Məzmuna keç

Səgridir cilvəyə ol sərv səməndin yenəməz

Vikimənbə saytından
Səgridir cilvəyə ol sərv səməndin yenəməz
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.147.

Səgridir cilvəyə ol sərv səməndin yenəməz,
Kim onu görsə fəğan etməyə kəndin yenəməz.

Gərçi şümşad lətafətdə çəkibdir gögə baş,
Naz bəhsində onun sərvi-büləndin yenəməz.

Eylə divanəligə düşdü könül kim, dildar
Salsa gər boynuna həm zülfi-kəməndin yenəməz.

Qaça bilməz dili-divanə saçın qeydindən,
Netsin, ol vəhşi ayağındakı bəndin yenəməz.

Edəməz mən’ Füzulini qədəhdən zahid,
Hiç kim kuyi-xərabat ləvəndin yenəməz.