Sən məni
Görünüş
Sən məni Müəllif: Aşıq Hüseyn Bozalqanlı |
A bimürvət, firqətindən xəstəyəm,
Çəkirsən zülfünlə dara sən məni.
Gecə-gündüz həsrətini çəkməkdən,
Yandırdın atəşə, nara sən məni.
Gözlərindi bu dərdimin əlacı,
Teşnəyəm, ləblərin olum möhtacı,
Pünhan-pünhan nə baxırsan qıyqacı,
Könlüm istər gör aşkara sən məni.
Gah ləzzətin şəhdü-şəkər dad olur,
Gah da qəlbin dönür bizdən yad olur,
Deyirsən, gülürsən könlüm şad olur,
Ağladırsan tez dübarə sən məni.
Bir dəfə qədəmin xoş güzar oldu,
Onda zimistanım növbahar oldu,
Bəs niyə dostluğun te bahar oldu,
Niyə saldın bəxtəvərə sən məni.
Hüseyn bir şeydadır, qonub budağa,
Sərraf istər lələ qiymət qoymağa,
Vədə verdin qayıtmadın otağa,
Həmdəm etdin dörd divarə sən məni.