Məzmuna keç

Sənə mənzil cahanda, ey Fəlatun, Dilməqan olmuş

Vikimənbə saytından
Sənə mənzil cahanda, ey Fəlatun, Dilməqan olmuş
Müəllif: Məhəmməd Əmin Dilsuz
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Sənə mənzil cahanda, ey Fəlatun, Dilməqan olmuş,
Mənim darün-nişat içrə işim ahü fəğan olmuş.

Misali-əndəlibəm düşmüşəm mən ayrı gülşəndən,
Gül üzlüm, firqətindən bu əlif qəddim kəman olmuş.

Çıxan gündən yəqin et xitteyi-Təbrizdən guya
Dağılmış zülmdən bu xaneyi-eyşim, viran olmuş.

Gecəm il, gündüzüm qarə, kəsim yox, həmdəmim nalə -
Ki, bir badi-səba guya mənimlə həmzəban olmuş.

Xəyal etmə deyil Təbrizdə sən gördüyün Dilsuz,
Çəkib əzbəs qəmü möhnət, bu yerdə nimcan olmuş.