Səbrim alıb fələk, mənə yüz min bəla verər
Görünüş
Səbrim alıb fələk, mənə yüz min bəla verər Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.138. |
Səbrim alıb fələk, mənə yüz min bəla verər,
Az olsa bir məta’, ona el çox bəha verər.
Düşdüm bəlayi-eşqə, xirədməndi-əsr ikən,
El şimdi məndən aldığ pəndi mana verər.
Sanmın əcəb, rütəb yerinə versə lə’li-tər
Nəxli ki, qan yaşım ona nəşvü nəma verər.
Xaki-dərindir ol ki, dünü gün səvab üçün,
Həm ayə sürmə, həm günəşə tutiya verər.
Qılmaz qəbul surəti-iqbal bunca kim,
Ayineyi-vücuduma cövrin cila verər.
Ney kimi cismim oldu oxundan dəlik-dəlik,
Dəm urduğumca yerli-yerindən səda verər.
Hər dərdsizdən umma, Füzuli, dəvayi-dərd,
Səbr eylə, kim ki, dərd veribdir, dəva verər.