Məzmuna keç

Sən gözümdən ayrı düşsən, ruh bədəndən ayrılar

Vikimənbə saytından
Sən gözümdən ayrı düşsən, ruh bədəndən ayrılar
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 86

Sən gözümdən ayrı düşsən, ruh bədəndən ayrılar,
Gəl, rəva görmə yetim qalsın diləklər, sevgilim.

Varlığımsan, ömrümün mənasısan, dilbər qadın,
Sən gedərsən, yaş tökər sənsiz bəbəklər, sevgilim.

Getmə, qal yanımda, ruhum səndən alsın ilhamın,
Sən gedərsən, qəm məni-nalanı təklər, sevgilim.

Varlığın nurdan lətifdi, surətin aydan gözəl,
Sanki Xaliq hüsnünə düzmüş bəzəklər, sevgilim.

Sən mənimsən, mən sənin, məndən çıxıb sənləşmişəm,
Yüz dəfə biganələr qursun kələklər, sevgilim.

Biz ölüb getsəkdə bir gün, sevgimiz mütləq yaşar,
Bizləri yad eyləyər aşiq ürəklər, sevgilim.

Sözləriylə hüsnünə heykəl qoyur şair Vüqar,
Saçların aç tök, sığal çəksin küləklər, sevgilim.