Sənəm səni

Vikimənbə saytından
Sənəm səni (XIX əsr)
Müəllif: Dollu Mustafa
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Gördum səhər bulax ustə,
Sənəm səni, Sənəm səni.
Xəlq eyləyib əcəb nəstə,
Sənəm səni, Sənəm səni.

Doymaq olmaz qələm qaşdan,
Sənin kimi bağrı daşdan,
Seçəmmədim yaşılbaşdan,
Sənəm səni, Sənəm səni.

Ağ üzdə xalı bənövşə,
Könül həsrət yumru döşə,
Axtarır gözüm həmişə,
Sənəm səni, Sənəm səni.

Gül camalın bədirli ay,
Qaşlarındı qurulu yay,
Eyləmərəm dünyaya tay,
Sənəm səni, Sənəm səni.

Əskik olmaz gözəl, xatan,
Dol Mustafa sənin butan,
Verməz mənə zalım atan,
Sənəm səni, Sənəm səni.