Məzmuna keç

Səhnə xanım

Vikimənbə saytından
Səhnə xanım
Müəllif: Aşıq Cəfər
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05.


Bir qız gördüm Gözəldərə elində
Küsmə aşiqindən gül, Səhnə xanım.
Gözüm qaldı zənəxdanda, telində,
Sallan bizə sarı gəl, Səhnə xanım.

O qələm qaşların canımı aldı,
Qıya baxıb bu cismimə od saldı.
Məşuqun üç gecə mehmanın oldu,
Qurban olsun sənə el, Səhnə xanım.

Aşıq Cəfər dərdə düşkün adamdı,
Dilin şəkər, dodaqların badamdı,
Anam Şaban, Məmişoğlu ataradı,
İstərsən xəbər al bil, Səhnə xanım.