Məzmuna keç

Səba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdin

Vikimənbə saytından
Səba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdin
Müəllif: Məhəmməd Füzuli


Səba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdin,
Təni-məhzunə candan, canə canandan xəbər verdin.

Xəzani-qəmdə gördün iztirabın bülbüli-zarın,
Bahar əyyamı tək gülbərgi-xəndandan xəbər verdin.

Sözünü vəhyi-nazil gər der isəm hiç küfr olmaz,
Cəhanı tutmuş ikən küfr, imandan xəbər verdin.

Dedilər yar, üşşaqin gəlir cəm etməyə könlün,
Məgər kim, yarə üşşaqi-pərişandan xəbər verdin.

Süleyman məsnədindən divi-gümrəh rəğbətin kəsdin,
Dənizdə xatəmi-hökmi-Süleymandan xəbər verdin.

Füzuli, ruzigarın tirə oldu şami-hicrandan,
Nəsimi-sübh tək xurşidi-rəxşandan xəbər verdin.