Səba zülfün nəsimindən cahanı cümlə can etdi
Səba zülfün nəsimindən cahanı cümlə can etdi Müəllif: İmadəddin Nəsimi |
Səba zülfün nəsimindən cahanı cümlə can etdi,
Dəmindən gör səba zülfün ki, nə canlar rəvan etdi.
Boyundur sidrəvü tuba, üzündür cənnətü hura,
Xətü xalın kəlam oldu, bu əsrarı bəyan etdi.
Götürdü pəri üzündən yədullah, ey qəmərtəl’ət,
Bu həq dastan ilə gör kim, nə mə’nilər əyan etdi.
Nə gülşəndir üzün bağı ki, rə’na çiçəgi anın
Cahanı rəngü buyindən tikənsiz gülsitan etdi.
Əbirü ənbərü udun sınıxdır qədrü bazarı,
Müənbər zülfünü ta kim, səba ənbərfəşan etdi.
Yaşıl lövh üstünə həqdən yazılmış on iki ayət,
Qaşın vəhyi bu ayatın rümuzun tərcüman etdi.
Rüxün narıdır ol atəş ki, dudi-iştialından,
Kəlimüllah yol bulduvü həq həft asiman etdi.
Qəzadır qaşların qövsi, qədərdir kirpigin səhmi,
Məni amac üçün eyənin bu mə’nidən nişan etdi.
Xətü xalindən, ey dilbər, ələlərş-istiva rəhman,
Budur şol müşkül ayət kim, üqulu bizəban etdi.
Üzündür qibleyi-iman, qaşınla kirpigin Qur’an,
Budur şol abi-heyvan kim, ləbində həq nihan etdi.
Məkanü kanə sığmaz çün qədimin zati-bimisli,
Nəsimi kafü nun oldu, məkanın laməkan etdi.