Məzmuna keç

Sənəma, üzün gülündən gülə-gülə gül utandı

Vikimənbə saytından
Sənəma, üzün gülündən gülə-gülə gül utandı
Müəllif: İmadəddin Nəsimi

Sənəma, üzün gülündən gülə-gülə gül utandı,
Xəcil eylədi dodağın şəkəri, nabatı, qəndi.

Qara qaşların yayından mana kirpik oxun atar,
Ala gözlərin məgər kim, yenə qanıma susandı.

Sitəm etmək ilə haşa ki, könül usana səndən,
Kimə aydayım ki, anın sitəmində can usandı.

Gözünü düzüb süzərsən, dilü cana qəsd edərsən,
Bu nədir ki, sən qılırsan, çələbim, bəgim, əfəndi?

Nə bahaya qiymət etsəm səni, ey şikari-dövlət
Ki, cahan mətahi dəyməz qılına saçın kəməndi.

Dünü gün iki gözümdən axıdır ənar danə,
Cigərim qanilə gör kim, bu yüzüm nə xoş boyandı.

Qara sünbülün niqabı ki, hicabı düşmüş aya,
Götür, ey sənəm, üzündən ki, Nəsimi oda yandı.