Məzmuna keç

Səmtinə (Nəbi Miskin)

Vikimənbə saytından
Səmtinə
Müəllif: Nəbi Miskin
Mənbə: Şair Nəbi Borçalı. Sığındım Mövlaya. Bakı, “Çıraq” nəşriyyatı, 2013. səh.131

Binə qursan sarayların səmtinə,
Arif gətir, nəzər salsın səmtinə.
Mən aşiqəm səmtinə,
Oxu dərsin səmtinə.
Səyyad oldum bərədə,
Kaman qurdum səmtinə.
İzin verin qoşun çəkim səmtinə,
Əhdaz qurum irasdına, səmtinə.

Ustadların dərsi bir ağ rəng olu,
Oxudum dərsimi birağ rəng olu.
Əzizim ağ rəng olu,
Qar yağar, ağ rəng olu.
Son mənzilə gedəndə
Libasım ağ rəng olu.
Dərya təlatümü bir ağ rəng olu,
Mənzilim uzaqdı səmti-səmtinə.

Şair Nəbi, niqab tutub üzünə,
Cərgəsində əllisi nə, yüzü nə,
Mən aşiqəm yüzü nə?
Qələm çəkib yüzünə,
Gözləm atəşindən,
Şölə düşüb üzünə,
Dörd aynadı, üç xal düşüb üzünə,
Əcəb düzülübdü səmti-səmtinə.