Sənə qurban (Aşıq Abbas Tufarqanlı)
Görünüş
Sənə qurban Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Qadasın aldığım, nədən məlulsan?
Əgər lal isənsə, dil sənə qurban!
Gümüş neştər ilə tökdün qanımı,
Nazik əllərinlə sil, sənə qurban!
Mal gedər otlayar dağın içində,
Piltə şölə verər yağın içində,
Bağbanı dindirdim bağın içində,
Dedi: süsən, sünbül, gül sənə qurban!
Başına döndüyüm, gözləri xəndan,
Turunclar baş verib çıxıb yaxandan,
Dedim: gözəl, bir busə ver o xaldan,
Acıqlandı dedi: al, sənə qurban!