Məzmuna keç

Sənəm (Məhəmməd bəy Aşiq)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Sənəm
Müəllif: Məhəmməd bəy Aşiq
təcnis
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Nə müddətdi həsrətini çəkirəm,
Bircə üzün görüm ay ağa Sənəm!
Hicranın əlindən xəstə düşmüşəm,
Daha dura bilməm ayağa, Sənəm!

Cavan ömrüm necə verdin bada gör,
Firqətindən nə xətt, qəddim bada gör,
Ləlin ilə bəhs eləmiş bada gör,
Onunçün tez düşər ayağa, Sənəm!

Cadu gözlü, oxşar üzün səhr aya,
Xalu-xəttü-zülfü-ruyin, səhr aya,
Yüz naz ilə sən çıxanda səhraya,
Gün gizlənir, olur ay ağa, Sənəm!

Gör nələr xəlq edib tarı zülfündə,
Görməyibdi eyni, tarı zülfündə,
Mürği-dil bağlanıb tari-zülfündə,
Qoymagilən düşsün a yağa, Sənəm!

Aşiqəm hüsnünə ay aman, gözəl!
Baxmaram zərrəcə aya mən, gözəl!
Ləblərin şəhdindən ay əmən gözəl,
Meyl eləməz qəndə, bal, yağa, Sənəm!