Süleyman Sani Axundovun xatirələri
Xatirələr (1938) Müəllif: Süleyman Sani Axundov |
Uşaqlıq həyatından xatirələr
[redaktə]Atam Rzaqulu deyərmiş ki, mənim üç oğlum, bir qızım olacaqdır. Onlara bu adları qoyacağam: Qəhrəman, Rüstəm, Süleyman, Mahtaban. Atamın bu arzusu əmələ gəlir. Böyük oğlu Qəhrəman öz sağlığında, hələ uşaq ikən vəfat edir. Mənim təvəllüdümdən iki ay sonra özü də vəfat edir. Üç körpə uşağın pərvəriş, təlim və tərbiyəsi anam Vəlibəyova Dürnisənin öhdəsinə düşür. Dayım Səfərəli bəy Vəlibəyov (Zaqafqaziya seminariyasının (Qori) müəllimi) bacısının bu ağır vəzifəsini bir qədər yüngülləşdirmək məqsədilə böyük qardaşım Rüstəmi altı yaşında uşaq ikən, yaşadığı Qori şəhərinə aparır. Orada öz yanında hazırladıb Tiflis şəhərində gimnaziyaya qoyur. Mən də bacım Mahtabanla anamın himayəsində, Seyidli kəndində yaşamağa başladıq. Seyidli kəndi indiki Ağdam şəhərinin bir hissəsidir. Uşaqlıq həyatımın böyük hissəsi bu kənddə keçmiştir.
Kənd məişəti
Seyidli və onu əhatə edən kəndlilərin bağ-bağatı o dərəcədə boldur ki, göz ətrafda ot və ağacdan savayı bir şey görmür.Haraya baxırsan bağ, bağ və yenə də bağ.Hətta göyün üzü ağacların arasında parça-parça görünür. Dar doqqazlarından başqa açıqlıq yer yoxdur. Buranın üzüm bağları Gürcüstan bağları kimi gələsər deyildir. Tənəkləri hər növ hündür ağaclara dırmaşdırılmışdır. Payız fəsli üzüm salxımları budaqlardan sallanaraq ağacları yolka kimi bəzəyirlər. Mən gözlərimi açdıqca özümü belə zəngin təbiət içində gördüm. O məni mərhəmətli qucağında yaşadarkən, həyatın ağır zəhərli hallarını, yetimlik, yoxsulluq məşəqqətini unutdururdu. Biz uşaqların bütün günləri bağlarda keçirdi. Ta aclıq bizə qalib gəlməyincə evlərimizə qayıtmazdıq, yenə də bağa qaçardıq. Cürbəcür meyvələr orada; çiçəklər, göy otlar orada; rəngin pərvanələr, oxuyan quşlar orada. Bizi bağlara cəlb edən şeylər bunlar idi. İlin hər fəslində biz uşaqlar üçün bağda məşğuliyyət var idi. Bahar vaxtı ağaclar hər növ rəngin çiçəklər açaraq, bağları gülüstana döndərirdi. Bu zaman quşlar yuva tikməyə məşğul olduqda, biz də onlarla bəhs edərək evcik tikib çiçəklərlə bəzərdik. Bu mövsümdə yetişməyə başlayan meyvələrə gəldikdə, biz onların dəyməyini gözləməzdik. Alça çiçəyini töküb bir balaca böyüyən kimi göy olmağına baxmayaraq, duz ilə yeyirdik. Sonra tut ilə gilas dəyməyə başlardı. Yay fəslində ərik, gavalı, böyürtkən dəyərdi. Payız gəldikdə, böyüklərlə bərabər, üzüm, heyva, nar, əzgil, zoğal, alma, armud, qoz və qeyri meyvələr yığmağa məşğul olardıq. Hətta qışda da özümüz üçün iş tapardıq. Qar hər yeri bürüyən zaman biz bağın xiyabanlarında qardan top qayırar, onları yumalamağa başlardıq. Top getdikcə irilənərək axırda boyumuzdan hündür olardı, daha yumalamağa gücümüz çatmazdı. Ya da qardan adam, heyvan heykəli qayırardıq. Lakin bu oyunun axırı ağlamaq olardı. Çünki üşümüş əllərimizi oda verdikdə sızıldamağa başlardı. Uşaq bir qədər özünü anladıqda hər şeyin sirrini bilmək istəyir. O zaman ananın təlim və tərbiyə rolu artır. Çünki birinci növbədə uşaq sualı ona verir. Doğrudur, uşağın hər sualına cavab vermək müşküldür. Lakin mümkün olan dərəcədə cavab verib, onu sakit etmək lazımdır. Mən anama çox sual verərdim. Bir dəfə anam ilə bağımızda idim. Cırcırama aramsız cırıldayırdı. Ana, o cırcırama nə deyir? - deyə sual etdim. Oğlum, o cırcırama deyir ki: Qarışqacıq - quruşqacıq. Mənə dedi, qarışqacıq. Dedi, dedi, dedi, dedi. Mən anamın bu cavabına xeyli güldüm. Sonra o sözləri əzbərlədim. Cırcırama oxuyanda mən də ona qoşulub deyərdim: Qarışqacıq, qarışqacıq. Dedi, dedi, dedi, dedi. Səslərin ahəngi cırcıramanın oxumasına elə bənzəyirdi ki, sanki doğrudan da cırcırama o sözləri deyirdi.
Yenə bir gün anam həyətdə oturub köynək tikirdi. Mən də yanında oturmuşdum. Sərçələr "cik-cik" edərək həyətə səs salmışdılar. Tut ağacının başında oturmuş sərçə birdən: "Cırrıt!" edərək səs aldı. Sərçələr o dəqiqə səslərini kəsib özlərini çəpərin içinə soxdular. Mən buna təəccüb edib soruşdum: Ana, o sərçə nə dedi? Quşlar niyə gizləndilər? Oğlum, o serçə dedi ki, qaçın, tez gizlənin, budur qırğı gəlir! Doğrudan da bir azdan sonra qırğı göründü. Çil xoruz qışqırıq saldı. Qırğı dayanmayıb keçdi. Mən həyrətdə idim. Təəccüblə soruşdum: Ana, bu quş dilini sən haradan bilirsən? mən də öyrənə bilərəmmi? Anam gülərək dedi: Niyə bilmirsən! Quşlara fikir versən, öyrənə bilərsən. Tağı əmoğlun ovçudur. O, quşlar, heyvanlar haqqında çox şey bilir. Ondan soruş, desin.
Tağı əmi
[redaktə]Əmim Mirzə Məmmədin üç oğlu var idi: Tağı, Aslan, Mehdi. Tağı böyük, Mehdi kiçik qardaş idi. Sonuncu İranda tibb təhsil edərdi. O, İrana gedən zaman mən çox kiçik olduğuma görə yadıma gəlmir. Qardaşlardan yalnız Tağı evli idi. Onun məndən iki yaş kiçik Məmmədağa adlı bir oğlu var idi. Bu, mənim oyun yoldaşım idi. Tağı əmi sair əmizadələrimə nisbətən məndə böyük təsir buraxmışdı. Səxavətli, rəhmdil həlim-təbiətli bu şəxs öz xasiyyəti cəhətincə hamının hörmətini qazanmışdı. Atam kimi onun da ova artıq həvəsi var idi. Qızılquş, qırğı, tula saxlayıb, ölənə kimi ondan əl götürmədi. Ata məhəbbətini görmədimsə də, atalıq məhəbbətini bu sevgili əmizadəmdə gördüm. Tağı əmi quşçular arasında məşhur idi. O, bəslədiyi quşun önündən bir qırqovul qaçıb canını qurtara bilməzdi. Ov tulaları da çox təlimli olardılar. Mən əvvələrdə quşların adlarını, növlərini, yaşayışlarını, xasiyyətlərini bilməzdim. Çalağan ilə quzğuna fərq qoymazdım. Onları mənə öyrədən Tağı əmi oldu. Göyün üzündə bir qara nöqtə görünən alıcıquşu mənə göstərərək deyərdi: Bax, o göy üzündə süzən quş qaraquşdur. Ova çıxıbdır. Tağı əmi, o yuxarıda quş yoxdur. O, kimi ov edəcəkdir? - deyə soruşduqda: Onun ovu yerdədir. Alıcı quşların gözləri çox iti olar. Onlra yerdə siçan kimi xırda bir heyvanın hərəkət etməyini görərlər. Indi o qaraquş da yerdə dovşanın qaçdığını, ya kəkliyin uçmağını gördükdə, ildırım kimi şığıyıb caynağına alacaqdır. Sonra bir uca dağın başında oturub yeyəcəkdir, - deyə Tağı əmi mənə cavab verərdi. Mən qaraquş, quzğun, çalağan, qızılquş, qırğı, yapalaq, bayquş, sar kimi ətyeyən vəhşi quşları, alacəhrə, şeyda bülbül, sarıköynək, baltadimdik kimi oxuyan bağ quşlarını, ya da turac, qırqovul, kəklik, çil, bildirçin kimi ov quşlarını məktəbdə şəkildən yox, hələ uşaq ikən təbiətin özündə, Tağı əminin vasitəsilə gördüm, öyrəndim. Onun mürəbbilik vəzifəsi bir bunlarla bitmirdi. Mühitində gördüyüm şeylərin adlarını, onlarda əmələ gələn dəyişiklikləri yenə də ondan öyrəndim. Mən əvvəllər qurdlar ilə kəpənəklərin əlaqədar olduqlarını bilməzdim. Bir dəfə bağda ala-bəzək bir qurdu yarpağa büküb gətirdim. Tağı əmi, bax gör nə qəşəng qurddur? - deyə ona göstərdim. Doğrudur, gözəldir. Lakin bu qurd kəpənək olanda daha da gözəl olacaqdır, - deyə Tağı əmi əlavə etdi. Mən təəccüb edərək soruşdum: Bundan necə kəpənək olacaqdır? Onun qanadları var, bunun yoxdur. Tağı əmi cavab verdi: Bu qurd yarpaq yeyə-yeyə böyüyəcəkdir. Sonra hörümçək kimi tor hörüb içində qalacaqdır. Bir müddətdən sonra onun gözləri, ayaqları yox olub topal olacaqdır. Sonra topala qanadlar, göz gələcəkdir. Yazın isti günlələrinin biri.də baramasını deşib çıxacaqdır. Bağda uçub çiçəklərə qonduqda, sən də papağını əlinə alaraq onu tutmaq fikrinə düşəcəksən. Mən o vaxta kimi ipəkqurdunun saxlanılmasını görməmişdim. Sonralar özümüz qurd saxladıqda Tağı əminin nağıl etdiyini öz gözümlə gördüm.
o zaman məndə iki arzu vardı. Biri at minib seyr etmək, digəri Tağı əmi kimi quş ovuna getmək. Bunların birincisinə Tağı əmi razı olaraq, ikincisi üçün: Hələ ova gedən vaxtın deyil, gələn il səni qırğı ilə bildirçin ovuna aparacağam. Qızılquş ovuna atla gedərlər. Yaxşı at minmək öyrənsən, ona da apararam, - deyə məni sevindirdi. Tağı əmi dediyinə əməl edən şəxs idi. O gündən atları suvarmağa göndərəndə, mənə də boz madyana minməyə izir verdi. Anam təşvişə düşərək: Ay Tağı, at uşağı yıxar, - dedikdə: Qorxma, heç zad olmaz. Bizlər at üstündə böyümüşük, - deyə onu sakit etdi. Mən get-gedə kənd uşaqları arasında birinci at minən oldum. Bir hadisə anamı qorxuya saldı. O məni bir müddət at minməyə qoymadı. Belə ki, bir dəfə Həsən adlı yoldaşımla Ağdam bazarına gedirdim. Gəl çapışaq, - deyə yoldaşım təklif etdi. Onun altında üçyaşar ürkə idi, mənimkində Tağı əminin boz madyanı. Kəhər at altımda olsaydı, gəl çapışaq deməzdin, - deyə Həsəni utandırdım. Eybi yoxdur, sənə bir qədər ara versəm, razı olarsanmı? Olaram, - deyə cavab verdim. Bazarla, çapışdığımız yerin məsafəsi iki kilometrə kimi var idi. Yol enli və hamar idi. Qorxulu yol üç döngə idi. Mən irəlidən, Həsən arxadan atların başını buraxdıq. Iki döngəni salamat keçdik. Üçüncü döngəyə xeyli qalmış Həsən gəlib məni keçdi. Bunu gördükdə mən atın başını yığdım. Lakin Həsən ürkəni saxlaya bilməzdi. Bazar dönən döngəni keçdikdə ürkə Həsəni üstündən üç metrəyə qədər atdı. Bunu gördükdə adamlar yüyürüşdülər. Mən də gəlib çatdım. Həsənin qıçı iki yerdən sınmışdı. Onu xalça üstə qoyub evlərinə apardılar. Seyidlinin məşhur sınıqçısı Məşədi Yusif onu bir ayın ərzində sağaldıb ayaq üstə qoydu. Həsən irəliki kimi yenə bizimlə oyun yoldaşı oldu. Onda axsamaqdan əlamət belə qalmamışdı. Bu məşhur sınıqçını uşaqlar üçün yazdığım "Nurəddin" adlı hekayədə yad etmişəm. Quş tutma
Tağı əminin göstərişi ilə mən və Məmmədağa qaratoyuq, alacəhrə, sərçə kimi quşları tutmağı öyrənmişdik. Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb, bağda, ağaclar altında çox gözəl olan yerdə qururduq. Özümüz də uzaqda, ağac altında gizlənib, pusquda dururduq.
Qaratoyuq bağın xəzəllərini toyuq kimi eşələyə-eşələyə gəlib axırda cələ qurduğumuz yerə çıxırdı. Eşələndiyi vaxt ayağı cələnin qıldan qayrılmış gözünə düşürdü. Qaratoyuq ayağını çəkdikdə qıl halqa daralıb onu bənd edirdi. O zaman quş ayağını azad etmək üçün dartınırdı və çapalayırdı. Bunu gördükdə biz qaratoyuğun üstünü alırdıq. Sevinə-sevinə aparıb qəfəsə salırdıq. Qaratoyuq əsarətə tez öyrəşir, sonra oxumağa başlayır. Hətta onu tar ilə oxumağa öyrədirlər.
Sərçə tutmaq üçün heç cələ də lazım gəlmirdi. Həyətin bir küncündə xəlbirin altına və yanlarına dən tökərdik. Xəlbirin bir yanını qaldırıb altına karandaş kimi hamar çubuqdan dirək verərdik. Çubuğun alt ucuna uzun sap bağlayıb pusquda durardıq. Sapın ucu əlimizdə olardı. Sərçələr dənləyə-dənləyə gəlib xəlbirin altına girdikdə birdən sapı çəkərdik. Sərçələr nə qədər cəld qaçsalar da, yenə bir-ikisi xəlbirin altında qalardı.
Bunların maraqlısı çərtmə ilə alacəhrə tutmaq idi. Bütöv qozu iki parça elərdik. Parçanın birini tam ortasından deşərdik. Bu deşiyə çöp taxardıq. Onun ucuna da bircə dənə at qılından kəmənd kimi halq qayırıb bağlayardıq. Çöpün ucunu qoz ləpəsindən yuxarı çıxartmırdıq. Çərtməni bağda ya yerə sancardıq, ya da ağacda budağa bağlardıq. Alacəhrə qoza çox aşiqdir. Çərtməni görə-görə yenə də özünü onun üstə atır. Lakin qoz ləpəsini dimdiklərkən, həmişə ayaqlarını halqanın içinə düşməkdən gözləyər. Nə qədər cəldlik etsə də, axırda dadlı qoz ləpəsi onun əsir düşməsinə bais olardı. Ayağı tora düşüb asıla qaldıqda, qışqırıq salardı.
Məmmədağanın alacəhrəsi
[redaktə]Çox köçəri quş var idi ki, qış mövsümü Qarabağda qalıb, isti yerlərə köçməyir. O cümlədən biri də bağ quşu alacəhrədir. Nağıl etdiyim il qış bollu qar və çovğun ilə gəldi. Hər növ havaya öyrənmiş sərçələr belə qışa davam gətirə bilirdilər. Onlar gündüzlər özlərini həyətə, tövləyə, peyinliyə, evlərin dəhlizlərinə soxaraq yem tapırdılar. Gecələr də samanlığa, dəyələrə, daxmaların, küləş damların deşiklərinə girərək özlərini soyuqdan mühafizə edirdilər. Lakin bağlarda yaşayan şux, sevimli alacəhrəciklər belə havada həm acından, həm də soyuqdan artıq əziyyət çəkirdilər. Bunların bütün pənah yerləri bağların qaratikan çəpərləri idi ki, orada az-çox yem tapa bilirdilər. Gecələr də orada yatırdılar. Həmin qış, yoldaşım Məmmədağanı çiçək azarı tutdu. Bu xəstəliyə düşəni soyuqdan saxlamaq lazımdır. Məmmədağa Tağı əminin tək övladı idi. Ona görə onun xatiri əziz idi. Məmmədağanın çox gözəl xasiyyəti var idi. Mən onu hər vaxt mühafizə edərək qoymazdım ki, uşaqlar ona əziyyət versinlər. Əmizadələrimin köhnədən qalma bir qara damı var idi. Orada heç kəs olmurdu. Məhsul saxlamaq üçün anbar idi. Qara damlar qışda çox isti olarlar. Necə də olmasın! Dərin quyu kimi yerin içinə girən damlara ortadan bir baca qoyub üstünə bir metrə qədər qalın torpaq tökürdülər. Bu ağırlığa davam gətirməsi üçün dama çox böyük tirlədən dirək vururlar. Içəriyə girmək üçün torpaq pillələr qazırlar. Onun üstünü örtürlər. Buna dəhliz deyirlər. Babalarımızın bu köhnə "imarət"inə nədən "qara" adı verildiyini bilirsinizmi? Iki şeydən: biri üstünə tökülən qara torpaqdan, o biri tüstüdən, içərisi hislənib qurum tutaraq, qaralmağından. Tağı əmi Məmmədağanı soyuqdan saxlamaq üçün arvadı Bacı xanımla dama yığışdı. Ocağa böyük kötüklər qoyub yandırırdılar. Gecə-gündüz damda ocaq sönməzdi. Bayırdan içəri girdikdə sanki bir hamama girirdin. Mənim günlərimin çoxu burada keçirdi. Tağı əmi ovdan cürbəcür hadisələr söyləyirdi. Məmmədağanı sevindirmək üçün bir dəfə çərtmə qurub bir alacəhrə tutdum. Məmmədağa buna çox şad oldu. Qəfəs olmadığı üçün alacəhrəni bir gün aşsüzən altında saxladıq: zavallı quşcuğaz o qədər aclıq çəkmişmiş ki, azadlığı üçün əsla çalışmayıb, ancaq qarnını doydururdu. O biri gün ayağına uzun sap bağlayıb damın içinə buraxdıq. Quşcuğaz yenə də qaçmaq fikrində deyildi. Damın içində dəndən tutmuş çörək, qənd qırıntılarına kimi nə düşürdü dimdikləyib yeyərdi. Məmmədağaya elə öyrənmişdi ki, ona süd doğraması, südlü aş, firni və qeyri xörək verdikdə alacəhrə də boşqabın qırağına qonub onunla bərabər yeyərdi. Bir azdan sonra sapı da ayağından açdıq. Buna çox şad idi. Çünki damda sap ilə rahat gəzə bilmirdi. Həmişə dimdiyi ilə sapı ayağından çıxartmaq istəyirdi. Bu gündən sərbəst olaraq, damın içində cik-cik edə-edə gah uçurdu, gah yorğan-döşək yükünün üstə oturub mürgüləyirdi. Lakin damdan bayıra çıxmırdı. Bir səhər damda oturmuşduq. Birinci gün idi ki, hava açılıb gün çıxmışdı. Günəşin şəfəqi damın bacasından içəriyə düşmüşdü. Alacəhrə cik-cik edərək damda uçurdu. Birdən bacadan çıxıb getdi. Ah, quşum qaçdı! - deyə Məmmədağa qışqırdı. Qorxma, yenə gələcəkdir. Belə isti yeri, yemək-içməyi buraxıb getməz, - deyə Tağı əmi onu sakit etdi. Doğrudan da bir azdan sonra yenə də cik-cik edərək bacadan içəri uçdu. Bu sevimli quşcuğaz tamam qış damda yaşayıb, baharda bağa uçdu. Lakin köhnə məkanını və dostlarını unutmayıb gahdan bir ziyarət edirdi. İlanlarla mübarizə
Yazın isti günlərindən başlamış payızın əvvəlinə kimi, bağlarda gəzdikdə, dar doqqazlarla getdikdə, kolluqda, qulançarlıqda biz uşaqlar özümüzü zəhərli ilanlardan gözləməliydik. Açıqlıq yerdə bu asan idi. Lakin bağda, qalın otlar içində qıvrılıb yatmış ilanı hardan görüb, özümüzü bu müzür heyvandan mühafizə edəydik? Dostumuz koramal otların arası ilə hərəkət etdikdə məlum olurdu. Amma zəhərli ilanlar məlum olmurdu. Bir yay olmayırdı ki, ilan uşaq vurmamış olsun. Onlar da bizdən paylarını yaxşıca alardılar. Isti günlərdə çəpərlərin döşü ilanlarla dolu olardı. Onlar yuvalarından çıxıb özlərini günə verərdilər. Biz də dəstə bağlayıb onlarla müharibə edərdik. Hər birimizin əlində uzun çomaq olardı. Kimin gözünə qıvrılıb yatmış, ya hərəkət edən ilan sataşsaydı, tez çomağı ilə vurub öldurərdi. Hər kəs çox öldürsəydi, o, birinciliyi qazanardı. Bilmirəm haradan çıxmışsa, guya kərtənkələr ilanlara ağu verirlər, ona görə bunları da düşmənlər sırasına qoyub qırardıq. Bu barədə Tağı əmidən soruşduqda, o, belə cavab verdi:
Yalan sözdür; kərtənkələlərin zəhəri yoxdur. Özləri də zərərli həşəratı yeyib tələf etməklə bizə böyük mənfəət yetirirlər. O ki qaldı ilana, onun iki zəhərli dişi var. Zəhər dişinin dibində nazik pərdəli iki tuluğun içindədir. Ilan çaldıqda pərdələr yırtılıb zəhər yaralının qanına qarışıq, onu zəhərləyib öldürür.
Tağı əminin verdiyi bu məlumatdan sonra biz kərtənkələ qırmağı tərk etdik.
Tağı əminin tərlanı
Tağı əminin iki növ ov quşu olardı. Biri qızılquş, o biri qırğı. Qırğı ilə Tağı əmi bildirçin tutardı. Qızılquş ilə qırqovul, kəklik, turac ovuna gedərdi.
Son zamanlar Tağı əmi bir yerə getdikdə quşları mənı tapşırırdı. Quşlara nə qədər və nə cür ət verməyi Tağı əmi mənə öyrətmişdi.
Bax, ət yağlı olmasın, - deyə Tağı əmi dübarə tapşırardı.
Mən Tağı əminin hər hərəkətini götürmüşdüm. Onun kimi bəhləni geyirdim. Quşun bağını qıfıldan açardım. Əti əlimə alaraq, bir-iki addımdan quşu muşqururdum. Ac quş tez özünü ətin üstünə atırdı. Lakin Tağı əmi kimi quşu ağaca buraxıb çağırmağa cürət edə bilmirdim. Qorxurdum ki, dövr edib havaya qalxsın, tuta bilməyim.
Nağıl etdiyim il, Tağı əmi dağdan gəldikdə, özü ilə bir qızılquş da gətirdi. Bu tərlan idi. Tağı əmi onu yuvadan düşürmüşdü. Ona lazım olan tərbiyəni verərək ova hazırlayırdı. Bir müddət ac saxlayıb yem vaxtı həyətdə ağaca buraxırdı. Sonra əlinə cücə götürərək həyətin o biri başından çağırırdı. Tərlan cücəni gördükdə uçub əlinə qonurdu. Cücənin tüklərini yolmağa başlayırdı. Ətini diddikdə Tağı əmi cücəni quşun əlindən alıb onu yenə ağaca buraxırdı. Dübarə çağırırdı. Quş uçub gəlirdi. Bir-iki dəfə belə etdikdən sonra yedirirdi. Sabahısı cücə əvəzinə ət götürürdü. Bəzi vaxt qırmızı dəsmalı bükərək ətə oxşadırdı. Tərlan ona da gəlirdi.
Bu tərlanın caynaqları qeyri quşlara görə çox iti idi. Bəhlədən keçib ələ batırdı. Iki bəhləni bir-birinin üstündən geyməyincə onu ələ götürmək mümkün deyildi.
Bir dəfə Tağı əmi bazara getmişdi. Tərlan həyətdə, öz müəyyən yerində qıfıl üstündə bağlı idi. Mən və Məmmədağa bağda idik. Birdən həyətdə qışqırıq qopdu. Biz qaçaraq gəldik. Onda gördük ki, tərlan, Məmmədağanın bir yaşında bibisi oğlu Əyyubu basmarlayıb cücə kimi altına alıbdır. Arvadlar da quşu tutub çəkirlər ki, uşağı buraxsın.
Nə qayırırsınız? - deyə qışqırdım.
Quşu çəkməyin, yoxsa uşağın ətini qopardar. - Cəld arvadları kənar edib tərlanın ayaqlarını sıxmağa başladım. Quşun caynaqları açılıb uşağı buraxdı. Arvadlar bu ittifaqdan elə həyəcana gəlmişdilər ki, quşu boğub öldürmək istəyirdilər. Mən mane oldum. Yaxşı ki, bu halda Tağı əmi özü gəlib çıxdı. Arvadları sakit edərək dedi:
Yaxşı, mən quşumu bu gündən damda saxlayacağam. Siz də uşaqlarınızdan muğayat olub, başına buraxmayın.
Tərlanın Əyyuba hücum etməsinə onun qırmızı köynəyi səbəb olmuşdu. Tərlan qırmızı şeyə həris idi. Harada görsəydi, üstünə atlanardı. Tağı əminin bu tərlanı axırda məşhur bir quş oldu.
Axtar və Şəngül
Axtar və Şəngül Tağı əminin ov tulaları idi.
Axtar erkək, Şəngül qancıq idi. Axtar qısaboylu, gödəktüklü, boz rəngli; görkəmsiz tula idi. Şəngül isə çox yaraşıqlı bir it idi. Boyu orta boydan hündür idi. Gödək məxmər kimi hamar, dümağ rəngli, üstü qara xallı və zolaqlı tükü var idi. Beli, ayaqları, burnu nicə idi. Qaşlarının üstündə iki gözə bənzəyən xalı vardı.
Bu tulaların zahirləri başqa olduğu kimi, xasiyyətləri də başqa idi. Axtar qaşqabaqlı, tənbəl, istirahət sevən tula idi. Şəngül diribaş, şən mehriban, sevimli bir heyvan idi.
İt də gülərmi? - deyə şübhə edən şəxs Şəngülün gülər halətini gördükdə - bəli, gülər, - deyə təsdiq edirdi. Budur, tənbəl Axtar həyətdə uzanıb özünü günəşə verir. Şəngül isə oynamaq istəyir. Nə etsin? Kimlə oynasın? Bozdar köpəkləmi? O, qocalmış, gözlərinə pərdə gəlmiş heyvərə bir köpəkdir. Onunla oynamağı Şəngül sevmir. Bir dəfə onunla oynadıqda Bozdar nədənsə acıqlanıb onu boğmuşdu. Ondan bəri Bozdar ilə yaxınlıq etmirdi.
Tənbəl olsa da, yenə öz yoldaşı Axtar, Şəngül qısıla-qısıla gedib, Axtarın ayağından çəkməyə başladı. Axtar başını qaldırıb, dişlərini ağardaraq mırıldadı. Şəngül kənara çəkildi. Axtar yenə uzandı. Bir azdan Şəngül gəlib Axtarın qulağından yapışaraq çəkməyə başladı. Acıqlı Axtar qalxaraq onun üstə hücum etdi. Şəngül qoyub qaçdı. Axtar yenə uzanıb yatmağa məşğul oldu. Indi Şəngül onu başqa yol ilə təngə gətirməyə başladı. Axtarın üstündən o tərəf - bu tərəfə tullanaraq onu narahat etdi. Axtar bilirdi ki, oynamayınca Şəngül ondan əl çəkməyəcəkdir. O idi ki, bir dəfə üstündən tullandıqda cəld qalxıb onu basmarladı. Sonra buraxıb özü qaçdı. Şəngül axır məramına çatdı. Axtar çövqə gəlib onunla oynamağa başladı.
Şəngül ilə Axtarın əsl bayramı Tağı əmi kəhər atı minib, qızılquşu əlinə götürərək ova gedəndə idi. Tulaları çağırmağa ehtiyac yox idi, çünki qızılquşun qumro səsi onları xəbərdar etmişdi. Indi Axtarı tanımaq olmurdu. Tənbəllik necə olmuşdu? Hərəkətsizlik harada qaldı? Şəngülə gəldikdə o, şadlıqdan özündən çıxırdı. Gah sirk itləri kimi Axtarın üstündən tullanardı, gah qoca Bozdarın quyruğundan dartardı, gah da darvazanı cırmaqlayıb qaçmaq istəyirdi.
Bunların xasiyyətləri ovda büruzə verərdi. Axtar ovun izini aradıqda aram və diqqətlə hərəkət edərdi. Şəngül isə səbirsizliklə gah irəli qaçardı, gah yana üz tutub gedərdi. O zaman Tağı əmi:
Şəngül qaldı! - deyə onu çağırardı. O da sahibinə tabe olaraq o saat geri qayıdırdı, ovun izini yenidən aramağa başlardı.
Ovu tapdıqda Axtar da, Şəngül də öz təlimləri üzrə sağ əllərini qaldıraraq Tağı əmiyə baxırdılar.
Tağı əmi:
Bas! - dedikdə atlanıb quşu qaldırardılar. Lakin burada da Şəngül bəzi vaxt, ələlxüsus, Tağı əmi gecikdikdə əsəbiləşərək ovu izinsiz qaldırardı.
Çərik səfəri
Yazın axırı idi. Biçin başlanmışdı. Tağı əminin ailəsi Çəriyə köçmüşdü. Çərik, Seyidli kəndinin əkin və otlaq yerləri idi. Orada bizim dəyirman və əkin yerlərimiz var idi. Tağı əmi məni bikef gördükdə:
Qəm yemə. Biçin qurtarıb xırman başlandıqda, gəlib səni də aparacağam. Orada Məmmədağa ilə vələ minərsiniz. Sonra tez-tez bildirçin ovuna gedəcəyik, - deyə mənim könlümü aldı.
Aradan on gün keçmiş Tağı əmi öküz arabası ilə gəlib çıxdı.
Hazır ol, sabah səni də Çəriyə aparacağam. Məmmədağanın balıq qarmağı burada qalmışdır. Onunkunu da, özününkünü də götür, orada balıq tutarsınız - deyə Tağı əmi tapşırdı. Hazır tilov olmadığı üçün Tağı əmi iynəni əyib bizə qarmaq qayırmışdı.
Səhər erkən araba qoşuldu. Tağı əmi bəhləni mənə verərək, dedi:
Al bəhləni gey, qırğını sən aparacaqsan, arabanı mən sürəcəyəm.
Mən buna çox şad idim. Şəngül və Axtar məndən də artıq şad idilər. Anam məni ötürdükdə:
Bax, oğlum, günəşdə gəzmə, çayda çimmə, yoxsa qızdırarsan, - deyə tapşırdı. Lakin özü də bilirdi ki, bunlara əməl olunmayacaqdır. Yola düşdük. Şəngül ilə Axtar arabanın ağır ayağı ilə gedə bilməyib gah irəli qaçırdılar, gah da qayıdıb qarşımıza gəlirdilər. Ağdamdan Çəriyə 9-10 kilometr yol idi. Çəriyin tarlalarına çatdıqda Axtar ilə Şəngül ovlamağa başladılar. Tağı əminin gözləri tulalarda idi.
Axtar ovun izinə düşmüşdür. Qırğını mənə ver, - deyə Tağı əmi arabadan düşdü. Mən qırğını ona verdim. Tağı əmi qırğının qayışını açdı. Bu halda Axtar sağ ayağını qaldıraraq marığa durdu. Tağı əmi qırğını ovcuna aldı. Axtara yaxınlaşaraq:
Axtar, bas, - deyə əmr etdi. Tula o saat özünü bildirçinin üstünə atdı. Bildirçin pırıltı ilə qalxdı. Tağı əmi qırğını gəmşədi. Bildirçin əlli addım qaçmışdı ki, qırğı onu havada caynağına alıb yerə endi. Mənzilə gəlib çatınca Tağı əmi altı bildirçin tutdu.
Nahara sizə bildirçin çığırtması verəcəyəm. Məmmədağanın qızıl inəyi də yenicə doğmuşdu. Ləzzətli bulaması var, - deyə Tağı əmi təklif etdi.
Mənim gəlməyimə Məmmədağa çox şad idi. Biçarə nə etsin? Böyüklər işə məşğul, oynamağa uşaq yox.
Balıq yerinə ilan
Bir gün Məmmədağa ilə dəyirmanın aşağısında çinarların kölgəsində oturub, qarmaq ilə balıq tuturduq. Bir saatdan artıq ovlamağın nəticəsində adama barmaq iriliyində iki balıq tutmuşduq.
Eh! Indiyə kimi əlimizlə gölmələrdən bundan çox tuta bilərdik, - deyə Məmmədağa şikayətləndi.
Doğru deyirsən, dur gedək axtaraq, - deyə mən də onun fikrinə şərik oldum.
Dəyirmanı yatırdıqda, suyu dəhnədən arxa buraxardılar. Su axarkən yeri oyub çuxurlar, oyuqlar əmələ gətirərdi. Dəyirman işlədikdə arxın suyu kəsilərdi. Su ancaq oyuqlarda, çuxurlarda gölmə tutardı. Məmmədağa ilə bu gölmələrdə balıq axtarırdıq.
Yenə də ayaqlarımızı soyunub, qollarımızı çirmələyərək balıq axtarmağa başladıq. Bir az vaxtda 7-8 balıq tutduq. Arx aşağı gedərkən bir böyük gölməyə rast gəldik. Paltarımızı soyunmağa məcbur olduq. Su gölmədə göbəyimizə kimi çıxırdı. Bir az suyu araşdırmışdıq ki, Məmmədağa səsləndi:
Vay, balıq əlimə dəydi!
Hanı, hanı? - deyə mən də onun yanında axtarmağa başladım. Bir azdan sonra mənim də əlimə bir uzun şey dəydi.
Nə uzun balıqdır... Söz ağzımızda yarımçıq qaldı. Qara zolaqlı, ucları diş-diş bir ilan suyun üzünə çıxdı.
İlan! - deyə qışqırdım. Biz cəld sudan çıxdıqda ilan da üstümüzə hücum edərək quruya çıxdı.
Lakin gölmənin ətrafı yamac olduğundan sürüşüb, yenə suya düşdü. Bizim qışqırığımıza xırmandan Tağı əmi ilə bərabər adamlar töküldülər. Ilan sudan bir barmaq yuxarıda deşik tapıb başını oraya soxmuşdu. - Adamlar kürək ilə onu öldurüb sudan çıxartdılar. Tağı əmi ilana baxaraq dedi:
Yaxşı salamat qurtarmısınız. Bu ilan gürzədir. Çox zəhərli ilandır. Görünür yuxarıdan sürüşüb suya düşmüşdür, sonra çıxa bilməmişdir.
Mən Seyidlinin çəpərlərində belə ilan çox görmüşdüm və uşaqlar ilə də öldürmüşdüm. Lakin gürzə olduğunu bilmirdim. Bu hadisəni uzun müddət unuda bilmədim. Buna səbəb Krılovun "Uşaq və ilan" təmsili idi ki, uşaqlığımda əzbərlətmişdilər. Indi də onu yadımda saxlamışam.
İstər ikən balıq tuta, ilan tutub bir uşaq,
Parçalanıb qorxudan o vaxtında dil-dodaq.
Ilan baxıb uşağa aqil ol, deyib, əgər
Artsa belə cürətin, çox zərər sənə dəyər.
Hifz elədi bu səfər allah səni, şükr qıl,
Bundan sonra zarafat etdiyini tanı, bil.
Talesiz quşcuğaz
Taxıl biçilib döyülmüşdü. Qalmışdı dəyirman işi. Tağı əmi asudə idi. Günlərinin çoxunu ovda keçirirdi. Yaxında ov etdikdə məni də özü ilə aparırdı. Bir gün Məmmədağa anası ilə Seyidliyə getmişdilər. Onlar bir də axşam qayıdacaqdılar. Tağı əmi dedi:
Dur, biz də onlar gəlincə bildirçin ovuna gedək.Mən bu təklifdən artıq şad oldum, çünki axşama kimi yoldaşsız nə edəcəyimi özüm də bilmirdim. Tağı əmi ov torbasını boynundan asaraq dedi:
Vəzifələrimizi ayıraq. Axtar ilə Şəngül bildirçini izləyib qaldıracaqlar, mən də qırğını vaxtında vuracağam. O da ovu tutacaqdır. Sən də onları bu torbaya dolduracaqsan.
Mən Tağı əminin sözünə gülüb dedim:
Mənim işim hamısından asandır.
Ov üçün uzaq getmək lazım deyil. Biçilmiş tarlaların küləşliyindən bildirçinlərin - "bit-billit" səsləri gəlirdi. Tağı əmi zəmilərə çatdıqda:
Axtar, tet! Şəngül, tet! Ha burda, ha burda, Şəngül qaldı! - deyə tulaları ovlatmağa başladı. Bu gün Şəngül Axtara üstün gəlmişdi. Birinci ovu qaldıran o oldu. Tağı əmi bildirçinin başını kəsib mənə verdikdə Axtarın ayağı altından bir bildirçin də qalxdı. Qırğını buraxmağa fürsət olmadı. Bildirçin uçub yaxın bir kolun içinə girdi.
Eybi yoxdur, o da bizim malımızdır, hara getsə axırda sənin torbanda olacaqdır, - deyə Tağı əmi kola tərəf üz qoydu. Bizdən irəli tulalar yüyürüb kola çatdılar. Ikisi də başlarını kolun içinə soxduqdan sonra dal-dalı çəkilməyə başladılar. Bu vaxt biz onlara çatdıq.
Tağı əmi, tulalar nə üçün geri çəkildilər, - deyə soruşdum.
Yəqin ilan görmüşlər, bu saat bilərik, - deyə Tağı əmi kola diqqətlə baxmağa başladı. - Səhv etməmişəm, ilandır, özü də gürzə. Qıvrılıb yatmışdır. Bu saat onu tutacağam, - deyə Tağı əmi qırğını mənə verdi.
Tağı əmi ilandan əsla çəkinməzdi. Bir balaca ağac ilə başından basıb, tutardı. Indi də tənbəki çubuğunu cibindən çıxarıb içindən bir qədər qır çıxartdı. Sonra həmin çubuğun sapı ilə ilanın başından basıb boğazından yapışdı. Hazır etdiyi çubuq qırını ilanın boğazına salıb onu bir qədər əlində saxladı. Sonra yerə qoydu. Ilan hərəkətsiz qaldı. Mən təəccüb edərkən Tağı əmi dedi:
İlanın zəhərindən başqaları öldüyü halda, ilan özü tənbəkinin qırından zəhərlənib tələf olur. Indi bu ilan şişib kötük kimi olacaqdır. - Bunu deyə Tağı əmi ilanı götürüb kolun üstünə qoydu. Sonra qırğını məndən alıb:
Axtar, tet! Şəngül, tet! - deyə tulaları kola girməyə çağırdı. Şəngül ilanın ölüsündən də qorxaraq kola yaxın düşmədi. Axtar isə özünü kolun içinə soxdu. Lakin bildirçini orada tapmadı. Məlum oldu ki, bildirçin ilan fəqərəsindən istifadə edərək özünü başqa yerə vermişdir. Axtar da ovdan əl çəkən hərif deyildi. Tezliklə onun izinə düşüb tapdı. Tağı əmi deyən kimi bu da bizim malımız oldu. Günəş qüruba enirdi. Torba da getdikcə şişirdi.
Daha kifayət edər, - deyə Tağı əmi evə tərəf döndü. Bir az getmişdik ki, Şəngül ayağını qaldıraraq, Tağı əminin üzünə baxdı.
Bu da Şəngülün xatiri üçün, - deyə Tağı əmi qırğını ovcuna aldı. Şəngül bunu gördükdə özünü bildirçinin üstünə atdı. Qırğı bu son bildirçini də tutdu. Tağı əmi bunu qırğıya vermək istədikdə:
Tağı əmi, o bildirçini öldürmə, mənə ver, onu evə diri aparacağam, - deyə rica etdim.Yaxşı, al bunu. Torbadan bir bildirçin ver, qırğıya yedirdim.
Mən Tağı əmiyə bir ölü bildirçin verdim, o da diri bildirçini mənə verdi. Bildirçini cibimdə əlimlə tutmuşdum. Zavallı heyvancığın ürəyi elə döyünürdü ki, deyəsən bu saat partlayıb, çanı çıxacaqdı.
Fikrim daim bunda olaraq necə qayıdıb ilan olan kola çatdığımızı bilmədim. Tağı əmi ilanı göstərərək dedi:
Görürsən, necə şişmişdir?
Mənim yenə də fikrim cibimdəki quşda olaraq, ilana məhəl qoymadım. Tağı əmi məni fikirli görərək dedi:
Görürəm, həm yorulmusan, həm də acmısan, beləmi? Səbir elə, evə yaxınlaşmışıq.
Yox, Tağı əmi, mən yorulmamışam, amma acmışam.
Yorulmağımı boynuma almadım ki, Tağı əmi bir də məni ova aparmaz. Lakin mənə qəmgin və pərişən edən cibimdəki quşcuğaz idi, ona çox acıyırdım. Indi bunu Tağı əmidən almağıma peşman idim. Bu torbada başları kəsilmiş quşlara heç də acımırdım onları bu diridən xoşbəxt hesab edirdim. Onlar ölüb getmiş, daha bir də dirilib oxumayacaqlar, yuva tikib bala çıxarmayacaqlar... Yenə də quşcuğazın ürəyi döyünürdü. Bir an rahat olmurdu. Bu isə mənə təsir edirdi. Nə edim? Buraxımmı? Onda Tağı əmi mənə nə deyər? Məni sevməz, bir də ova aparmaz. Yox, bu yaramaz, - deyə fikrimi dəyişdirmək istədim. Lakin cibimdə ürəyi döyünən heyvancıq mənim də ürəyimin döyünməsinə səbəb oldu. Daha səbrim tükənmişdi. Quşu azad etməkdən artıq, özümü bu əzabdan xilas etmək fikrində idim. Axırda belə bir hiylə gəldim: bir az Tağı əmidən geriyə qalaraq, əlimi cibimdən çıxarıb:
Vay, yıxıldım! - deyə özümü yerə atdım. Bildirçin cibimdən çıxıb pırıltı ilə uçmağa başladı. Qırğı bunu gördükdə çırpınıb Tağı əminin əlindən çıxdı. Ayaqlarından uzun qayış sallana-sallana bildirçini tutub yerə endi. Tağı əmi onu qırğının əlindən alıb başını kəsdi. Sonra iki bölük edərək tulalara atdı.
Görürəm, çox yorulmusan. Düz yerdə ayağın büdrəyir, yerə yıxılırsan, deyə Tağı əmi gülməyə başladı. Mənim fikrim ölən quşda ikən, soruşdum:
Tağı əmi, tox qırğı da ov dalınca gedərmi?
Sənin quşun kimi bəxtsizlərin dalınca gedər, deyə Tağı əmi təbəssüm ilə cavab verdi.
Qayıbın iti
Qayıb kişinin əvvəli mal-qaralı, qoyun-sürülü, dövlətli bir kəndli idi. Get-gedə dövləti əlindən çıxıb, bir cüt öküz, bir inək sahibi olmuşdu. Əvvəlki dövlətdən ona Qaraqıllı adlı bir çoban iti yadigar qalmışdı. Sonsuz Qayıb kişi bu köpəyi övlad kimi sevirdi. Hərgah bir adam ondan:
Qayıb əmi, arvadının ölümünü istərsən, yoxsa itinin? - deyə sual etsəydi.
Əlbəttə arvadımın, - deyə cavab verərdi. Qayıb kişinin bu itə belə məhəbbət bağlaması hamısını heyrətə gətirirdi. Səbəbini arayanlar deyirdilər ki, bir falçı onu inandırıb ki, nə qədər Qaraqıllı sağdır, sən bir zaman; yenə irəliki kimi dövlət sahibi olacaqsan.
İtin özünə gəldikdə, adi çoban itlərindən xeyli iri, qüvvətli, cəsur və hünərli bir heyvan idi. Uzun qara tükləri onu çox heybətli göstərirdi. Qaraqıllının qorxusundan bir qurd Qayıbın sürüsünə yaxın gələ bilməzmiş. "Qayıbın iti" adı ilə ətrafda məşhur olaraq, bu köpək dillərdə zərbi-məsəl kimi söylənirdi. Birisi itini çox tərif etdikdə:
Nə çox tərif edirsən? Qayıbın iti olmayacaqdır ki, - deyə onun sözünü kəsərdilər.
Mən də bu itdən çox şeylər eşitmişdim. Lakin özünü görməmişdim.
Qayıbın iti hürməzdi. Yol ilə dinc gələn adamlarla isə işi olmazdı. Başqa itlər kimi onların üstünə getməzdi. Lakin, birisi qabağından istər atlı, istər piyada qaçmaq istədikdə qızmış şir kimi üstünü alardı.
Mən Çərikdə olan zaman Qayıb kişi də biçin və xırman işlərinə məşğul idi. İti də yanında idi.
Bir gün Tağı əmi ovdan çox quş gətirmişdi. Bir neçəsini xurcuna qoyaraq mənə dedi:
Boz madyanı min, bunları Hümmətgilə apar.
Hümmət Tağı əminin xalası oğlu və həm də qaynı idi. Tağı əmi məni ata mindirdikdə dedi:
Bax, Qayıbgilin obasının yanından keçərkən atı yavaş sür. Olmaya-olmaya çapasan.
Arxayın ol, Tağı əmi, çapmaram, - deyə ona söz verdim.
Hümmət əmigil ilə bizim aramız üç kilometrə kimi idi. Gedənbaş obanın yanından salamat keçib getdim. Tapşırığı əmələ gətirib qayıdarkən yenə obanın yanından keçdikdə atı yavaş-yavaş sürdüm. Bir vaxt bir it hürə-hürə üstümə gəldi. Bunun səsini eşitcək başqaları da tökülüb gəldilər. Atı addım-addım sürərkən nəzərim itlərdə idi. Onların içində Qayıbın itini arayırdım. Lakin ona oxşar bir it yox idi. Bu mənə ürək verdi. Bir qədər getdikdən sonra itlərin səsləri kəsilməkdə idi. cürətlənib madyanı tərkimlədim. Bir də baxıb gördüm ki, tozu duman kimi qaldıraraq, bir qara it gəlir. O saat atı saxladım. It mənə çatan kimi atın önündə ayaq üstə qalxdı. Başı atın başı ilə bərabər oldu. Qorxudan nəfəsimi içimə çəkmişdim. Bir az belə durduqdan sonra Qaraqıllı dönüb yavaş-yavaş getməyə başladı. Mən elə qorxmuşdum ki, atı yavaş sürməyə də cürət etmirdim. It xeyli getmişdi ki, mən də atı yürüş ilə sürməyə başladım. It obaya yaxınlaşırdı, mən də mənzilə.
Yox, daha gəlməz, - deyə özümə ürək verdim. Tağı əmigil də təpədən mənə tamaşa edirdilər. Bu mənə cürət verdi, madyanı çapmağa başladım. Tağı əmi əlilə mənə nə isə işarə edirdi. Lakin mən nə istədiyini anlamadım. O və başqaları mənim qarşıma tərəf yüyürməyə başladılar. Bundan mən şübhələnib geriyə baxdım. Onda gördüm ki, yaramaz köpək məndən əl çəkmək istəmir. Atı saxladım. İt irəliki kimi atın qabağında dikəldi. Bu səfər at rahat durmayıb başını yırğaladı. O saat köpək madyanın alt dodağını dartıb parçaladı. It bununla kifayətlənərək obalarına tərəf yola düşdü. Madyanın ağzından qan çeşmə kimi axırdı. İt gözdən itdi. Lakin mən daha səhvimi təkrar etməkdən çəkinərək yerimdə durmuşdum. Tağı əmi hamıdan irəli gəlib çatdı.
İt səni yaralamayıb ki? - deyə təşvişlə soruşdu.
Yox, Tağı əmi, ancaq madyanın ağzını qapdı, - deyə cavab verdim.
Madyan cəhənnəmə, sən salamat çıxmısan. Min belə madyan sənə qurban, ancaq bu sənə nəsihət olsun. Bundan sonra böyüklərin sözündən çıxmazsan.