Sən gedib məndən alandan məni qaldım sənsiz
Görünüş
Sən gedib məndən alandan məni qaldım sənsiz Müəllif: Vüqar Biləcəri Tərcümə edən: Hüseyn Cəlilov |
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 79 |
Sən gedib məndən alandan məni qaldım sənsiz,
Gəlmədin, gözləri yollarda qocaldım sənsiz.
Bir qərib şam işığı, bir həzin hicran otagi,
Sənlə birlikdə keçən günlərə daldım sənsiz.
Eşq bazarına getdim, belə sevda etdim,
Fərəhi, nəşəni satdım, kədər aldım sənsiz.
Getmisən, badeyi-hicran içirəm, ey daşürək,
Vəsl peymanəsini daşlara çaldım sənsiz.
Hicr döndərdi könül mülkünü qəm vadisinə,
Neçə qəmlə dolu karvan yola saldım sənsiz.
Taleyim qarə, günüm qarədi, bəxtim qarə,
Məni hər gün qara basdıqca qaraldım sənsiz.
Ayrılıq bağçalarından sarı güllər dərdim,
Sarı güllər kimi həsrətdə saraldım sənsiz.
İntizarında nələr çəkdi Vüqar bəxtiqara,
Səni hər qəmli küləkdən xəbər aldım sənsiz.