Məzmuna keç

Süsəri xala

Vikimənbə saytından
Süsəri xala
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri var idi, biri yox idi, Süsəri adlı tarakan arvad var idi. Bunu eləcə Süsəri xala çağırırdılar. Bir dəfə o, bütün dostlarına, tanışlarına gedib baş çəkmək istədi ki, görsün onlar necə dolanırlar. Həm də özünə yaxşı bir yoldaş – ər axtarıb tapmaq fikrinə düşmüşdü ki, ömrünü onunla başa vursun.

O, özünə soğan qabığından paltar tikdi, geyindi, başına badımcan qabığından çadra örtdü, püstə qabığından özünə ayaqqabı düzəldib geydi və yola düzəldi.

O getdi, getdi, gəlib göyərtisatanın dükanına çatdı. Göyərtisatan gördü ki, Süsəri bir geyinib-kecinib ki, gəl görəsən, ondan soruşdu:

– Süsəri xala, hara gedirsən?

– Süsəri xala sən özünsən! Mən gül kimi gözələm, gözəllikdə mənə tay tapılmaz, sən mənə deyirsən ki, Süsəri xala!

– Bəs sənə nə deyək?

– Deginən ki, ay qardaşım qızı, donu qırmızı, təzə başmaqlı, yaxşı yol!

Göyərtisatan ona dedi:

– Ay qardaşım qızı, donu qırmızı, təzə başmaqlı, yaxşı yol! Sən hara gedirsən?

Süsəri xala onda belə cavab verdi:

– Gələn ay Ramazandır, mən gedən şəhər Həmədandır, gedirəm özümə yoldaş tapım, tək qalıb darıxmayım!

– Mənə gələrsənmi? – deyə göyərtisatan soruşdu.

– Gələrəm. Ancaq de görüm ki, işdir, birdən dalaşdıq, onda məni nə ilə döyəcəksən?

– Çəki daşlarıyla səni şil-küt edərəm...

– Ah, yox, mən sənə ərə getmərəm...

Süsəri xala yoluna davam etdi, gəlib qəssabın dükanına çatdı. Qəssab onu geyinib-kecinmiş görüb soruşdu:

– Süsəri xala, hara gedirsən?

– Süsəri xala sən özünsən! Mən gül kimi qəşəngəm, gözəllikdə mənə tay tapılmaz, sən də durub mənə deyirsən ki, Süsəri xala!

– Bəs nə deyim?

– Deginən ki: ay qardaşım qızı, donu qırmızı, təzə başmaqlı, yaxşı yol!

Qəssab da ona deyir:

– Ay qardaşım qızı, donu qırmızı, təzə başmaqlı, yaxşı yol! Sən hara gedirsən?

– Gələn ay Ramazandır, getdiyim şəhər Həmədandır, gedirəm özümə yoldaş tapım, tək qalıb darıxmayım.

– Mənə gələrsənmi? – deyə qəssab soruşdu.

– Gələrəm. Ancaq bir de görüm, işdir, birdən dalaşdıq, onda bəs məni nə ilə döyərsən?

– Bax, bu ətkəsən böyük bıçaqla!

– Aha, sən belə imişsən! yox, sənə getmərəm...

Süsəri xala qəssabın dükanından çıxdı. Cənab siçan – ağayiMuş qaça-qaça gəlib ona çatdı. O, göyərtisatanın dükanında imiş. Süsəri xalanın dükançı ilə olan söhbətini başdan-ayağa hamısını eşidibmiş. Odur ki, siçan onun dalınca qaça-qaça deyirdi:

– Ay qardaşım qızı, donu qırmızı, təzə başmaqlı, yaxşı yol! Hara gedirsən?

– Ey əsl-nəcabətli, uzun şalvarlı! Gələn ay Ramazandır, getdiyim şəhər Həmədandır, gedirəm özümə yoldaş tapım, tək qalıb darıxmayım.

– Mənə gələrsənmi? – deyə ağayi-Muş ondan soruşdu.

– Gələrəm. Yaxşı, əvvəl bir de görüm ki, işdir, birdən dalaşdıq, onda məni nə ilə döyəcəksən?

– Mən öz yumşaq və nazik quyruğumu sürməyə batırıb sənin qəşəng qaşlarının üstündən gəzdirərəm.

– Əgər belədirsə, onda sənə gedərəm. Nə üçün də getməyim!?

Onlar bir yerdə yeyib-içib ömür sürməyə başladılar. Bir dəfə ağayi-Muş şah sarayından yeməyə şey gətirməyə getdi, Süsəri xala da çirkli paltarları yığıb gölməçədə yumağa apardı. Gölməçə dəvə ləpirindən böyük olmazdı.

Süsəri çuxurun qırağına gəldi, ayağı sürüşüb suya yıxıldı. Süsəri xala qorxub özünü itirdi. Birdən gördü ki, yaxınlıqdan bir atlı keçir. Ona belə dedi:

– Ay atlı, atının quyruğu qanadlı! Ağayi-Muşa deyin ki, onun xanımı yıxılıb su çuxuruna düşübdür!

Bu atlı da padşahın qoşunundan idi. Saraya gəlib bu gülməli əhvalatı padşaha və vəzirə danışdı. Onlar buna xeyli güldülər. Xoşbəxtlikdən siçan da burada, yaxınlıqda imiş, atlının danışığını eşitdi.

O, tez qaçıb özünü Süsəri xalaya yetirdi. Çuxurun başına hərlənib haray-həşir saldı:

– Ay rəfiqəm! Ay canım-ciyərim! Əlini tez mənə ver – səni çəkib çıxardım!

– Yox, yox, mənim əlim nazikdir, qırılar!

– Onda ayağını ver!

– Yox, yox, ayağım nazikdir, qırılar!

– Bəs mən nə edim?

– Get mənim üçün nərdivan gətir, mən özüm çıxaram.

Ağayi-Muş tez göyərtisatanın dükanına qaçdı, bir dənə kök götürüb tez iti dişlərilə onda diş-diş yer açdı və gətirib Süsəri xalaya verdi. Yazıq Süsəri sudan çıxıb yorğan-döşəyə düşdü, çünki ona bərk soyuq dəymişdi.

O, ağayi-Muşa tapşırdı ki, onun üçün şorba bişirsin. Siçan yekə bir qazanı ocaq üstə qoyub altını alışdırdı. Çömçə ilə şorbanı qurdalamağa başladı.

Qarışdırdı, qurdaladı, axır ki, qazanı yıxıb dağıtdı. Şorba döşəmənin üstünə töküldü, buğu tavana qalxdı. Süsəri xala da buğun içində görünməz oldu. Ağayi-Muş özünü itirdi. Süsəri xala isə buğun içindən ona qışqırdı:

– Eybi yoxdur, ağayi-Muş, mənim sadiq ərim! Şorba dağılıb buğu qalxdı, – bu yaxşıdır. Mən qızınaram, tez yaxşı olaram – lap yaxşı oldu!

Bax, Süsəri xalanın başına bu cür əhvalatlar gəlmişdi.