin adın nədi?
Dedi:
– Mənim adıma Südəmən deyərlər.
Qızdar dedilər:
– Ay Südəmən, əziyyət çəkmisən, əziyyət də çəkəcəksən. Onnar bizi görsələr, səni quyuda qoyacaxlar, onda sən bir ağ qoçunan bir qara qoç gəlip bırda həlləşəcək. Onda elə atılıp mindin ağ qoçun belinə, işıxlı dünyaya çıxardacax, elə ki, qara qoçun belinə düşdün, səni elə vıracax yerə ki, yeddi qat yerin altına gedəcəksən, çıxacaxsan qarannıx dünyaya.
Südəmən qızdarı quyudan sandığa qoydu ağzın bağladı. Gətirdi dedi:
– Çəkin bılları!
Çəkdilər, çöldə sandığı aşdılar, gördülər iki qızdı ki, yemə-işmə, bılların xəddi-xalına, gül camalına tamaşa elə. Bıllar dedilər ta Südəmən quyuda qalası oldu, elə adama biridi. Qızdarı götürdülər, ya Əli mədəd, getdilər kəndiri də qırdılar.
Südəmən qaldı quyuda. Oturup fikir eliyirdi ki, bı nə işdi mənim başıma gəldi. Gördü bıdı iki qoçdu gəlir, biri ağ, biri qara. Gəldilər, başdadılar həlləşməyə. Atıldı ki, ağ qoçun belinə düşsün, düşdü qara qoçun belinə. Qoç bını elə vırdı ki, yerə, yeddi tabağa yerin altına getdi, çıxdı qarannıx dünyaya. Gördü, bir qarannıx vilayətdi. Yavaşyavaş Allaha pənah deyip, gəldi bir qarının əvinə. Bir gün, iki gün bı qarının əvində qaldı. Günnərin bir günü bı susadı.
Dedi:
– Qarı nənə, maa birəz su ver.
Qarı ayıp olmasın, çıxdı çölə bir qaba pəşav elədi, gətirdi verdi bına. Südəmən aldı isdədi içsin, gördü pəşav iyi gəlir. İçmədi, tulladı. Dedi:
– Qarı nənə, bı nədi?
Qarı dedi:
– Bala, Allahdan gizdin deyil, bəndədən nə gizdin. Bir əjdəha peydah olup yıxılıp bizim kəhrizin ağzına, su onun qarnına gedir. Gündə bir adamınan bir nimçə aş gedir, bir gün su buraxır bizə.
Südəmən dedi:
– Qarı nənə, oranın yolu hardandı?
Dedi:
– Bala, elə buraynan get, qabağına çıxacax.
Südəmən əlinə qılıncın alır, yola düşür. Onda yetirdi, gördü bir qızdı əlində də bir nimçə aş ağlıya-ağlıya gedir. Qızın əlinnən xörəyi aldı yedi.
Dedi:
– Ağlama, indi bı saat mən o əjdəhanı öldürəcəyəm.
Durdu yavaş-yavaş getdi. Əjdaha elədi ki, qalxsın Südəmənin üsdünə. Südəmən bir “Allahü-əkbər” nərəsi çəhdi, elə sıçradı ki, düşdü əgdahanın o tərəfinə, qılıncı sivirdi. Elə vırdı ki, əjdəhanın başı sıçradı bırdan hara. Qayıtdı əjdəhanı parçaladı, tulladı o yana. Qız o saat əjdəhanın qanına əlin bılıyıp çəhdi Südəmənin kürəyinə. Südəmən qayıtdı gəldi əvə dedi:
– Qarı nənə, di dur get su gətir.
Qarı dedi:
– Əjdaha necoldu?
Südəmən dedi:
– Əjdahanı öldürdüm.
Şəhərdə car çağırıldı ki, bəli, əjdəha ölüp, kim su aparacax, gəlsin aparsın. Paçcah bı xəbəri eşidip, çar çağırtdırdı ki, hər kəs o əjdəhanı öldürüp, gəlsin qızımı verəcəyəm ona. Paçcah gündə car çağırtdırırdı. Bı gəlirdi, mən öldürmüşəm, o gəlirdi, mən öldürmüşəm. Qızı da gətirmişdilər deyirdi: xeyr.
Beş gün tamamıdı, bı hər gün adamı yığırdı, öldürəni tapa bilmirdi. Altıncı günü paçcah dedi:
– Taa şəhərdə adam qalmıyıp ki?
Dedilər:
– Bəli, filan qarının əvində biri qalıp.
Əmr elədi ki, gedin onu gətirin. Getdilər Südəməni gətirdilər. Aparan kimi qız gördü dedi:
– Ata bıdı.
Paçcah dedi:
– Nə bilirsən?
Dedi:
– Nişanası da var.
Paçcah dedi:
– Qızım, nişanası nədi?
Qız kürəyin qavzadı, gördülər, bəli qız qanlı barmağının beşin də çəkib Südəmənin kürəyinə.
Paçcah dedi:
– Gəl qızımı verdim saa, otur mənim taxdımda. Bı şəhərə paçcahdıx elə.
Südəmən dedi:
– Xeyr, məni çıxart işıxlı dünyaya.
Paçcah dedi:
– Sana əlac eləmək mümkündü. Gedərsən, filan çinar ağacında bir zümrüd quşu var, əyər mümkün olsa, o əlac eliyəcək! Bına bir bələtçi qoşdular, gəldi həmən çinarın yanına. Südəmən gördü bir əjdəhadı çıxır zümrüd quşunun yuvasına. O saat bir ox qoydu kamana, atdı əjdəhanı öldürdü, parçaladı tulladı yuvıya. Bını zümrüd quşunun balaları yedi, birəz də saxladılar analarına. Südəmən də başın qoydu yatdı. Bələtçi də qayıtdı gəldi.
Zümrüd quşu gəldi gördü ağacın dibində bir bəni-adəm yatıp, isdədi yensin bını öldürsün. Balaları çığrışdı, dedilər, ana, bıra bizi yeməyə bir əjdəha çıxırdı. O oğlan öldürdü atdı bizə, yedik yarısın da saa saxladıx.
Zümrüd quşu yendi gəldi qanadın tutdu Südəmənin üstdə. Oğlan üşüdü, oyandı. Gördü zümrüd quşudu qanadın tutup bının üsdə. Zümrüd quşu oğlanın oyanmasın gördü. Dedi:
– Ay oğlan, mənnən nə isdiyirsən?
Dedi:
– Sənnən heç nə isdəmirəm, ancax məni çıxart işıxlı dünyaya.
Zümrüd quşu dedi:
– Ey oğlan, gedərsən paçcahdan yeddi tulux su, yeddi qoyunun cəmdəyin alıp gətirərsən, onnan sora səni çıxardaram işıxlı dünyaya. Bı oğlan durdu yavaş-yavaş gəldi paçcaha baş yendirdi. Dedi:
– Qibleyi-aləm! Maa yeddi tulux su, yeddi qoyun cəmdəyi ver! Paçcah o saat yeddi tulux su, yeddi də qoyun cəmdəyi yüklədi bir ata, verdi bına. Südəmən yavaş-yavaş götürüp gəldi. Zümrüd quşu dedi:
– Südəmən yığ belimə, özün də min. Mən “qaq” eliyəndə tuluğun birin at, “quq” eləyəndə cəmdəkdən birin at.
Dedi:
– Baş üstə!
Bılları yühlədi zümrüd quşunun belinə, özü də mindi düşdülər yola. “Qaq” eliyəndə tuluğun birin atırdı, “quq” eliyəndə cəmdəyin birin atırdı.
Belə-belə atırdı, yavıxlaşanda cəmdəyi atanda birdən cəmdək düşdü yerə. Südəmən o saat pıçağın çıxartdı, budunun ətinnən sivirdi atdı quşa. Quş gördü bı çox şirindi. Yemədi dilinin altında saxladı. Bı quş gəldi çıxdı bir yerə, baxdı gördü ta bıra işıxlı dünyadı. Quş Südəmənə dedi:
– Taa yeri, get. Bıra işıxlı dünyadı.
Südəmən yeriyəndə quş gördü axsıyır.
Soruşdu ki:
– Südəmən, niyə axsıyırsan?
Südəmən dedi:
– Allahdan gizdin deyil, bəndədən nə gizdin, saa əti atanda yerə düşdü. Gətirdim budumun ətinnən atdım. İndi onçun axsıyıram.
Quş o saat dilinin altınnan əti çıxartdı verdi Südəmənə, qoydu öz yerinə. Quş qanadın da cəhdi üstdən, o saat Südəmənin qılçı oldu anadan doğma.
Quş dedi:
– Südəmən, mənnən ta nə isdiyirsən?
Südəmən dedi:
– Sənnən onu isdiyirəm ki, məni apar o şəhərə ki, orda məni salıplar quyuya.
Quş bını götürdü apardı həmən şəhərə. Südəmən gördü bını quyuya salan adamlar toy eliyir həmən qızdara. Getdi o iki adamları da öldürdü, qızdarı özü aldı.
Bir neçə gün yaşadılar, bir gün bı şəhərin paçcahı öldü. Südəmən gördü car çağrılır ki, camahat yığılsın meydana. Dövlət quşu uçurdacaxlar paçcah tihməyə. Durdu yavaş-yavaş getdi meydana. Bir kənarda durdu. Quşu uçurdular gəldi qondu Südəmənin başına. Gətirdilər bını paçcah elədilər. Gördülər bı bir paçcah oldu ki, heç olmuyan kimi əzazil. Yaxşı, Südəmən başdadı bırda paçcahlıx eləməyə. Götürdü bir kağız yazdı anasının üsdə ki, “yığışın gəlin bıra. Mən bırda paçcahlıx eliyirəm, kefim də çox yaxşıdı”. Babası, anası, yığışıp gəldilər. Başdadılar bırda kef eliyip, yeyip-içip, gəzdilər. O yedi yerə keçdi, siz də yeyin, dövrə keçin. Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl deyənin.