Məzmuna keç

Sədaqətli dostlar haqqında

Vikimənbə saytından
Sədaqətli dostlar haqqında
Müəllif: Qasım bəy Zakir
Qasım bəy Zakir. Seçilmiş əsərləri. Bakı, "Yazıçı", 1984, 98 səh.


Bir tısbağa, bir kəsəyən, bir qarğa
Yoldaş olmuş idi bundan sabiqa.

Pakizə məkanda tutuban vətən,
Asibi-dəhrdən asudə, eymən.

Övqat keçirirdi yazü, yayü, qış,
Eyşü nuşə məşğul idi bitəşviş.

Bir ahu şol yerə eyləyib güzar,
Üç ikən həmdəmü həmrah oldu çar.

Səhərdən dağılıb hərə bir yana,
Günorta zamanı gəlib məkana,

Başından keçəni eylərdi söhbət;
Bu hal ilə dolandılar bir müddət.

İttifaqən, bir gün gəlməyib ahu,
Aldı yoldaşların canını qayğu.

Qarğaya dedilər- odur, aç pərü bal,
Gətir biçarədən bizə bir əhval.,

Şayəd ki, fəqiri, xudanəgərdə,
Damə salmış ola səyyad bir yerdə".

Biməksü təvəqqəf ovcə qalxıb zağ,
Dolanıb hər tərəf edərkən soraq,

Gördü ki, heyvanı səyyadi-birəһm,
Üqubəti-həqdən eyləməyib vəhm,

Tutub, əl-ayağın bağlayıb möhkəm,
Atıb günə qarşı, özü gedib həm.

Dami-təzvirini qurubdu genə,
Şayəd özgə şikar sala çənginə,

Ahuyi-pabəndə verib təsəlli,
Qanadı on isə, eyləyib əlli.

Gəlib həmrəhlərə gətirdi xəbər,
Bir parə naləvü şiyvən etdilər.

Təkəllümə gəlib dedi kəsəyən:
"Onun əncamını yaxşı billəm mən.

Məni qanadının üstünə götür,
O yer ki, ahunu görübsən, yetir.

Be-hövli-qüvveyi-xaliqi-zülmən,
Bir ləhzədə bəndin parə qıllam mən",

Bu tədbiri həmə eyləyib pəsənd,
Oldular, filcümlə, dilşadü xərsənd.

Kəsəyəni qarğa alıb dalına,
Olan gücün verib pərü balına,

Bir zaman yetirdi ahuya muşi,
Qalmamışdı səbrü qəraru huşi.

Zərbi-dəndən ilə kəsib kəməndin,
Bir əndək qalmışdı dəf edə bəndin

Gördülər tısbağa üftanü xiyzan,
Özünü yetirdi şol yerə ıalan.

Zəbani-təərrüz etdilər diraz,
Söylədilər: "bu nə işdi, anlamaz?

Nə fikr ilə gəldin burayə, görək,
Səndən bizə olacaqdı nə kömək?

Məgər ki, kələndə səyyadi-pürfəm
Biz qaçaq, qalasan aralıqda sən

O da bizə ola əlaһəddə dağ,
Gərəkdi dübarə calaq əl-ayağ".

Dedi; "ey yarani-ba-istiqamət,
Ayini-dostluqda deyil mürüvvət —

Aşinanın biri gəzə asudə,
Şol birisi qala damən-qayğuda.

Girəm ki, məsrəfim yoxdur bir karə,
Necə dura billəm sizdən kənarə?

Tanrı o yoldaşa eyləsin qəzəb!
Kim, dari-dünyada ola xüdtələb!

Üç həmrəһi-sadiq tək olsun azad,
Mənimki səhldir, hərçi bada-bad!"

Gövtkunu bunlar etməmiş təmam
Gördülər ki, gəlir mərdi-bədənçam,

Həmrəhi-carümdən əl çəkib naçar,
Ahu, siçan, qarğa etdilər fərar.

Səyyad gəlib ol məqamə yetişdi
Kim, ahunu nabənd edib getmişdi.

Baxıb hər tərəfə etdi nəzarə,
Görmədi, be-ğeyr əz rismani-parə.

Bir də bir tısbağa zaru sərkərdən,
Yaşınmaq qəsdilə dolanır hər yan.

Bəs ki, çox yüyürüb eniş-yoxuşa,
Ov tapmayıb əli çıxmışdı boşa.

Tısbağanı labüd torbaya saldı,
Ağzını bağlayıb dalına aldı.

Yornuq köpək kimi ovçu ahəstə
Yol başladı, ixtiyarı küsəstə.

Qarğa dövr eyləyib ovci-həvadə,
Baxardı əməli-ibni-Ziyadə.

Gətirdi həmrəhi-fərarə xəbər,
Hali binəvadən olub mustəһzər,

Muşi-sahibi-huş tapıb bir tədbir,
Dedi: "durmaq vəqti deyil, ey nəxcir!

Sən eylə məkr ilə payını axsaq,
Səyyadın önundə dolan bir səyaq,

Fikr eyləsin asan tutacaq səni,
Xəyali-xam ilə atıb kisəni,

O olsun şikarın tutmağa məşğul,
Mən ollam torbanı yırtmağa məşğul.

Ol zaman ki, qarğa eylədi səda,
Bil ki, tısbağanı etmişəm rəha.

Səbr eylə bir qədər ta ki, biz qaçaq,
Sən də sıçrayıb gəl yenə qarışaq".

Bu məkr ilə oldu du məhbus azad,
Qayıdıb gəldilər məsrurü dilşad.

Bu məsəlin vardır ona nisbəti:
Bir kəsin bir kəsə ola ülfəti,

Gərək zar olanda, o da zar ola,
Həmişə dostundan xəbərdar ola.

Nəinki dost qala dami-bəladə,
O gəzə arxayın dəştü səһradə.

Həm dəxi həqarət gözilə, zinhar,
Baxıb bir adəmə eyləmə inkar.

Hər meşəyə güman aparma boşdur,
Xudbinlik kişiyə nə kari-xoşdur.

Yazıbdır Sədiyi-şirinkəlam,
Əmləhüş-şüəra, arifi-əyyam;

"Hər bişə güman məbər ki, xalist,
Şayəd ki, pələnk xüfte başəd".