Süsənbərə
Görünüş
Süsənbərə Müəllif: Ağ Aşıq Allahverdi |
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23. |
Sərdar səni iflic vursun,
Ünüm yetməz Süsənbərə.
Qərib-qürbət diyardayam,
Ünüm yetməz Süsənbərə.
Ay dolandı, ilə gəldi,
Şeyda bülbül gülə gəldi,
Telli sazım dilə gəldi,
Ünüm yetməz Süsənbərə.
Ağır illər ötürmüşəm,
Ömrü başa yetirmişəm,
Məhərrəmi itirmişəm,
Ünüm yetməz Süsənbərə.
Qürbət eldə çıxdı canım,
Ağlar qaldı Ümmülbanum,
Bağlandı ömür dastanım,
Ünüm yetməz Süsənbərə.
Ağ Aşığa dərd yoldaşdı,
Qüssə-qəmim başdan aşdı.
Sinəm dağlı, gözüm yaşdı,
Ünüm yetməz Süsənbərə.