Məzmuna keç

Səfavü zövqi-dünyaya, könül, aldanma, al eylər

Vikimənbə saytından
Səfavü zövqi-dünyaya, könül, aldanma, al eylər
Müəllif: İmadəddin Nəsimi
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.216.

Səfavü zövqi-dünyaya, könül, aldanma, al eylər,
Səni salar bu sevdaya, özü qeyri xəyal eylər.

Əgər beş gündə bu dövran sənə əl versə, ey aqil,
Ki, şadlıq göstərər bir dəm, dönər yüz min məlal eylər.

Yığınca munca əsbabı yeri, sən bir kamal istə,
Əcəl yeli əsər bir gün ana çox-çox zaval eylər.

Əgər aşiq isən tərk et, nedərsən munca əsbabı,
Olar ki, eşqə qərq oldu, qaçan sevdayi-mal eylər.

Günəş dutuldu dedilər nəzər qıldım camalına,
Üzünə zülfüdür düşmüş, bu el yanlış xəyal eylər.

Yığıb yedirməyən kişi sinində mar olur malı,
Sağı sözdür ki, assi varsa boynunda vəbal eylər.

Nəsimi xəstəyə sənsiz Süleyman mülkünü versən,
Ol anı bir çöpə saymaz, təmənnayi-vüsal eylər.