Məzmuna keç

Sən bilirsən

Vikimənbə saytından
Sən bilirsən
Müəllif: Qövsi Təbrizi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Könlümdəki muradım,
Ey yar, sən bilirsən.
Hər dil ki, bilmərəm mən
Dildar, sən bilirsən.

Mən sanma meypərəstəm,
Saqidən ötrü məstəm,
Mən bir binayi-pəstəm,
Memar-sən, bilirsən.

Qəmzən atanda bir ox,
Qaşın yayın çəkər çox.
Könlümdə tab gər yox,
Gər var, sən bilirsən.

Gəlməz fəğan elimdən,
Üzr istə qatilimdən,
Ona mənim dilimdən
Yalvar, sən bilirsən.

Gər könlümü alırsan,
Gər yüz çin öldürürsən,
Dildar, sən bilirsən,
Qəmxar, sən bilirsən.

Qövsi sənin xərabın,
İçmiş sənin şərabın,
Olmuş sənin kəbabın,
Xunxar, sən bilirsən.